Bakıda Fikrət Əmirovun abidəsi açılıb
19 Sentyabr 2011 Bazar Ertəsi 13:05
Açılışda prezident İlham Əliyev iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. Açılışda Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri də iştirak ediblər.

Müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin ümumi hündürlüyü 3, 6 metrdir. Abidənin ətrafında park salınıb, abadlıq işləri aparılıb. Parkda çoxlu sayda ağac və gül kolları əkilib, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, burada istirahət üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb və abidənin önünə gül dəstəsi qoyub.
Sonra Azərbaycan Prezidenti musiqi ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, SSRİ-nin xalq artisti, “Sevil” operasının ilk ifaçısı Firəngiz Əhmədova və görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov dövlətimizin başçısına Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.
Prezident İlham Əliyev musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirib, onlarla səmimi söhbət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar