Anar: “Azərbaycan Yazıçılar Birliyinə təsadüfən üzv qəbul olunanlar da var”
14 Dekabr 2009 Bazar Ertəsi 15:20
“Azərbaycan Yazıçılar Birliyinin 1500-dək üzvünün olması məni də qane etmir. Azərbaycanda 1500-dək şair və yazıçı yoxdur”.
APA-nın məlumatına görə, bu barədə AYB-nin sədri Anar bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Azərbaycan Yazıçılar Birliyinə təsadüfən üzv qəbul olunanlar da var: “Bəzən müəyyən adamların zəmanəti ilə üzv qəbul etmişik”. Lakin Anar rəhbərlik etdiyi birliyinin Azərbaycanın taleyüklü məsələlərin həllindən kənarda qalması fikri ilə razılaşmayıb: “Yazıçılar Birliyinin üzvləri təbii ki, Azərbaycanın bütün problemlərini həll etmək gücündə deyil. Hansısa rayonda qaz yoxdursa, yaxud işıq kəsilibsə, bunu Yazıçılar Birliyinin üzvləri həll etməli deyil. Lakin ölkənin taleyüklü məsələlərinin həllində yazıçılar həmişə ön cərgədə olub. Qarabağ məsələsində Moskvaya ilk etiraz Yazıçılar Birliyindən gedib. Azadlıq meydanına gedən yol Yazıçılar Birliyindən başlayıb. O vaxt Azərbaycanın yazıçıları meydanda xalq hərəkatına yol göstərirdilər. İndi də Azərbaycan Yazıçılar Birliyi ölkənin taleyüklü məsələlərinin həllindən kənarda deyil. Birliyin rəhbər üzvləri də siyasi baxışlarına görə deyil, yalnız istedadlarına görə irəli çəkilir. Biz heç kimdən sağ ol gözləmirik. Amma heç kimin də tənəsini qəbul edə bilmərik”. APA
DOSTLARINLA PAYLAŞ: