"Arşın mal alan"ın yubileyi YUNESKO çərçivəsində qeyd ediləcək
27 Aprel 2011 Çərşənbə 18:38
Üzeyir Hacıbəylinin musiqili komediyasının yubileyi müvafiq siyahıya əlavə olunub
Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi YUNESKO çərçivəsində qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən ANS PRESS-ə verilən məlumatda belə deyilir. Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsin təbliği və təşviqi, mədəni müxtəlifliyinin qorunması sahəsindəki genişmiqyaslı fəaliyyətinin bir hissəsi kimi YUNESKO çərçivəsində qeyd edilməsi məqsədilə namizədliyi təqdim olunan Azərbaycan Milli operasının banisi Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi 2012-2013-cü illərdə YUNESKO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib.

Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümümbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar YUNESKO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, YUNESKO təşkilatına üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməkdədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar