AMEA-nın kitabxanasının tikintisi reallaşa bilər
27 Aprel 2011 Çərşənbə 01:18
Akademiya şəhərciyində kitabxana üçün 1,6 hektar yer ayrılsa da, neçə ildir binanın tikintisinə başlanılması ləngiyir
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tikintisi üçün maliyyə mənbələri gələn ilin dövlət büdcəsində müəyyən edilə bilər. Bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının yığıncağında AMEA-nın preziednti Mahmud Kərimovun qaldırdığı məsələyə münasibət bildirərkən deyib. Mahmud Kərimov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən AMEA-nın Mərkəzi Elmi Kitabxanası üçün yeni binanın tikilməsi nəzərdə tutulub, layihə-smeta sənədləri hazırlanıb, bina üçün akademiya şəhərciyində 1,6 hektar yer də müəyyənləşdirilib. Lakin bir neçə il keçməsinə baxmayaraq binanın tikintisinə hələ də başlanılmayıb.

Prezident İlham Əliyev isə kitabxananın tikintisi ilə bağlı verilən təklifləri dəstəklədiyini bildirib: “Bu məsələ bir müddət bundan əvvəl müzakirə edilmişdi, hətta bəzi təkliflər də irəli sürülmüşdü. Hesab edirəm ki, biz bu məsələyə daha da ciddi baxmalıyıq. Ola bilsin ki, gələn ilin dövlət büdcəsində kitabxananın tikintisi ilə bağlı artıq maliyyə mənbələri də müəyyən edilsin. Hesab edirəm ki, layihələndirmə işləri bu il də başlana bilər. Müasir, gözəl kitabxananın tikintisinə böyük ehtiyac vardır. Əminəm ki, biz buna nail olacağıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar