Anar Heybətov "Qaydasız döyüş"də kimi vicdansız adlandırdı?
14 Dekabr 2009 Bazar Ertəsi 16:40
"Nə qədər murdar insan olsa da, cavandır"
ANS kanalında yayımlanan "Qaydasız Döyüş" teleserialı tamaşaçıların böyük rəğbətini qazanıb. Baş rolun ifaçısı Anar Heybətov Rauf Ələsgərov mənfi rolda oynamaq təklifini alanda tərəddüd etsə də, sonradan peşman olmadığını bildirib.
Hər aktyorun arzusudur ki, müxtəlif xarakterli rollar ifa etsin. Amma bu rol mənə təklif ediləndə xeyli müddət tərəddüd etdim. Nə vaxtsa bu dərəcədə mənfi rol oynayacağımı heç düşünməmişdim. Düzünü desəm, gözləmirdim.
- Razı qaldınızmı obrazınızdan?
Bu obrazı bir kəlmə ilə xarakterizə edə bilərəm: Rauf Ələsgərov çox vicdansız baş polis leytenantıdır. Düzdür, polis sistemində öz vəzifəsini layiqincə yerinə yetirən oğullarımız var. Amma unutmayaq ki, Rauf Ələsgərov kimiləri də var.
- Bu serialda oynamaq istədiyin başqa bir rol var idi?
Mən ümumiyyətlə, ssenarini oxuyarkən fikrimi, diqqətimi tapşırılan rola yönəldirəm. Buna görə də serialda başqa rolda özümü görmədim. Yaratdığım obraz mənfi olsa da, xarakterikdir. Əsas odur ki, bu obrazda aktyor üçün işləməyə, öz aktyorluq məharətini göstərməyə imkan var. Mən bu rolu sevə-sevə, böyük məmnuniyyətlə oynamışam.
- Bu obrazı yaradarkən hansı hissləri yaşayırdınız?
Tamaşaçıların nifrətini qazanacağımdan çox qorxurdum. Bu hisslər obrazı yaratmaqda haradasa mənə mane olurdu. Sonra düşündüm ki, tamaşaçı sadəcə, bu obrazı yaradan aktyor olduğumu başa düşər. Onu da düşünürəm ki, əgər tamaşaçı nifrətini qazana bilsəm, bu mənim uğurum olacaq.
- Anar Heybətovun təqdim etdiyi Rauf obrazı ilə ssenaridəki Rauf arasında hansısa bir fərq var?
Xarici görünüşlərində var. Ssenaridə təqdim olunan Rauf xarici görünüşcə çox kobud, yekəpərin biridir. Amma maşallah, göz dəyməsin, mənim xarici görünüşüm pis deyil. Yenə də çalışmışam ki, ssenaridə təqdim olunan Rauf Ələsgərovu tamaşaçıya çatdırım.
- Sizcə bu serialın əsas məqsədi nədir?
Serialın məqsədini, yəqin ki, onun müəllifi və ya müəllifləri daha dəqiq ifadə edə bilərlər. Mənim üçün əsas məqsəd heç şübhəsiz ki, ifa etdiyim obrazı bütün iyrəncliyi ilə cəmiyyətə təqdim etmək, polisin şərəfli adını ləkələyən şəxsləri ifşa etməkdən ibarətdir.
- Neçənci seriyadan sonra Rauf Ələsgərovu özününküləşdirə bildiniz?
Birinci seriyanın çəkilişləri bitdikdən sonar filmin prodüseri Vahid Mustafayevdən xahiş etdim ki, mümkünsə, görüntüləri izləyək. Vahid müəllim etiraz etmədi və bütün aktyorların birinci seriyanı izləməsini təmin etdi. Birinci seriyanı izlədikdə sanki özümdə Rauf Ələsgərovu tapmış hesab etdim və növbəti çəkilişləri bu ruhda davam etdirdim.
- Epizodlardan birində Anar-Rauf kimisə döyməli olur. Çox təbii alınıb.
Nəinki bu filmdə, ümumiyyətlə, bütün rollarımı oynayarkən çalışmışam ki, təbii alınsın. Bu filmdə də Tima adlı gənci döyməli idim. Biz özümüz başqa filmlərdə yalançı dava səhnələrinə baxanda gülürük, rişxənd edirik. Rejissora təklif etdim ki, aktyoru həqiqətən döyülməyə razı salaq. Orxanı çağırıb vəziyyəti başa saldıq. Əvvəl razılaşmadı, sonra heç özüm də gözləmədən razılaşdı. Dedi ki, dözəcəyəm, çəkin. Rejissorla bir-birimizə baxdıq. Motor verən kimi obraza necə girib yazığı döymüşəmsə, sifəti bütün qızarıb şişmişdi. Stop deyilən kimi qeyri-ixtiyari onu qucaqlayıb üzr istədim.
- Rauf Ələsgərovda bəyəndiyiniz hansısa bir cəhət oldu?
(Gülür). Vallah, çox vicdansız adam idi. Bəlkə tamaşaçılar onda yaxşı nə isə tapa biləcək, amma mən onda müsbət cəhət görmədim. Sözün düzü, hər dəfə yeni seriyanın ssenarisi mənə təqdim olunanda yaxşı nə isə gözləyirdim. Düşünürdüm ki, nə qədər murdar insan olsa da, cavandır. Heç olmasa, xanıma qarşı məhəbbəti, təmiz hissləri göstərmək olar. Amma sonradan düşündüm ki, belə bir obrazın yaxşı tərəfini göstərmək heç lazım da deyil.
- Tərəf-müqabillərindən bir obraz olaraq istədiyinizi ala bildiniz?
Tərəf-müqabilindən istədiyini ala bilməsən, oynaya da bilməzsən, həmçinin əksinə. Tərəf-müqabillərim Əhməd Salahov, Kazım Abdullayev, Şövqi, Elxan Quliyev və bir çoxları ilə işləmək mənə sadəcə olaraq zövq verdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: