Aqşin Babayevin müsahibəsi
18 Noyabr 2010 Cümə Axşamı 11:40
Aqşin Babayevin "El" jurnalına müsahibəsi
Həyat ümmandır, kitaba sığmaz…
Gözümü açandan Azərbaycan incəsənəti bizim evə qonaq gəlib. Sözümdə mübaliğə axtarmayın. Elə bir gün olmurdu evimizdə qonaqlıq keçirilməsin. Elə bir gün olmurdu, axşam saat yeddi-səkkizdən ta gecə yarıya qədər respublikanın adlı-sanlı sənətkarları, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Leyla Hüseynova (təəssüf ki, bu gün unudulan müğənni), Haşım Kələntərli, Sara Qədimova və onlarca başqaları bizim evin, atamın qonağı olmasınlar. Atam hər mənada sənətkar idi.Gözəl rəssamlığı vardı, evimizin bir divarına yağlı boya ilə nəhəng panoram mənzərə çəkmişdi. Tar, saz düzəldərdi. Bir dəfə balaca, oyuncağa oxşayan saz düzəltmişdi. Mən elə bilirdim bu suvenirdir. Amma sonra bildim, bu alətin adı cürə sazdır…
- Bəs atanız Əlisəttar Babayev sənəti etibarilə kim idi?
- Eyni sualı mənim özümlə də bağlı verirlər. Sən kimsən? Şair, nasir, dramaturq, jurnalist, alim, elmlər doktoru, professor, tərcüməçi, publisist… Məgər bütün bunları bir simada birləşdirmək olarmı? Deyirəm, bizdə bu, genetek xasiyyətdir. Atam da mənim kimi bir sahə ilə kifayətlənmirdi. Həm rejissor, həm rəssam idi, həm musiqi alətləri ustası, həm də təşkilatçı. Ona minnətdar olaraq Leyla Cavanşirova, Şövkət Ələkbərova, Məmmədəli Əliyev (Kor Ərəbin mahnısını oxuyan müğənni) ilk dəfə səhnəyə çıxıblar. Səadət sarayından yuxarıda, indiki Muxtarov küçəsində «Kəndçi evi» yerləşirdi. Orada gənc yaradıcı kollektivlər, dərnəklər fəaliyyət göstərərdi. Şövkət Ələkbərova əvvəlcə kamançaçalan idi. Atam xatırlayırdı ki, bir gün «Kəndçi evi»nin dəhlizi ilə gedəndə qulağına otaqların birindən elə gözəl oxumaq səsi gəlib ki, buna ayaq saxlamamaq, dayanıb qulaq asmamaq mümkün deyilmiş. Atam səs gələn qapını açıb görür ki, həmin o balaca qızdır, əlində kamança, çaldığı təranələri həm də oxuyur. Atam ondan soruşur:
- Qızım, sən kamança çalmağa həvəslisən, yoxsa oxumağa?
Qız günahlı adam kimi başını aşağı salıb güclə eşidiləcək səslə deyir:
- Əlbəttə, kamança çalmağa. Bu, elə-belə idi, özümçün oxuyurdum.
- Yoox, elə-belə oxumamalısan. Sənin səsin elə-belə səs deyil. Gəl bura görüm.
Atam onu müəllimlər otağına aparıb, özü tarda müşayiət etməklə Şövkəti bir daha bütün müəllimlərin qarşısında oxutdurub. Otaqda olanların hamısı qızın səsinə heyran qalıb. Sonra səhnədə, konsertdə oxumağa başlayıb. Nəhayət, Üzeyir Hacıbəyov mərhələsi gələndə, Şövkət Ələkbərova böyük səhnəyə pasport alıb. Digər bizim məşhur musiqiçilərimizin, aktyorlarımızın sənətə gəlməsində də atamın böyük rolu olub. Ən maraqlısı da odur ki, onların heç biri bunu danmayıb, əksinə, ömürlərinin axırına qədər atamla dostluq əlaqəsi saxlayıblar.
Mən özüm həm də tar çalardım. İlk müəllimim elə atam idi. Ondan sonra Əhsən Dadaşov və Məmmədağa Muradovdan təhsil almışam. Universitetin ansamblında çıxış edirdim.
Bilgəhdə bağımız vardı. Atam özü bilgəhli idi, anamsa içərişəhərli. Bağda dənizə gedən kim, dincələn kim, amma atam yox, mütləq bir işlə məşğul olardı. Görərdin elə bir stul düzəldib ki, heç onu adlı-sanlı xarrat belə düzəldə bilməz. Əlindən hər iş gələrdi. Ömrünün son illərində Nizami küçəsində yerləşən zoomağazanın müdiri işləyirdi. Zarafatla deyirdi: «İnsanlarda vəfa görmədim, gəldim balıqların, quşların yanına».
- Yəqin, atanız müharibədə iştirak edib.
- 1941-ci ildə müharibə başlayanda atamı burada, arxa cəbhə saxlamaqdan ötrü bron verdilər. O, Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsində çalışırdı. Həm də səhhətində problem vardı, mədə xorası deyirlər. Belə xəstəliyi olanları cəbhəyə aparmırdılar. Atam gedib çətinliklə də olsa, bu diaqnozu öz üzərindən götürə bildi və elə həmin günlərdə könüllü olaraq cəbhəyə yola düşdü. O, Stalininqrad döyüşlərində və digər cəbhələrdə vuruşmuşdu, davanın cəhənnəm odundan keçib qayıtmışdı. Müharibə qurtarmamış onu ordudan tərxis elədilər. Mədəsində dəhşətli ağrılar tutmuşdu. Xəstəliyini gizlətdiyinə görə az qaldılar onun partiya məsələsini qoysunlar. Hər halda yaxşı qurtardı...
Sonralar atamdan soruşdum:
- Sənin axı bronun vardı, niyə cəbhəyə getdin?
- Küçəyə çıxmağa utanırdım, - deyə atam etiraf elədi. – Hər dəfə ərləri müharibədə olan qadınların baxışları ilə qarşılaşanda özümə yer tapa bilmirdim.
Pyotr Montin küçəsində yerləşən ikimərtəbəli mülkümüzün birinci mərtəbəsində iki alman mənşəli bacı yaşayırdı. Faşist ordusu Mazdoka gəlib çatanda atamı çağırdılar, ona tapança verib tapşırdılar ki, almanlar Azərbaycana girsələr, elə həmin günü qadınları güllələsin. Müharibə qurtardı, almanlar Bakıya tərəf gələ bilmədi. Amma birdən gəlsəydilər, atam o bacıları öldürə bilərdimi?
- Yox, - deyə atam bu suala cavab verirdi. Dünyasında bu işi tuta bilməzdim. Onlar az qala bizim ailənin üzvü idi, əlim qalxmazdı...
- Ananız nəçi idi?
- Diş həkimi. Bir dəfə belə hadisə olmuşdu, həmişə onu xatırlayıb gülərdik. Mən otağımda oturub kitab oxuyuram, anam isə Pirşağıdan onun yanına gələn bir qadının dişini düzəldir. Qadın anamdan, az qala, yalvara-yalvara xahiş edir:
- Ay Tükəzban, sən Allahın haqqı, neyləyirsən elə, amma dişimi yonma…
Anam da onu cidd-cəhdlə başa salır:
- Ay qız, başa düş, mən bu dişi yonmasam, ora koronka salanda, o birilərdən uzun olacaq, yaxşı görünməyəcək.
Birtəhər qadını razı salıb bormaşını işə salır. Birdən qadının çığırtısı bütün evi başına alır:
- Qoy uzun olsun, ay doktor, qoy uzun olsun!
İllər keçəndən sonra yenə o sözü xatırlayıb gülüşürdük: «Qoy uzun olsun». Anam həkim olsa da, türkəsaya adam idi. Hər şeyə inanardı. Bir də görərdin, axşam evə gəlmişəm, kefim kökdür, zarafat eləməyə adam axtarıram, heç kim də yoxdur. Anama deyirəm:
- Bu gün zəlzələ olacaq. Radioda xəbər verdilər.
İnanırdı. O saat əl-ayağa düşüb yuxarıdan, şkafdan sınan əşyaları yığışdırıb düzürdi döşəməyə. Atam gəlib təəccüblə nə baş verdiyini soruşanda anam onu məsələdən agah edir:
- Zəlzələ olacaq.
- Nə zəlzələ? Kim dedi onu?
- Aqşın.
- Əşşi, Aqşın kimdir? Qaytar qoy şeyləri yerinə. Heç bir zəlzələ olmayacaq…
- Uşaqlıqda da belə şuluqluq salmısınız?
- Şuluqluq bütün uşaqlar salır. Bununla belə məktəbdə nümunəvi şagird olmuşam. Bir dəfə küçəylə gedəndə yerdən pasport, hərbi bilet və böyük məbləğdə pul olan qəzet bağlaması tapdım. Məndən irəlidə gedən tanımadığım kişiyə özümü yetirib tapdığım bağlamanı ona göstərdim. İnsanlarda o zaman paklıq vardı. Həmin kişi məni poçt şöbəsinə apardı. Oradan milisə xəbər verildi, axtarış olundu və nəhayət, bağlamanın yiyəsi tapıldı. Səhəri gün məni məktəbin bütün şagird və müəllim heyətinin «lineyka» adlanan dərsqabağı yığıncağında önə çıxartdılar, təriflədilər, başqalarına nümunə göstərdilər. Sonra «Azərbaycan pioneri» qəzetindən müxbir gəlib müsahibə aldı, haqqımda məqalə çıxdı. O qəzeti bu gün də özümdə saxlayıram. Atam bu münasibətlə qonaqlıq verdi, anam sevincindən yerə-göyə sığmırdı, dostlar bir-bir qalxıb haqqımda tostlar deyirdi. Qonaqlar dağılışan kimi nənəm gizlicə məni yanına çağırıb qulağıma pıçıldadı:
- Bundan sonra küçədə pul tapdın, evə gətir. Onu Allah səninçün yetirib, poçta neyçün verirsən?..
Amma məktəbdə bir dəfə elə bir iş tutdum ki, bunun üstündə az qaldılar məni pionerdən, nəinki pionerdən, hətta məktəbdən çıxarsınlar. O zaman qadağan olunan Novruz bayramı günü müəllim sinfə girən kimi yerimdən onu təbrik elədim:
- Müəllim, bayramınız mübarək!
Kişi müəllim idi. Qaşlarını düyünləyib məni lövhəyə çağırdı:
- Sən hansı bayram münasibətilə məni təbrik edirsən?
- Novruz bayramı.
- Bizim bayramımız böyük oktyabr sosialist inqilabının ildönümü, 1 May zəhmətkeşlər günüdür. Novruz nədir? Get, sabah valideyninlə gəl!..
...Novruz bayramı bizim evdə xüsusi təmtəraqla keçirilirdi. Bir dəfə anam bişirdiyi şəkərbura, paxlavaların ən yaxşılarını, ən yaraşıqlı alınanları iri qaba yığıb verdi ki, qaldırıb şkafın üstünə qoyum. Deyərdi, «Bunlar qonaqlar üçün qalsın». Yanıq-yunuqları saxladı evdə uşaqlara. Anam evdən gedən kimi təzədən qalxıb təmiz şəkərburaları özümüz, bacı-qardaşlarım üçün ayrılan qaba, yanıqları isə yuxarı qaba qoydum. Neçə gündən sonra evə qonaqlar gələndə anam yuxarıdan qabı düşürəndə yanıq şəkərburaları görüb heyrətə gəldi. Mən onunla mübahisə etdim:
- Ay ana, qonaqları əziz tutursan, amma balalarına qıymırsan. Bu necə olan şeydir?
Onda anam mənə yaman acıqlandı:
- Sən bilmirsən qonaq nə deməkdir. Buna Allah qonağı deyirlər.
Atam kasıb, anam isə çox varlı ailədən, tanınmış nəsildən olub. Babam Hacı Hacıağa İçərişəhərin imkanlı, məşhur adamlarından idi, özünün paraxodları vardı. Onun evində ayrıca böyük bir zal, pərğu döşəklərlə döşənmiş, xal-xalçalı otaq olardı, ora evə gələn qonaqlardan başqa heç kim girməzdi. Bununla bağlı həyatda çoxlu müşahidələr eləmişəm. İllər sonra Emin Sabitoğlu və mən «Vətən» cəmiyyətinin xətti ilə Stokholma müsafir düşmüşdük. Orada Azərbaycan Mədəniyyət günləri keçirilirdi. Nəbi Xəzri bizə dedi ki, yol, otel, yemək, hər şey havayıdır, dövlət hesabına verilir. Sizdən bir şey xahiş olunur, buradan gedəndə özünüzlə suvenirlər aparın. Bunu eşitcək əl-ayağa düşdük, o dükan sənin, bu dükan mənim, daha nələr alıb aparmadıq özümüzlə... Qucaqdolu, bahalı, çeşidli hədiyyələr. Hətta Emin mənimlə zarafat elədi ki, pulu Bilgəh qumu kimi səpələyirəm. Stokholmda bütün bu hədiyyələrə çox sevindilər. Əvəzində bizə üzükqabı boyda bağlı qutu verdilər. Orada açıb baxmaq yaxşı olmazdı. Düşündük, yəqin, nəsə qızıl-brilyantdan hədiyyədir. Avtobusda bir də gördüm, məndən qabaqda əyləşən Emindən qəribə bir səs çıxdı:
- Aqşin, spiçka.
Emin elə çığırdı ki, anlamadım nə dedi. Spiçka nədir?
- Bizə spiçka veriblər.
Bu qədər hədiyyənin əvəzində bircə dənə kibrit çöpü. Kibrit onların milli sərvəti sayılır.
- O zaman türk filologiyasına çıxmaq, türk dramaturgiyasından yazmaq asan deyildi, qadağalar vardı. Yəqin, Nazim Hikmətin adı, Sovet İttifaqında nüfuzu sizə az kömək eləyib?
- Stalinin ölümündən sonra «türk» sözünə nəzarət hələ də davam edirdi. Bununla bərabər cəmiyyətdə müəyyən mülayimləşmə də yox deyildi. Univesitetdən sonra bir müddət qəzetdə korrektor, sonra Azərbaycan Radiosunun Türkiyə üçün verilişlər redaksiyasında işlədim. Bir gün tələbə dostum mənə zəng vurub dedi ki, Türkiyə ədəbiyyatı üzrə aspiranturaya bir yer verilib. İmtahan verdim, rəqibim də var idi, cavablarım bəyənildi, yüksək qiymətlə daxil olub qiyabi aspirantura təhsili almağa başladım. Nazim Hikmət sağ idi. Dissertasiya mövzum onun dramaturgiyasına həsr olunmuşdu. Üçaylıq yaradıcılıq məzuniyyəti götürüb Moskvaya yollandım. Burada tanınmış nazimşünas Əkbər Babayev məni apardı şairin Moskvadakı mənzilinə. Qapını Nazim Hikmət açanda gözlərimə inanmadım. Yəni doğrudan da mən bu dahi insanla üz-üzə dayanmışam?
- Mərhaba, buyurun, - deyə Nazim bizi içəri dəvət etdi.
Sonuncu dəfə özündən xeyli gənc olan Vera Tulyakova ilə evlənmişdi. Qadın bizim üçün çay gətirdi. Oturub heyranlıqla Nazimə baxırdım. Əkbərlə ordan-burdan bir-iki kəlmə kəsəndən sonra üzünü mənə tərəf çevirdi:
- Buyur, - dedi.
- Mən sizin dramaturgiyanızdan əsər yazmaq istəyirəm.
- Çox nahaq yerə.
Açığı, belə söz eşidəcəyimi gözləmirdim. Pərt halda dönüb Əkbərə baxdım. Onun üzündə isə sakit, arxayın bir təbəssüm gördüm. Nazim sözünə davam elədi:
- Məndən də əvvəl Əbdülhəq Hamid var. Yaxşısı budur, ondan yaz.
- Hamiddən yazırlar. Mən sizdən yazmaq istəyirəm.
Necə yazacağım barədə bir az söhbət eləyəndən sonra aramız açıldı. Moskvada qalanda iki gündən bir onun evinə gəlirdim, söhbət edirdik. Bir gün məni evdə tək qoyub mağazaya süd almağa getmək istədi. «Olar mən də sizinlə gedim?» - deyib onunla birgə mağazaya getdik. Onunla hər anı qənimət bilirdim. Bilirdim ki, bu anlar sonradan qiymətli xatirəyə çevriləcək. Mağazada onu necə qarşıladılar, İlahi. Burada işləyən bütün qızlar işlərini atıb onu dövrəyə aldı, o da bəzi sözləri təhrif olunmuş şəkildə ifadə etsə də, qəşənq, şirin rus dilində qızlarla danışıb gülürdü. Süd alıb evə qaydanda Zəkəriyyə Serteldən söz saldı.
... Zəkəriyyə Sertel olduqca maraqlı adam idi. O, ev almazdan əvvəl İnturist mehmanxanasında qalırdı. Radioda işləyən dostum Fətəli Sahibin maşını vardı. Ondan xahiş edirdim ki, hər gün səhər o kişini İnturistdən işə gətirsin. O da can-başla bu işi yerinə yetirirdi. Bir gün gördüm, Zəkəriyyə piyada işə gəlir. Fətəlini görüb nə baş verdiyini soruşdum. O da başını aşağı salıb cavab vermək istəmədi. Axır ondan əl çəkmədiyimi görüb ürəyini açıb gileyləndi:
- Ay Aqşin, o Zəkəriyyə bəy yaxşı kişidir, hara desə, nə vaxt desə onun qulluğunda hazır olaram. Amma ona denən mənim maşınıma araba deməsin.
Bu adam bilmirdi ki, türklər avtomobilə «araba» deyirlər. Bunu Zəkəriyyə Sertelə danışanda kişi gözləri yaşarana qədər güldü.
- Siz uzun müddət Azərbaycan Radiosunda sədr müavini işləmisiniz…
- Radioda elə bir pillə olmayıb ki, mən ora ayağımı qoymayım. Müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktorun müavini… Xarici verilişlər redaksiyasının baş redaktoru olanda Türkiyəyə getdim. Ankarada Atatürk prospektinə çıxanda birinci böyük hərflərlə küçədə yazılan sözlər gözümə dəydi: «Nerədə kommunist görsəniz, başını əzin. Mustafa Kamal Atatürk»...
- Siz Kommunist Partiyasının üzvü deyildiniz?
- Üzvü idim. Bakıda ovçulardan yazan Zaman Novruzovun bir kitabını türkcəyə tərcümə eləmişdilər. Məni tərcümənin redaktoru kimi dəvət etdilər. Orada bir cümlə vardı: «Qırqovulları güllələdilər. Başımı qaldırdım, elə bildim qarşımda faşistlər dayanıb». Türklər bunu tərcümə edəndə yazmışdılar: «...Elə bildim qarşımda kommunistlər dayanıb». Bunlar üçün faşist və kommunist anlayışı eynidir. Türkiyədən qayıdandan sonra, on beş il Azərbaycan Televiziya və Radio Komitəsinin radio üzrə sədr müavini işlədim. 1991-ci ildə Qeysər Xəlilov televiziyanıni sədri təyin olundu. Tez-tez, yersiz tənqidlər söyləyirdi ünvanıma. Yığıncaqların birindən sonra onunla tək qalıb birbaşa sual verdim:
- Qeysər müəllim, siz istəyirsiniz mən buradan gedim?
- İstəyirəm, - dedi. – Mənə tapşırıblar öz komandamı yığım.
- Onda məni məzuniyyətə buraxın, gedim özümə iş axtarım.
- Aqşın müəllim, harada iş tapsanız, mən sizi ora köçürmə yolu ilə göndərəcəyəm ki, iş stajınız batmasın.
Dostum Osman Mirzəyevlə görüşdüm. Məni yaxşı tanıyan Elmira Qafarova ilə telefon əlaqəsi saxladı. Bu söhbətdən sonra Ali Sovetin mətbuat mərkəzinin müdiri vəzifəsinə təyin olundum. On beş il də bu vəzifədə işlədim. II dərəcəli dövlət müşaviri rütbəsini aldım.
Amma bu vəzifəyə təyin olunmazdan əvvəl maraqlı bir hadisə baş verdi. 1988-ci ildə Qarabağ ətrafında söhbətlər başlayanda Elşad Quliyevlə birlikdə belə qərara gəldik ki, radioda erməni verilişini bağlayaq. Bunun üstündə Əbdürrəhman Vəzirov Elşad Quliyevi, mən və Fuad Tarıverdiyevi Mərkəzi Komitəyə çağırdı, ağzından çıxanı dedi və hamımıza partiya töhməti verdi. Evdə tapşırmışdım ki, bu barədə o vaxt Bağdadda işləyən oğluma xəbər verməsinlər. Bir axşam oğlum evə zəng vurdu:
- Sənə töhmət veriblər?
- Sən haradan bilirsən?
- «Pravda» qəzetində yazılıb.
Nə isə... 91-ci ildə Elmira Qafarova məni işə götürəndə bircə şərt qoydu ki, o töhməti üstümdən götürüm. İyirmialtılar rayonunun birinci katibi Vəli Məmmədovun adına ərizə yazdım. Büronun iclasında bir xeyli müzakirədən sonra töhmət üstümdən götürüldü. Elə bunun sabahı günü Kommunist Partiyası ləğv olundu. O saat Osman Mirzəyev mənə zəng etdi:
- Ay Aqşin, demə, Kommunist Partiyasının ləğv olunması sənin töhmətinə bağlı imiş. Sən də bunu çoxdan eləyə bilməzdin?
Dostum, qardaşım rəhmətlik Osmanla möhkəm zarafatımız vardı.
- Aqşin müəllim, bütün bu son dərəcə maraqlı, zəngin həyat təcrübəsini neçə kitabıma sığışdıra bilmisiniz?
- 32 kitabım çıxıb. Rusiyada, Almaniyada, Türkiyədə əsərlərim tərcümə olunub. Hələ də yazıram. Həyatı kitaba sığışdırmaq mümkün deyil. Bir dəfə mərhum Əlisahib Orucov, ədliyyə naziri işləyəndə İordaniyaya səfərə getmişdi. O zaman oğlum İordaniyada işləyirdi. Əlisahibi qarşılayıb evinə aparmışdı. Evə girən kimi iki yaşında nəvəm «baba» deyərək onun üstünə atılıb boynunu qucaqlayanda kişinin gözləri yaşardı. Bakıya gələn kimi mənimlə görüşüb qınayan kimi:
- Aqşin, Allah sənin insafını kəssin. O cür şirin nəvənin gözünü yolda qoymusan.
Bu hadisə məni sarsıtdı. Özüm də bilmədən qələmi götürüb nəvəmə «Zəncir» adlı şeir yazdım. Bu yaxınlarda dostum Fikrət Qocan və şair Vaqif Bəhmənlinin ön söziylə şeirlər kitabım da çıxıb. Amma demək istədiklərim yenə dediklərimdən çoxdur. Həyat, həyatdan aldığımız təəssüratlar ümmandır, kitaba sığmaz…
DOSTLARINLA PAYLAŞ: