Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq
25 Avqust 2011 Cümə Axşamı 11:04
Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib
"Azərbaycanda rəqəmli TV yayımı tam təmin edildikdən sonra analoq televiziya yayımı dayandırılacaq" Bunu YAP-ın rəsmi saytına müsahibəsində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarına əsasən 2015-ci ilədək dünya ölkələri rəqəmli TV yayımına keçidi təmin etməlidirlər.
"Artıq bəzi ölkələr buna nail olublar. Ölkəmizdə də bunu həyata keçirmək üçün Azərbaycan Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli Sərəncamı ilə ölkə ərazisində rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı təsdiq edilib. Bununla da, Azərbaycanda rəqəmli TV yayımına keçidlə əlaqədar indiyədək sınaq məqsədilə aparılan işlər genişləndirilib və əməli tədbirlər şəkilində vüsət alıb. Artıq Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran şəhərlərində və ətraf ərazilərdə MPEG-4 standartında rəqəmli TV yayımı həyata keçirilir. 2012-ci ilin yanvar ayına qədər respublika əhalisinin 85%-nin 10 TV proqramlı acıq paketli rəqəmli yayımla təmin edilməsi planlaşdırlır. Daha sonra kommersiya təyinatlı əlavə 50-60 TV proqramının yayımı da həyata keçiriləcək", deyə nazir müavini bildirib.
DOSTLARINLA PAYLAŞ: