Azərbaycanın Müəllif Hüquqları Agentliyi Sezen Aksunun “Sarı gəlin” mahnısını erməni dilində ifa e
12 Mart 2012 Bazar Ertəsi 11:39
Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) Sezen Aksunun Azərbaycanın qədim xalq mahnısı “Sarı gəlin”i erməni dilində ifa edəcəyi barədə məlumatlara münasibət bildirib.
MHA-dan APA-ya verilən məlumata görə, bununla bağlı son günlər müxtəlif KİV-də müğənninin öz dilindən məlumatlar yayılıb: “Əlbəttə, Sezen Aksunun Azərbaycan xalq mahnısını erməni dilində ifa etməsi onun öz ixtiyarındadır. Lakin yayılan informasiyalardan çıxarılan nəticə bundan ibarətdir ki, türk millətini təmsil edən və özünü türk adlandıran Sezen Aksu “Sarı gəlin”i erməni xalq mahnısı kimi təqdim edəcək. Bu isə həm Türkiyə və Azərbaycan qanunlarına, həm də hər iki dövlətin üzv olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının tələblərinə ziddir”.
Məlumatda deyilir ki, folklor nümunələrinin qorunmasına dair Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən hələlik beynəlxalq hüquqi alət qəbul edilməyib. Bununla belə, folklor nümunələrinin qorunması haqqında Azərbaycan Respublikası xüsusi qanun qəbul edib. Həmin qanuna əsasən, xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün MHA-dan icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir: “Azərbaycan qanunvericiliyinin ərazi xarakteri daşıdığını və folklorun qorunması üzrə beynəlxalq konvensiyanın qəbul edilmədiyini nəzərə alaraq folklor nümunələrinin qorunması ilə bağlı məsələlər “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyanın 15-ci maddəsinin 4-cü hissəsinin “a” yarımbəndinin müddəaları (müəllifi naməlum əsərlərə münasibətdə hüquqları müdafiə etmək həmin ölkənin müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir) əsas götürülməklə tənzimlənir. Göstərilən Konvensiyaya, həmçinin “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna uyğun olaraq MHA Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin qorunması ilə bağlı müvafiq tədbirlər görməyə səlahiyyətlidir”.
MHA bir daha bəyan edir ki, “Sarı gəlin” xalq mahnısı azəri türklərinə məxsusdur: “Tanınmış Azərbaycan bəstəkarı Cavanşir Quliyevin Agentliyə təqdim etdiyi Ekspert Rəyində bildirilir ki, “Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb. “Şur” məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə “Sarı gəlin” uzun havadır. “Uzun hava” türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəsgahının əsas şöbələrindən biridir”.
Agentlikdən bildirilib ki, MHA tərəfindən rus, ingilis və digər dillərdə nəşr olunmuş “Armyanskiye inarodnıye skazki” (Erməni yadelli nağılları) kitabında erməni ədəbi oğurluqlarını, o cümlədən “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar toplanıb: “Kitabda “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsinə göstərilən cəhdlərlə əlaqədar qeyd edilib ki, hələ 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi üzrə xüsusi bölmə yaradılmışdı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S. Komitasın (Soqomonyan) şagirdi S. Məlikyan rəhbərlik edirdi.
1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqi lüğət”inə uyğun olaraq, çoxsaylı erməni tədqiqatlarında “erməni musiqisinin dahisi” kimi təqdim olunan S. Komitas dini musiqi ilə yanaşı, üç mindən artıq mahnını da yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi təqdim edilmiş qədim Azərbaycan mahnısı “Sarı gəlin”dir. Başqa mahnılar sırasında bu mahnı da S. Məlikyan tərəfindın S. Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunub. Belə cəhdlər bu günə qədər davam edir, özü də ermənilər onu “Yes keza tesa” adı altında oxumaqdansa, “Sarı gəlin” kimi ifa etməyi daha üstün tuturlar. Bu yaxınlarda “Avropa musiqi toplusu” tərtib olunarkən ermənilər həmin musiqi incisini növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olublar. Ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təqdim edən ermənilər “Sarı gəlin” anlayışının etimologiyasını anlamağa qadirdirlər. “Sarı gəlin” sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası var. Azərbaycan dilində “gəlin” sözü “gəlmək” felindən yaranıb, “sarı” isə “bizə doğru”, deməli, “bizə doğru gələn gəlin” deməkdir. Mütəxəssislərin fikrincə, "Sarı gəlin" xalq mahnısının ən azı bir neçə yüz illər tarixi var. İntonasiyasına görə mahnı 3-4 notun üzərində qurulub. Beləliklə, “Avropa musiqi toplusu”nda erməniləşdirilmiş “Sarı gəlin” “Sarı rəngli gəlin” kimi təqdim edilib. Mahnıda bənzərsiz “neylim-neylim” nəqarəti (“mən nə edim?” mənasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanıb. Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plagiatçılar üçün əlçatmaz olub. Erməni musiqisinin banisi S. Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olub. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi “Sarı gəlin” adı ilə təqdim edir və oxuyurlar”.
MHA S. Aksuya Azərbaycan xalq mahnısı “Sarı gəlin”lə bağlı qeydləri bir daha oxumağı, bütün türk dünyası üçün son dərəcə həssas və incə bir məsələdə diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.
DOSTLARINLA PAYLAŞ: