Bakıda “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” keçiriləcək
19 May 2009 Çərşənbə Axşamı 13:10
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci ildə baş tutacaq

 

2011-ci ildə Bakıda “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu barədə qərar 1-13 may tarixində Avropa Şurasının Mədəni irs üzrə rəhbər Komitəsinin və 14-15 may tarixində Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Plenar iclaslarında qərar verilib. İclasda Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri vəzifəsini icra edən Vasif Eyvazzadə iştirak edib.

İclaslarda xüsusi olaraq 13-15 oktyabr tarixində Bakıda keçirilməsi planlaşdırılan İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransına dəvət ediləcək Avropa dövlətləri barəsində müzakirələr aparılıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan dövlətinin mədəniyyət sahəsində həyata keçirilən tədbirlər və mədəniyyətlərarası dialoqun təşviq olunması ilə bağlı təşəbbüsləri barəsində çıxış edərək 2010-cu ildə Bakıda Avropa və onun qonşu regionlarının mədəniyyətlərarası dialoq üzrə milli koordinatorlarının görüşü, 2011-ci ildə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun, 2009-cu ilin payızında Avropa Şurası və Azərbaycanın birgə layihəsi olan Sənətçilər dialoq naminə layihəsi çərçivəsində Şərq-Qərb Kino Festivalının, 2010-cu ildə Şərq-Qərb Rəqs Festivalı və Beynəlxalq Jazz Festivalının keçirilməsinin planlaşdırıldığını bildirib. Azərbaycan tərəfindən irəli sürülən təkliflər “Bakı Prosesi”nin davamına dair qərar sənədinə daxil edilib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar