Bakıda Muğam Aləmi adlı II Beynəlxalq festival başlayır
14 Mart 2011 Bazar Ertəsi 05:16
Bir həftə davam edəcək festivalda dünyanın bir çox ölkəsindən muğam ustaları iştirak edəcək
Bu gün Bakıda “Muğam Aləmi” adlı II beynəlxalq festivalın açılışı olacaq. Martın 14-dən 21-dək davam edəcək açılışı axşam saat 17.00-də Beynəlxalq Muğam Mərkəzində olacaq.
Martın 15-də Akademik Opera və Balet Teatrında axşam saat 17.00-də solistlər Nəzakət Teymurova və Mənsum İbrahimovun ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oynanılacaq. Elə həmin gündə axşam saat 19.00-da Heydər Əliyev sarayında “Muğam-Latinos” un konserti, Beynəlxalq Muğam Mərkəzində isə axşam saat 20.00-də Zabit Nəbizadənin ifasında “Rast” muğamı və İraqı təmsil edən Hüsseyn Əladhaminin ifasında “Iraqi maqam” səslənəcək.
Martın 16-da axşam saat 18.00-də Filarmoniyanın səhnəsində Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin rəhbərliyi ilə “Tar, kamança və kamanlar” adlı konsert keçiriləcək. Həmin gün axşam saat 19.00-da Opera və Balet Teatrında solistlər Zemfira İsmayılova və Azər Zeynalovun ifasında Fikrət Əmirovun “Sevil” operası səhnəyə qoyulacaq. Beynəlxalq Muğam Mərkəzində axşam saat 8-də Təyyar Bayramovun ifasında “Şur” muğamı, Özbəkistanı təmsil edən Yıldız Turdıyeva “Şaşmakom” səslənəcək. Bakı Caz Mərkəzində isə axşam saat 22.00-də Əməkdar artist Salman Qəmbərov və Fəxrəddin Dadaşovun ifasında caz musiqisi axşamı keçiriləcək.
Martın 17-də axşam saat 18.00-də Dövlət Filarmoniyasının səhnəsində xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Xalq Çalğı Alətləri Orkestrinin “Zərbi-muğamlardan mahnılara” adlı konserti təqdim olunacaq. Elə həmin gün axşam saat 19.00-da Akademik Opera və Balet Teatrında Təyyar Bayramov, Şahlar Quliyev və İlahə Əfəndiyevanın ifasında Müslüm Maqomayevun “Şah İsmayıl” operası oynanılacaq. Beynəlxalq Muğam Mərkəzində axşam saat 20.00-də Cabir Abdullayevin ifasında “Segah” muğamı, Türkiyəni təmsil edən Salih Turhanın ifasında “Uzun hava” səslənəcək. Bakı Caz Mərkəzində isə axşam saat 22.00-də İsfar Sarabskinin iştirakı ilə Caz musiqisi axşamı baş tutacaq.
Martın 18-də axşam saat 18.00-də Muğam Teatrında Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq. Axşam saat 19.30-da Dövlət Marionet Teatrında Ü.Hacıbəyli “Arşın mal alan” musiqili komediyası təqdim olunacaq. Elə həmin gün axşam saat 20.00-də Beynəlxalq Muğam Mərkəzində Nəzakət Teymurovanın ifasında “Cahargah” muğamı, Hindistanı təmsil edən İndrani Mukherjeenin ifasında isə “Raqa” səslənəcək. Axşam saat 22.00-də isə Bakı Caz Mərkəzində Caz musiqisi axşamı keçiriləcək.
Martın 19-da axşam saat 19.00-da Akademik Opera və Balet Teatrında Azər Zeynalov və İnarə Babayevanın ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası təqdim olunacaq. Həmin gün axşam saat 20.00-də Beynəlxalq Muğam Mərkəzində Aygün Bayramova “Bayatı-şiraz” muğamını, Misir təmsilçisi Aicha Reduane “Nahda” ifa edəcək. Bakı Caz Mərkəzində isə axşam saat 22.00-da “İki dünya” etno-caz layihəsi təqdim olunacaq.
Martın 20-də Dövlət Filarmoniyasının səhnəsində dirijor Azad Əliyevin rəhbərliyi ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Niyazi adına simfonik orkestrinin “Sarı gəlin” adlı konserti baş tutacaq. Həmin gün saat 20.00-də Beynəlxalq Muğam Mərkəzində Simarə İmanova “Şüştər”, Teyyub Aslanov “Hümayun” muğamını, İranı təmsil edən Salar Aghılı “Makam” ifa edəcək.
Martın 21-də, festivalın sonuncu günü axşam saat 19.00-da Heydər Əliyev Sarayında “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasiminə həsr olunmuş qala-konsert təşkil ediləcək.
DOSTLARINLA PAYLAŞ: