Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı
09 Aprel 2011 Şənbə 01:53
Əbülfəs Qarayev: “Biz fərqli məkanlarda yaşasaq da, fərqli mədəniyyətləri təmsil etsək də arzumuz birdir: sülh, xoşbəxtlik, firavanlıq, sağlamlıq”
“Gülüstan” sarayında Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub. Mərasimdə Britaniya Şurasının mədəni əlaqələr üzrə “Counterpoint” elmi-araşdırma mərkəzinin direktoru xanım Katrin Fieski Forumda müzakirə olunan mühüm əhəmiyyətli məsələlərin qısa icmalını verib. Forumun, sözün həqiqi mənasında, uğurlu keçdiyini deyən xanım K.Fieski Azərbaycanın müdrik rəhbərliyinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edib. Zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsinin dünya miqyasında çox böyük hadisə olduğunu deyən K.Fieski Prezident İlham Əliyevin Forumun açılış sessiyasında iştirak etməsinin və dərin məzmunlu nitq söyləməsinin bütün iştirakçıları olduqca şərəfləndirdiyini vurğulayıb. O, bildirib ki, Azərbaycan Prezidentinin Forumda dərin məzmunlu nitqi, səsləndirdiyi ideyalar, təşəbbüslər, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi ilə bağlı müraciəti hər bir iştirakçının qəlbində dərin təəssürat oyadıb. K.Fieski, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban xanım Əliyevaya Forumun “Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasında iştirakına və dərin məzmunlu çıxışına görə minnətdarlıq edib. Azərbaycanda ilk günlərdən xeyirxahlığın, səmimi qonaqpərvərliyinin şahidi olduqlarını deyən xanım K.Fieski növbəti Forumun da builki kimi uğurlu keçəcəyinə əminliyini bildirib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun bütün iştirakçılarına təşəkkür edib, tədbirin gözlənildiyindən də artıq uğurlu keçdiyini bildirib. Nazir diqqətə çatdırıb ki, bu Forumun əhəmiyyəti təkcə yeni ideyaların və təkliflərin irəli sürülməsində deyil, həm də fərqli mədəniyyətləri təmsil edən nümayəndələrin bir araya gələrək olduqca məhsuldar müzakirələr, fikir mübadilələri aparmalarındadır. Nazir əmin olduğunu bildirib ki, Forumda irəli sürülən dəyərli ideyalar müxtəlif xalqlar arasında daha yaxşı anlaşmanın əldə edilməsində, mədəniyyətlərarası əlaqələrin daha da güclənməsində böyük rol oynayacaq: “Forumun nəticəsi olaraq belə bir qərara gəldik ki, biz fərqli məkanlarda yaşasaq da, fərqli mədəniyyətləri təmsil etsək də arzumuz birdir: sülh, xoşbəxtlik, firavanlıq, sağlamlıq”.

Forumun bağlanış mərasiminin iştirakçıları belə bir yekdil qənaətə gəldiklərini bəyan ediblər ki, Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqun müvəffəqiyyətlə gerçəkləşdiyi coğrafi məkan kimi bütün dünya ölkələrinə nümunə olmağa layiqdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar