ANS efirində yeni teatr qalmaqalı alovlandı
07 Yanvar 2012 Şənbə 15:59
Gənc Tamaşaçılar Teatrının aktyorları rejissor Cənnət Səlimovaya qarşı çıxdılar
Azərbaycan teatrlarında sanki bir təlatüm, çalxalanma başlayıb. ANS PRESS xəbər verir ki, ötən həftə Akademik Milli Dram Teatrında bir neçə xalq artistinə xəbərdarlıq edilməsi ilə başlayan qalmaqalın ardınca indi də Gənc Tamaşaçılar Teatrında çaxnaşma başladı. Əslində isə bu çaxnaşma xeyli müddətdir var idi. Səbri tükənmiş aktyorlar çıxış yolunu ANS-ə gəlməkdə gördülər. Vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümid edən aktyorlar problemlərini milyonlarla tamaşaçıların qarşısında danışdılar. Teatrın daxilində məsələnin həllinə nail olmayan aktyorlar dərd boxçalarını “Günə Baxan”ın efirində açıb-tökdülər. Əməkdar artist Mübariz Həmidovun direktoru olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovadan narazı aktyorlardan yalnız ikisi – təzəliklə işdən azad edilmiş xalq artisti Tariyel Qasımov və hələ də teatrın aktrisası olan əməkdar artist Naibə Abdullayeva efirə çıxmışdılar. Mövzunun müzakirəsi iki gün davam etdi və birbaşa efirdə çox ittihamlar səsləndi.

Cənnət Səlimovanın teatrda ayrı-seçkilik yaratdığını deyən Tariyel Qasımov, köhnə aktyorlara ya dublyor veridiyini, ya da ümumiyyətlə rol verilməməsiyindən şikayət etdi: “Yeni gələn komanda gənclərdir. Maşallah, onlar 2-3 il işləyəndən sonra hamısı əməkdar artist olublar. Mən bütün adları SSRİ dövründə almışam. Amma 10 işləyəndən sonra əməkdar, onun üstündən 10 il keçəndən sonra da xalq artisti olmuşam”.

Yaşına görə teatrdan uzaqlaşdırılan Tariyel Qasımov, aktyorlara laqeyd münasibətdən gileyləndi: “Bizi Heydər Əliyev ərköyün böyüdüb. Bizə diqqət-qayğı göstərib, təqaüd verib. İlham Əliyev isə təqaüdümüzü 500 manatdan qaldırıb 1000 elədi. Heç bir ölkədə belə şey yoxdur. 2005-ci ildə mənə həm ev, həm də təqaüd verildi. Bu təqaüdün müqabilində bundan sonra mən daha yaxşı işləməliyəm, daha yaxşı rollar oynamalıyam. Amma məni işdən çıxardılar. Əgər yaşla əlaqədardırsa, Cənnət Səlimovanın 75 var. Bəs o niyə işləyir? Üstəlik də Azərbaycan dilini bilmir.”

Xalq artisti son dövrlərdə teatrda aparılan islahatların onların teatrına mənfi təsir göstərdiyini söyləyir: “Hörmətli nazirimiz teatrlarda islahatlar apardı. Yeni direktorlar təyin etdi. Bizim teatrı direktoru gəncdir. O, teatra gələndə bizr sevindik ki, özü də aktyor olub. Aktyorları başa düşər. Mən işdən çıxanda özü də məəttəl qaldı ki, niyə görə belə oldu? İndi isə Naibə mənə deyir ki, Mübariz müəllim deyir ki, Tariyeli müqavilə əsasında dəvət edəcəyik. Yəni sözümü ona gətirmək istəyirəm ki, mən teatrda həmişə gənclərə imkan vermişəm. Biz vaxtilə teatra gələndə yadımdadır ki, Hüseynağa Sadıqov, Osman Hacıbəyov, Süleyman Ələsgərov kimi korifey sənətkarların 45 yaşları vardı. Səhnədə 17 yaşlı cavan gəncləri oynayırdılar. Biz onların yanında kütləvi səhnələrə çıxırdıq. Yəni onlara baxıb öyrənib bu səviyyəyə gəlmişik. İndi isə bizi işdən çıxarırlar. Bu gənclər kimlərə baxıb öyrənəcəklər? Bizim teatrda elə aktyorlar var, 45-50 yaşı var, əsə-əsə yeriyir. Amma mənim şükür Allagha 70 yaşım, vaxr elə deyiləm. Bundan başqa, bu yaxınlarda Moskva teatrı Bakıya gəlmişdi. Aktyor Vladimir Etuş 90 yaşında səhnəyə çıxdı və tamaşaçıları valeh etdi”.

Əməkdar artist Naibə Allahverdiyeva Akademik Milli Dram Teatrında baş verənlərin onların teatrları ilə müqayisəedilməz olduğunu dilə gətirdi. Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası hətta teatrdaxilində cinayət xarakterli insidentlərin baş verdiyindən söz açdı: “Necə olur ki, Rəfael müəlimə adi gecikdiyinə görə xəbərdarlıq edilir. Amma bizim teatrda Cənnət Səlimovanın yetişdirdiyi bir aktyor teatrın içində başqa bir aktyorun üstünə bıçaq çıxarır. Bəs bu necə olsun? Deməli, ayrı-seçkilik bundan başlayır. Cənnət Səlimova haray-həşirlə gəldi ki, onu çıxarma, bunu çıxarma. Özü ilə gətirdiyi aktyorlara havadar çıxır, bizi isə ayaqlayır”.

N.Abdullayeva da yaşlı aktyorların işdən çıxarılmasının düzgün olmadığını bildirdi:
“Elə sənətkarlar var ki, söz deməyi lazım deyil. Onun səhnəyə çıxması bəsdir”.

Səhnəyə qoyulan son tamaşaların zəif olmasının səbəbini rejissorda görən əməkdar artist bu fakta da özünəməxsus münasibət bildirdi: “Biz görmüşük ki, rejissor obrazı yaratmaqda aktyoru yönləndirər. Bizdə isə belə deyil. Mən sözlərimi deyirəm, bacardığım kimi obraza girirəm. Rejissor sakitcə dayanıb üzümə baxır, heç bir göstəriş, düzəliş vermir. Əslində rejissor obrazı özünün gördüyü kimi aktyordan mükəmməl şəkildə tələb etməlidir. Bizdə isə rejissor bizim sözlərimizi necə səsləndirməyimizə baxır və bununla da hər şey bitir. Elə bu səbəbdən də tamaşalarımız çox zəif alınır”.

Bütün bu ittihamların ünvanı olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova səhəri gün “Günə Baxan”a gəldi. Dünənki verilişdən səslənən ittihamları, eləcədə proqramın aparıcısı İlqar Mikayıloğlunun suallarını dinləmək istəmədiyini qətiyyətlə bildirən Cənnət Səlimova sadəcə teatrdan danışmaq istədi: “Mən Rus Dram Tetrında 20 tamaşa qoymuşam. Gəlin bu barədə danışaq. Hansısa şayiələr və sairələr haqqında danışmaq istəmirəm. Mən teatrdan danışmaq istəyirəm, teatr ətrafında gedən şayiələrdən danışmayacam. Mən hamının xoşuna gələ bilmərəm. Məni sevən və sevməyən insanlar var. Kimlərsə məni ittiham edə bilər. Mən rejissoram, sizin qarşınızda tamaşalar qoyan rejissor var”.

Aparıcının “Axı sizin qoyduğunuz tamaşaların zəif olduğunu deyirlər?” sualına Cənnət Səlimovanın cavabı belə oldu: “Əgər siz mənim necə rejissor olduğumu müzakirə etmək istəyirsizsə, kassaya gedin. Əgər mən zəif tamaşalar qoyuramsa, niyə bu tamaşalar 15-20 il ərzində müvəffəqiyyətlə səhnəyə qoyulur? Hər kəsin öz fikri var. Amma əsas göstərici kassadır. O aktrisanın ( Naibə Abdullayevanı nəzərdə tutur) öz zövqü, təhsili, öz tərbiyəsi var. Mənimsə öz təhsilim, öz tərbiyəm, öz zövqüm”.

Dialoqun yaranmasından istifadə edən aparıcı növbəti sualı səsləndirdi, -“Siz onları peşəkar kimi öz tamaşalarınızda görmürsünüz?”. “Mən onları sevirəm, baxıram, hörmət edirəm. Hər kəsin öz fikri var. Mən hər kəsin fikrinə hörmət edirəm. İcazə verin teatr haqqında danışım”,-deyən baş rejissor bu dəfə də sualdan yayındı. Ümumiyyətlə, teatrdaxili məsələlərin efirdə həll olunmasına qarşı çıxan Cənnət xanım, pərdəarxası baş verənlərdən tamaşaçının bilmək ixtiyarında olmadığını öz fikirləri ilə əsaslandırdı: “Mən həmişə demişəm, indi də təkrar edirəm, teatrda iki giriş var – birinci girişdə tamaşaçı bilet alır, teatra daxil olub tamaşaya baxıb öz fikrimi bildirir. İkinci giriş isə xidməti girişdir. Orada böyük hərflərlə “Kənar şəxslərin girməsi qadağandır!” yazılıb. Kulisdə, pərdəarxasında baş verənlərdən heç kəs xəbər tutmamalıdır, bilməməlidir. Eyni ilə sizdə kadrarxasında baş verən proseslər məni maraqlandırmır”.

Cənnət Səlimova yaşlı aktyorların teatrdan kənarlaşdırılmasına belə münasibət bildirdi:
“Fransız aktrisası Sara Bernardan ( 1844-1923 illərdə yaşamış yəhudi əsilli Fransa aktyoru) hakim pyes başlayanda soruşur: “Sənin neçə yaşın var?” Onun 60 yaşı vardı və bunu hamı bilirdi. Hamı onun necə cavab verəcəyi anı gözləyirdi. O, “18” deməli idi və Sara Bernar səhnəyə çıxıb “18!” deyir. Alqış səsləri zalı bürüyür. Çünki aktrisanın həmişə 18 yaşı olur. Gənc və qoca aktyor olmur. İki kateqoriya aktyor var - istedadlı və istedadsız".

“Əgər istedadsız aktyorlar işdən çıxarılmalıdırsa, bəs “Azərbaycanın xalq artisti” adını almış aktyorların işdən çıxarılırsa, deməli onlar istedadsızdır?” sualına isə rejissor aşağıdakı kimi cavab verir: “Xalq artisti, professor və sairə. Mən hazırda sonuncu tamaşam üzərində işləyirəm. İnanın ki, indi də həyəcandan payız yarpağı kimi titrəyirəm. Sanki mən 100 tamaşa səhnəyə qoymamışam. Bu mənim üçün imtahandır. Çünki xalq artisti olmağımızı hər dəqiqə, hər saniyə sübut etməliyik. Alimin kitabları olur, bəstəkarın notları. Bizim isə tamaşalarımız var və bizi tamaşaçılar alqışlayırlar. Mən növbəti tamaşa hazırlayanda demirəm ki, ay uşaqlar, mən keçən dəfə çox yaxşı tamaşa qoymuşdum. İndi isə mən xalq artistiyəm. Hər bir tamaşada ilk dəfə olduğu kimi özümüzü sübut etməliyik. "Mən xalq artistiyəm, vəssalam!" Belə demək olmaz! Bizim peşəmizdə belə anlayış yoxdur”.

Mövzunun müzakirəsi davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar