"Ayrılıq" filminin Azərbaycandakı çəkilişləri başa çatıb
06 Mart 2009 Cümə 18:15
TRT-nin Bakı təmsilçiliyinin rəhbəri: "Ayrılıq filminin Azərbaycandakı çəkilişlərinə icazə verilməməsi barədə yayılmış xəbərlər doğru deyil"

 

"Ayrılıq" filminin Azərbaycandakı çəkilişləri artıq başa çatıb. Bu barədə ANSPRESS-ə filmin sifarişçisi TRT-nin (Türkiyə Radio Televizyon Qurumu)  Bakı təmsilçiliyinin rəhbəri Muhsin Yıldırım məlumat verib. TRT təmsilçisi bir neçə gün öncə Türkiyə mətbuatında "Ayrılıq" filminin Azərbaycandakı çəkilişlərinə icazə verilməməsi barədə yayılmış xəbərlərin həqiqəti əks etirmədiyini bildirib: “Filmin çəkilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunmuşdu. Çəkiliş qrupu martın 2-də Azərbaycana gəldi. 3 gün ərzində Azərbaycandakı çəkilişləri başa çatdıran qrup dünən Azərbaycanı tərk edib”.

M. Yıldırım TRT-nin sifarişi ilə çəkilən serialın sevgi mövzusunda olduğunu, filmin ana xəttinin türkiyəli oğlanla azərbaycanlı qızın sevgisindən bəhs etiyini deyib: “Bu filmdə Türkiyə türkü, Azərbaycan türkü, çeçen və rus xarakterləri var. Serialın əsas məqsədi Türk respublikaları arasındakı qardaşlıq bağlarını inkişaf etirməkdir. Serialın ilkin variantda 13 seriyadan ibarət olması planlaşdırılıb. Əgər geniş izləyici kütləsinin marağına səbəb olarsa, serialın çəkilişlərinin davam etdirilməsi də mümkündür".

M. Yıldırımın sözlərinə görə serialda Azərbaycanın əleyhinə heç bir şey yoxdur. "TRT-nin sifarişi ilə çəkilən filmda Azərbaycanın əleyhinə bir şey olması mümkün deyil. Türkiyə mətbuatında serial barədə yayılmış iddialar provokasiya xarakterli ola bilər.”

Muhsin Yıldırım Ermənistanda  çəkilişlərin aparılmasının nəzərdə tutulmadığını bildirib.Onun sözlərinə görə filmin  Azərbaycanla yanaşı, Türkiyə, Təbriz, Gürcüstan  ( Tiflis), Türkmənistan (Türkmənbaşı, Aşqabad), Özbəkistanda (Hivə) çəkilişləri aparılacaq. Baş rollarını Ərdal Beşikcioğlu, Azra Axın, Kaan Urqancıoğlu, Zeyneb Tokuş, Atilla Saral, Məhməd Əli Nuroğlu və Əhməd Özxanın oynadığı serialın rejissoru Mətin Balekoğlu və Fəridə Kaytandır. Serialın aprel ayında TRT-də nümayiş etdirilməsi planlaşdırılıb.

Filmin qısa süjet xətti isə belədir: Türkiyədə  hərbi məktəbdə təhsil alan gənc Firəngiz adlı  azərbaycanlı qızla tanış olur. Amma şəxsi problemlərlə əlaqədar olaraq onlar evlənə bilmirlər. Beş ildən sonra iki sevgili yenidən Bakıda qarşılaşır. Belə ki, Deniz Bakıya təbii qaz kəmərinin çəkilişi ilə bağlı gəlir. Ancaq ona bu işində mane olan və keçmiş sevgilisi ilə evlənmək istəyən  bir rus iş adamı var. Deniz keçmiş sevgilisini bu adamdan qorumaq üçün mübarizə aparır. Bu mübarizədə isə ona dostu əslən çeçen olan Abdullah yardım edir. 

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə kütləvi informaisya vasitələri “Ayrılıq” serialının Azərbaycanda çəkilişinin qadağan edilməsi barədə məlumat vermişdi. “Medyatava.net” saytının verdiyi məlumata görə, Azərbaycan tərəfi “Ya Azərbaycan, ya Ermənistan” deyərək serialın bir seriyasının Ermənistanda çəkilməsinə etiraz edib. Səlahiyyətli şəxslər “Ermənistanda film çəkirsinizsə, Azərbaycanda olmaz” deyiblər. Xəbərdə bildirilirdi ki, “Ayrılıq” serialının çəkiliş komandası Bakıdakı otellərin birində icazə gözləyir.

Elvin Rəsul/ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar