Azərbaycan, Rusiya və Çin kinematoqrafçıları teleserial çəkəcəklər
20 Aprel 2011 Çərşənbə 15:40
Serial yaradıcı insanın məhəbbət tarixindən danışacaq
Azərbaycan, Rusiya və Çin kinematoqrafiya sahəsində birgə layihələrin reallaşdırılmasına başlamaq niyyətindədir. "Bizim ölkələrimizin rəhbərliyi siyasi və iqtisadi əməkdaşlığın inkişafı üçün çox şey edir, lakin mədəni əlaqələr qurulmasa, bu mümkün olmayacaq", - deyə Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti, Rusiya Kinematoqrafçılar Birliyinin üzvü Valeri Ruzin Bakıda bildirib.
Onun sözlərinə görə, üç ölkə arasında kinematoqrafiya sahəsində bir sıra layihələrin reallaşdırılması planlaşdırılır. "Çin kinematoqrafçıları Bakı haqqında sənədli kino çəkməyə hazırlaşırlar", - deyə V.Ruzin qeyd edib.
"Bakının tarixi və mədəniyyəti, bakılılar haqqında film çəkiləcək, bu filmin çəkilişləri bu yay başlanacaq", - deyə Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, “Çuanşizm" klassik mədəniyyət və incəsənət üzrə Pekin şirkətinin vitse-prezidenti, IX və X Avrasiya teleforumunun Beynəlxalq münsiflər heyətinin üzvü U.Szyan bildirib.
O deyib ki, həmçinin yaradıcı insanın məhəbbət tarixindən danışan Azərbaycan-Rusiya-Çin televiziya serialı çəkiləcək. "Bu, miqyaslı çəkilişlər olacaq", - deyə U.Szyan vurğulayıb.
Bundan başqa, V.Ruzin bildirib ki, mayın 8-9-da Sevastopolda Böyük vətən müharibəsində qələbəyə həsr edilmiş kino festivalı keçiriləcək ki, burada MDB ölkələrinin nümayəndələri iştirak edəcəklər, aprelin 28-də isə Birliyin yaradılmasının 20 illiyinə həsr edilmiş növbəti Avrasiya forumu keçiriləcək. "Biz elə etmək istəyirik ki, Birliyin bütün məkanında MDB-nin hər dövlətinin mədəniyyəti haqqında bilsinlər", - deyə V.Ruzin qeyd edib.
DOSTLARINLA PAYLAŞ: