Azərbaycanın xalq artisti Sərvər Qəniyev Türkiyədə vəfat edib
04 Sentyabr 2010 Şənbə 23:00
73 yaşlı professor Sərvər Qəniyev 17 ildir Türkiyədə yaşayıb-yaradırdı.
Türkiyənin Bilkənd Universitetinin professoru, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Xalq Artisti Sərvər Qəniyev ömrünün 73-cü ilində Ankarada vəfat edib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Səfir Faiq Bağırov və diplomatik nümayəndəliyimizin əməkdaşları mərhumun ailəsinə və yaxınlarına başsağlığı veriblər. Mərhumla vidalaşma mərasimi sentyabrın 6-da Bilkənd Universitetində olacaq
Sərvər Soltan oğlu Qəniyev 1937-ci ildə Bakıda doğulub. Konservatoriya nəzdindəki onillik musiqi məktəbini skripka aləti üzrə bitirdikdən sonra Çaykovski adına Moskva öovlət Konservatoriyasına skripka ustası Sıqanovun sinfinə daxil olub. Aspiranturada təhsilini başa vurandan sonra Bakıya qayıdıb, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi işləyib.
SSRİ-nin bir çox şəhərlərində geniş konsert proqramları ilə çıxış edib. Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı olub.
1993-cü ildən Türkiyədə işləyirdi. Ankara şəhərindəki Bilkent Universitetində skripka üzrə müəllim, Akademik Kamera Orkestrinin dirijoru və Beynəlxalq Akademik Böyük Simfonik Orkestrin solisti olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: