Azərbaycan kinoteatrı fəaliyyətini bu ayın sonuna kimi davam etdirəcək
03 Noyabr 2011 Cümə Axşamı 18:06
Yusif Şeyxov: Azərbaycan kinoteatrı artıq özəlləşdirilib. Bu binanın artıq yeni rəhbərliyi var və nazirlik bu şəxsin kimliyindən xəbərsizdir.
Noyabrın 2-də sonuncu filmini nümayiş etdirməli olan “Azərbaycan” kinoteatrı fəaliyyətini davam etdirir. Kinoteatrın direktoru Əli Humani APA-ya açıqlamasında bildirib ki, bu ay filmlərin nümayişi bərpa olunub. Onun sözlərinə görə, ayın sonuna kimi proqram müəyyənləşib və kinoteatrın fəaliyyət müddəti uzadılıb: “İcazə verildi və biz hələlik filmlərin nümayişi davam etdiririk. Bu müddətin nə qədər davam edəcəyi isə bilinmir. Ayın 17-dən etibarən bütün dünyada olduğu kimi bizdə də “Alatoranlıq” filminin premyerası olacaq. Yəni filmlər olduğu kimi nümayiş etdirilir”. “Azərbaycan” kinoteatrının sabiq rəhbərliyi texniki avadanlıqları hələlik sata bilməyib.
Eyni binada fəaliyyət göstərən Milli Kinematoqrafiya Mərkəzinin direktoru Rafiq Hüseynov APA-ya bildirib ki, onlar artıq binadan çıxıblar və fəaliyyətlərini dayandırıblar. Onun sözlərinə görə, kinoteatrın fəaliyyət müddəti uzadılıb: “Kinoteatrın sonrakı fəaliyyəti hələ tam məlum deyil. Amma Əli müəllim hələ ki, kinoteatrın avadanlıqlarını sata bilməyib. Bu da çox pis haldır. Fikrimcə, kinoteatr kimi bir zal saxlanılacaq, amma digər yerlər başqa məqsədlər üçün istifadə olunacaq. Bu məqsədlə yenidənqurma işlərinin aparılacağı deyilir”.
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov APA-ya bildirib ki, “Azərbaycan” kinoteatrı artıq özəlləşdirilib. Bu binanın artıq yeni rəhbərliyi var və nazirlik bu şəxsin kimliyindən xəbərsizdir.
Qeyd edək ki, bu günlərdə “Azərbaycan” kinoteatrının fəaliyyətini dayandırması ilə əlaqədar film proyektoru avadanlığı, oturacaqlar, ofis təchizatı, mebel, istilik və kondisioner sistemləri, barlar üçün avadanlıqlar satışa çıxarılıb.
DOSTLARINLA PAYLAŞ: