Bakıda Qarabağ şikəstəsi adlı sərgi keçiriləcək
21 Fevral 2010 Bazar 13:20
Qarabağ şikəstəsi adlı sərgi əməkdar rəssam Adil Rüstəmovun əsərlərindən ibarət olacaq.
Tanınmış qrafika ustası, əməkdar rəssam Adil Rüstəmovun fevralın 24-də Vəcihə Səmədova adına Sərgi Salonunda “Qarabağ şikəstəsi” adlı sərgisinin açılış mərasimi olacaq. Azərbaycan Rəssamlar İttifaqından verilən məlumata görə, rəssamın Qarabağ mövzusuna həsr etdiyi yeni sərgisi növbəti yaradıcılıq hesabatıdır.
Məhsuldar yaradıcılığı ilə Füzuli, Əliağa Vahid, Şəhriyar, Hüseyn Cavid, Məmməd Araz və onlarla digər şairlərin təzadlı poetik dünyasına rəng işığı salan rəssamın tamaşaçılara təqdim edəcəyi 30 yeni əsər ağrılı sənətkar yaşantısı, vətəndaş mövqeyinin nümayişidir.
Adil Rüstəmov qarışıq texnikada işlədiyi Qarabağ ünvanlı qrafik lövhələrə ad verməyib. Bu əsərlərin ifadə dili kifayət qədər rəmzi-assosiativ, şərti-metaforik olduğundan kompozisiyaları təşkil edən hər bir detal “danışır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: