Azərbaycanda İordaniya gəncləri günləri keçiriləcək
21 Aprel 2011 Cümə Axşamı 13:00
Azərbaycanda İordaniya gəncləri günləri keçiriləcək
Bakı – APA. İordaniyada rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov İordaniya kralı II Abdullahın qardaşı, İordaniya Milli Olimpiya komitəsinin sədri Əmir Feysəl ibn əl-Hüseyn (Kral II Abdullah Qətərdə səfərdə olduğu üçün onun səlahiyyətlərini Əmir icra edir), İordaniyanın baş naziri Maruf Baxit, İordaniyanın gənclər üzrə Ali Şurasının sədri Əhməd əl-Masarva ilə görüşlər keçirib. Gənclər və idman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, Gənclər üzrə Ali Şurada keçirilmiş geniş tərkibli görüşdə nümayəndə heyətləri iki ölkə arasında gənclər siyasəti və idman sahələrində iş təcrübəsinin mübadiləsi imkanlarını müzakirə edib, birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Burada hər iki ölkədə “Gənclər günləri”nin, gənclər siyasəti sahələrinə həsr olunmuş görüş və forumların keçirilməsi, tələbə və gənclər təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyətlərinin səfərlərinin təşkil olunması müzakirə edilib.
Görüşlər zamanı tərəflərin müxtəlif sahələrdə konkret nəticələrə yönəlmiş birgə fəaliyyətinin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Xatırladaq ki, İordaniya ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlıq üzrə saziş və tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq üzrə tədbirlər planı mövcuddur.
DOSTLARINLA PAYLAŞ: