Bakıda “Larqo Vinç – Birmada sui-qəsd” filminin premyerası olub
04 Mart 2011 Cümə 09:31
Film “Park Cinema” kinoteatrında yalnız media nümayəndələrinə təqdim olunub
“Park Bulvar” ticarət və istirahət mərkəzinin nəzdində fəaliyyət göstərən “Park Cinema” kinoteatrında Azərbaycanda ilk dəfə olaraq “Larqo Vinç - Birmada sui-qəsd” filminin yalnız media nümayəndələri üçün qapalı təqdimatı mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, təqdimatdan əvvəl kinoteatrın direktoru Namiq Quliyev çıxış edərək filmin məzmunu barədə qısa məlumat verib.

Çıxışdan sonra dram-macəra janrında ekranlaşdırılan “Larqo Vinç - Birmada sui-qəsd” filmi nümayiş etdirilib. Fransız rejissor Jerom Sall tərəfindən lenta alınan ekran əsəridə baş rolları Tomer Sisley, Şeron Stoun və Kristin Skot Tomas ifa edir.

Filmin qısa məzmunu isə belədir:

Milyarder iş adamı Nerio Vinç dünyasını dəyişir. Onun şirkətində isə savaş başlayır. İdarə heyətinin üzvləri ölmüş rəislərinin hamıdan gizlətdiyi Larqo adlı bir oğlunun olduğunu öyrənincə şoka düşürlər. 26 yaşlı macərapərəst, üsyankar ruhlu Larqo nəhəng bir korporasiyanın və milyardlarla dolların varisidir. O, atasından qalan hakimiyyəti qorumaq və atasının ölümünün səbəbini öyrənmək üçün amansız mücadiləyə girişir. Üstəlik Larqo Vinçi Birmada hərbi dəstəni maliyyələşdirərək bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilir. Bütün bu yanlış ittihamları aradan qaldırmaq üçün Larqo Vinç Birmaya yola düşür və bütün qaranlıq məqamlara aydınlıq gətirir.

Təqdimatdan sonra “Park Bulvar” ticarət və istirahət mərkəzinin nəzdində “Kitchenette” restoranının açılışı da baş tutub. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, TÜSİAB-ın nümayəndələri və digər qonaqlar iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar