Bakıda ümumdünya mədəniyyət forumu keçiriləcək
27 Noyabr 2010 Şənbə 02:25
Azərbaycan hökumətinin, YUNESKO, İSESKO və Heydər Əliyev Fondunun himayəsi ilə keçiriləcək forumda min nəfərə yaxın qonağın iştirak edəcəyi gözlənilir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Monteneqronun xarici işlər naziri Milan Roçe və onu müşayiət edən şəxslərlə görüşüb. Qonaqları salamlayan Ə.Qarayev iki ölkə arasında mədəni əlaqələrin inkişafı barədə söhbət açıb. Nazir qeyd edib ki, biz mədəniyyət sahəsində vahid mövqelərdən çıxış edirik: “Məsələn, Monteneqronun və Bolqarıstanın mədəniyyət nazirlikləri ilə əldə edilmiş razılaşmaya görə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Bu tədbir çərçivəsində biz həmin ölkələrdə müştərək proqramlar nümayiş etdirmək istəyirik”. Nazir ölkəmizin mədəni həyatı və qarşıdakı planlar barədə qısaca məlumat verərək xatırladıb ki, gələn il aprel ayında Bakıda ümumdünya mədəniyyət forumu keçiriləcək. Azərbaycan hökumətinin, YUNESKO, İSESKO və Heydər Əliyev Fondunun himayəsi ilə keçiriləcək forumda min nəfərə yaxın qonağın iştirak edəcəyi gözlənilir.

Ə.Qarayev qeyd edib ki, Monteneqronun çox böyük turizm potensialı var və biz onunla tərəfdaşlıq etməkdə maraqlıyıq: “Bu sahədə müəyyən irəliləyişlər var. Hazırda Bakıdan Monteneqroya birbaşa reys açılması məsələsi müzakirə edilir”.

Monteneqronun xarici işlər naziri Milan Roçe səmimi qəbula görə təşəkkürünü bildirib, Bakıda səfərdə olduğu müddətdə keçirilmiş görüşlər barədə məlumat verib.Azərbaycan Prezidenti İlham Əliyevin onu qəbul etdiyinə görə minnətdarlığını xüsusi vurğulayan M.Roçe qeyd edib ki, ölkələrimiz bütün sahələrdə əməkdaşlığa qarşılıqlı maraq göstərir. Milan Roçe bildirib ki, onun səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq layihəsi hazırlanıb. O, mədəniyyət və turizm sahəsində əməkdaşlığa dair layihə hazırlanmasını da təklif edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar