Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda uğur qazanıb
24 Noyabr 2012 Şənbə 13:23
“Doğma ocaq” sənədli filmi festivalda “Eyni fərqlilik” nominasiyasında xüsusi mükafata layiq görülüb
Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Mənim böyük məmləkətim” sənədli filmlər festivalı başa çatıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, festivalda ölkəmizi Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailov yeni ekran əsəri - “Doğma ocaq” sənədli filmi ilə təmsil edib.
Bu mötəbər sənət yarışmasında “Doğma ocaq” sənədli filmi festivalın təşkilatçıları tərəfindən “Eyni fərqlilik” nominasiyasında xüsusi mükafata layiq görülüb. Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən “Doğma ocaq” filmində Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığı özündə qabarıq formada göstərir. Bu ekran əsəri atası rus, anası azərbaycanlı olan gənc qızın ölkəmizin mədəniyyəti, adət-ənənələri haqqında əldə etdiyi zəngin məlumatlarla başlayır.
Rusiyanın “DS film” və Azərbaycanın “Sinema evi” studiyalarının müştərək istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm və Rusiya Federasiyasının Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə ekranlaşdırılıb.
Dünyanın 30-dan çox ölkəsindən rejissorların iştirak etdikləri festivalın məqsədi Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdirilib. Rodion İsmailovun bundan əvvəl lentə aldığı “Köç” filmi də ölkəmizi bir sıra beynəlxalq festivallarda layiqincə təmsil etmiş və mötəbər mükafatlara layiq görülüb.
DOSTLARINLA PAYLAŞ: