Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalının vaxtı dəqiqləşib
23 Yanvar 2011 Bazar 06:00
II Beynəlxalq Muğam Festivalının açılış mərasimi martın 14-də Beynəlxalq Muğam Mərkəzində olacaq.
Martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə II Beynəlxalq Muğam Festivalı keçiriləcək. Festivalın açılış mərasimi martın 14-də Beynəlxalq Muğam Mərkəzində olacaq. Bu barədə AzərTAc-a Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə məlumat verib. O bildirib ki, artıq festivalda iştirak etmək üçün müxtəlif ölkələrdən müraciətlər var və hazırda həmin müraciətlərə baxılır. Səkkizgünlük festival çərçivəsində Bəstəkarlar İttifaqında “Azərbaycan muğamının dostları ilə görüş-konsert” və YUNESKO səviyyəsində simpozium da keçiriləcək.
Festival çərçivəsində, eyni zamanda, Bakıda “Şərqin muğam-məqam sistemləri” mövzusunda elmi konfrans təşkil ediləcək. Müsabiqənin formatında dəyişiklik edilməyib. Birinci müsabiqədə olduğu kimi, bu dəfə də festival müddətində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Lakin müsabiqənin münsiflər heyətinin tərkibi hələ məlum deyil.
Bakıda birinci Beynəlxalq Muğam Festivalı 2009-cu il martın 18-dən 25-dək keçirilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: