Arşın mal alan özbek dilinde tamaşaya hazırlanıb
10 İyul 2013 Çərşənbə 09:59
Arşın mal alan tamaşasında medeniyyet ve incesenet xadimleri, teatrın aktyorları, jurnalistler iştirak edibler.
Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illiyi ilə əlaqədar bu ölməz əsər Özbəkistan Dövlət Musiqili Dram Teatrında özbək dilində tamaşaya hazırlanıb.
Tamaşanın təhvil verilməsi ilə əlaqədar keçirilən mərasimdə teatrın və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, teatrın aktyorları, jurnalistlər iştirak etmişlər.
Əsəri teatrın rejissoru Əhəd Fərmanov tamaşaya hazırlayıb. Mərasimdə çıxış edən rejissor demişdir ki, tamaşada bir sıra yeniliklər olunmuş, bəzi səhnələr yeniləşdirilib. Tamaşanın təqdimatı bu ilin sentyabrında keçiriləcək.
AMM-nin direktoru Samir Abbasov bildirmişdir ki, bu əsər İlk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kollizey” teatrında tamaşaya qoyulmuşdur. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaratmış və “Arşın mal alan” bu qədim şəhərdə səhnələşdirilib.
Əsər 1921-ci ildə Buxarada tamaşaya qoyulmuş, 1922-ci ildə isə Daşkənddəki “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gəlmiş aktyorlar bu əsərə səhnə həyatı vermişlər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaya qoyulmuşdur.
Bu ölməz əsər 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür, teatrlar zaman-zaman bu əsərə müraciət edirlər.
DOSTLARINLA PAYLAŞ: