Azərbaycan kinosu Kann festivalında
24 May 2011 Çərşənbə Axşamı 14:37
Azərbaycan kinosu Kann festivalında. Kann kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub.
64-cü Beynəlxalq Kann kinofestivalında bir çox ölkənin pavilyonları ilə yanaşı ilk dəfə olaraq Azərbaycan pavilyonu da təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan kinosu pavilyonunun rəsmi təqdimatı mayın 14-də baş tutub. Müxtəlif ölkələri təmsil edən çoxsaylı festival qonaqlarının iştirakı ilə Filmland of Azerbaijan multimediya kino bələdçisi təqdim olunub.
Qonaqlar milli kinomuzun tarixinə həsr olunmuş “Dövlət Film Fondu təqdim edir” sənədli filmini maraqla qarşılayıblar. Eyni zamanda, Azərbaycan kinosu Kann kino bazarında dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” və “Sahə” bədii filmləri ilə təmsil olunub. Qısa filmlər bölməsində həmyerlilərimizin çəkdikləri iki film nümayiş olunub. Səfər çərçivəsində Amerika və Avropanın prodüserləri ilə bir sıra işgüzar görüşlər təşkil olunub.
Festival günlərində xarici kinematoqrafçılara ölkəmizin kino çəkilişləri aparmaq üçün əlverişli təbiət və tarix obyektləri, fəaliyyətdə olan dövlət və müstəqil prodüser mərkəzləri, onların göstərdikləri xidmətlər, son illərdə çəkilmiş filmlərimiz barəsində məlumatlar təqdim olunub. Bakıdan gətirilmiş mədəniyyət və turizm mövzularında çoxlu sayda çap məhsullarına maraq göstərilirdi. Kino pavilyon tanınmış kino şirkətləri, ayrı-ayrı rejissor və prodüserlərlə işgüzar münasibətlər qurmaq, başqa ölkələrin uğurlu əsərləri ilə tanış olmaq və təcrübələrindən faydalanmaq imkanı yaradıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: