Azərbaycan "Uşaq Eurovision"dan imtina etdi
15 İyul 2010 Cümə Axşamı 18:40
Ölkəmizin müsabiqədəki nümayəndə heyətinin rəhbəri bunun səbəblərini açıqlayıb.
Azərbaycan 20 noyabrda Belarusun paytaxtı Minskdə keçiriləcək "Uşaq Evrovisionu 2010"da iştirak etməyəcək. Azərbaycanın "Eurovision" müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Adil Kərimli ANS PRESS-ə açıqlamasında ölkəmizin bu il "Uşaq Evrovision"unda iştirak etməməyə qərar verdiyini bildirib. "Belə qərar çıxarmağımızın əsas səbəbi müsahibəyə hazırlığa çox az vaxtın qalmasıdır. İkinci səbəb isə bu müsabiqəyə külli miqdar vəsaitin xərclənməsinə rəğmən, effektin az olmasıdır. Müsabiqədə iştirak edən ölkələrin sayından bunu anlamaq olar. Bu müsabiqədə iştirakçı ölkələr "Eurovision" müsabiqəsinin iştirakçılarının sayından dəfələrlə azdır", - deyə o bildirib.
Qeyd edək ki, cəmi 14 ölkə müsabiqədə iştirak etmək üçün müraciət edib. A.Kərimlinin sözlərinə görə, müsabiqədə iştirak edəcəyini onlardan bir neçəsi rəsmən təsdiqləyib: "Bu nüans çox şeydən xəbər verir. Beləliklə, sadaladığım səbəblərə görə Azərbaycan "Uşaq Evrovision"unda iştirak etməyəcək". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: