Amaliya Pənahova səhnədə 45 il
14 Noyabr 2009 Şənbə 16:50
Amaliya Pənahova: "Mən həm ömrümboyu göstərdiyim əzmkarlığıma, həm də şanslı olmağıma «əhsən» deyirəm!"
Mən aktrisa olmaq üçün dünyaya gəldim. İllər keçdikcə buna daha çox əmin oluram. Hərdən özümə sual verirəm: ola bilərdimi başqa sahədə işləyim? İnanın, bunu təsəvvürə gətirmək qeyri-mümkündür. Görünür, hər bir adamın taleyi, eləcə də sənəti hələ dünyaya gəlməzdən əvvəl müəyyən olunur. Gəncədə, bizim qonşuluğumuzda bir bina vardı. Orada Gəncə Teatrının işçiləri, onların ailələri yaşayardılar. Səhər açılandan axşam düşənə qədər bizim həyətdən uşaqların səs-küyü əskik olmazdı. Mənim doğma, şirin uşaqlıq xatirələrim bu səsli-küylü mühitlə bağlıdır. Bəlkə sənət seçimim də elə o mühitdən gəlirdi. Bilmirəm, bəlkə də. Hələ üstəlik, atam da, özündən eşitdiyimə görə, bir müddət teatra meyl göstərib.

- Siz ziyalı ailəsində dünyaya gəlmisiniz?
- Atam hərbiçi idi. Bibilərim hüquqşünas olub, əmim maliyyə sahəsində işləyir, nənəm və anam isə evdar qadın idilər. Amma atamın 15 yaşı olanda teatrda işləməyə getmişdi. Aktyor olmaq istəyirdi. Orada dolanışıq çox çətin olduğundan o, qısa bir vaxtda teatr, aktyorluq xəyallarından ayrılmalı oldu. Valideynlərim çox tez, yaşları hələ həddi-büluğa çatmayanda evlənib ailə qurmuşdular. Mən dünyaya gələndə atamın 17, anamın isə 15 yaşı vardı.
- Bu yaşlarında uşaqları gecə kinoseanslarına buraxmırdılar…
- Bəli, amma onlar evlənmişdilər, bir-birlərini istəyib evlənmişdilər. Babam Tiflisdən, nənəm Dağıstandandır, atam və anam gəncəli olublar. Əmim ədəbiyyata böyük maraq göstərirdi. Azərbaycan, dünya klassiklərindən kimi desəydin, onun kitabı bizim evdə var idi. Amma əmim də dolanışıqla əlaqədar ədəbiyyata yox, tamam başqa sahəyə üz tutmalı olmuşdu.
- Bakıya nə vaxt gəldiniz?

- 1956-cı ildə atamın işi ilə əlaqədar Gəncədən Bakıya köçdük. Bu zaman mən orta məktəbin dördüncü sinfində oxuyurdum. Təhsilimi burada, 4 saylı rus məktəbində davam etdirdim. Onuncu sinfi bitirəndə artıq qət etmişdim ki, Moskvaya, Ümumittifaq Kinematoqrafiya İnstitutuna gedəcəyəm. Bu arzum ürəyimdə qaldı. Evdən buraxmadılar. Atam aktrisa olmağıma qəti razı deyildi. O zaman Gəncədə aktrisaların çoxu başqa millətdən olan qadınlar idi və onlar haqqında, adətən, yaxşı söhbətlər getmirdi. Atamın Moskva ilə bağlı etirazını qəbul etsəm də, aktrisa olmaq istəyimdən əl çəkmirdim. Kinoya, məşhur xarici kinoulduzlara intəhasız məhəbbət bəsləyirdim, özümü onlara oxşatmağa çalışırdım. Mənim öz kino dünyam var idi. Tez-tez özümə, öz dünyama çəkilər, xəyallar aləmimdə yaşayardım. Oynamağı, ünsiyyəti çox sevsəm də, sirdaşım ola biləcək rəfiqəm yox idi. Mən həmişə tənhalığa üstünlük vermişəm. Elə indinin özündə də…
- Atanızın istəklərinizə qarşı belə sərt mövqeyinı indi xatırlayanda, onu qınayırsınız?
- Burda söhbət atamın münasibətindən getmir. O zaman Gəncədə aktrisalar digər qadınlardan sərbəst rəftarı ilə kəskin fərqlənərdilər. Cəmiyyət bunlara sakit yanaşmağa heç bu gün də hazır deyil. Bu gün də aktrisa olmaq üçün gərək bir çox maneələri adlayasan. Cəmiyyətdə bu gün də bizim sənət birmənalı qarşılanmır. Mən deyə bilmərəm bu yaxşıdır, ya pis. Sözsüz, milli şüurda bir çox prinsipial fərqlərin qorunub-qalması vacibdir. Bir də var rəzillik. Əsası olmayan söhbətlərə uymaq. Buna əlbəttə nəinki yaxşı baxmıram, onun haqqında düşünməyi belə mənasız hesab edirəm.

- Əgər siz kişi olsaydınız, nişanlınızı aktrisa olmağa buraxardınızmı?
- (Gülür)… Yəqin ki, yox. Mən təbiətən çox qısqanc adamam.
- Sizin bu cavabınıza həyat yoldaşınızın münasibəti, görəsən, necə olacaq?
- Yusif başqa bir insandır. Eyni sualı mən də ona vermişəm. Amma əvvəl istərdim ilk görüşümüzün tarixçəsini danışım. O mənimlə görüşəndə artıq ali təhsilli idi, indiki İqtisad Universitetini bitirmişdi. Təsadüfən dostu ilə birgə Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) qarşısından keçəndə məni gördü. Gördü və yenidən ali təhsil almaq, yəni mənimlə tanış olmaq eşqinə düşdü.
- Siz artıq institutda oxuyurdunuz?
- Xeyr. Mən, əlbəttə, anamın və qohumlarımın köməyi ilə, nəhayət, atamı razı salıb Teatr İnstitutuna gəldim…
- Buna qədər istərdim daha bir sual verim. Hər bir sənətkar üçün bu sənətə qapını ilk dəfə olaraq kimsə açır. Sizin həyatınızda belə bir adam kim olub?
- Rahib Hüseynov. İnstitutun rektoru. Onuncu sinifdə oxuyurdum, məktəbi qurtarmağımı gözləmədən instituta gəldim. Artıq Kinematoqrafiya İnstitutu ilə bağlı xəyallarımla vidalaşmışdım. Onsuz da məni evdən Moskvaya buraxmayacaqdılar. Ümidimi yalnız bizim instituta bağlamışdım. Qapıdan içəri keçəndə qarşıma çıxan ilk adam Rahib müəllim oldu. Diqqətlə mənə baxıb soruşdu:

- Sizə nə lazımdır?
- Burada aktyorluq kursunda oxumaq istəyirəm, məlumat almaq üçün gəlmişəm, - deyə utana-utana dilləndim. Onu da qeyd edim ki, təhsilim rusca olduğundan, adamlarla da elə rusca ünsiyyətdə olurdum. Rahib müəllim bundan bir az təəccübləndi və bildirdi:
- Burada təhsil Azərbaycan dilindədir. Hərçənd, bizdə rusca aktyorluq kursları var, amma yaxşı olardı, öz dilimizdə sənətə yiyələnəsən. Əgər Azərbaycan dilini kamilləşdirmək istəyirsənsə, icazə verirəm, gəl bizim dərslərin dinləyicisi ol.
Beləliklə, o gündən rektorun özünün icazəsiylə mən institutda aktyorluq kurslarında dinləyici kimi iştirak etdim. Hətta «Dialektik materializm» fənni üzrə dərslərdə də, bunun nə olduğunu anlamasam da, oturub diqqətlə müəllimə qulaq asırdım. Doğrudan da, getdikcə mən dili mənimsəyə başladım. Dinləyə-dinləyə qulağım ədəbi sözlərə, cümlələrə alışırdı. Onu da deyim, mənə böyük xoşbəxtlik üz vermişdi. Bir il Adil İsgəndərov kimi nəhəng sənətkarın rəhbərlik etdiyi kursun dərslərində oturdum. Hətta tələbələrlə hazırlanan tamaşalarda da iştirak etdim. Bununla əlaqədar bir səhnə ömürlük yaddaşıma həkk olunub və bunu heç vaxt unutmayacağam. May ayının axırları idi. Adil müəllim sonuncu dərsi deyib otaqdan çıxanda qapının ağzında ayaq saxladı. Geri çevrilmədən dedi:
- Mən sizinlə vidalaşıram. Bu bir ildə mən sizin kursu bəyənmədim. Gələn ildən özümə yeni kurs götürəcəyəm.
Elə addımını atıb qapıdan çıxmaq istəyirdi ki, yenə dayandı, azca geri çevrilib mənə dedi:

- Emiliya, bu sənə aid deyil. İstəyirsən, səni ikinci kursa keçirim?
O məni «Emilya» çağırırdı. Onun təklifi mənim üçün gözlənilməz alındı. Özümü itirmədən mən də ona sual verdim:
- Adil Rzayeviç, siz ikinci kursa dərs deyəcəksiniz?
- Yox, mən birincilərdən başlayacağam.
- Onda mən də elə qaydası üzrə imtahan verib birinci kursa daxil olacağam.
Məktəbi qurtaran kimi sənədlərimi verib instituta daxil oldum və Adil müəllimin kursunda oxumağa başladım. Gələcək həyat yoldaşım Yusiflə birgə. Bir neçə ildən sonra, yuxarı kurslarda oxuyanda, sizin mənə verdiyiniz sualla ona müraciət etdim: «Yusif, necə oldu sən mənim aktrisa olmağıma icazə verdin?». Olduqca maraqlı cavab eşitdim: «Mən səni aktrisa olmaq fikrindən döndərəcəkdim. Amma səhnədəki uğurlarını görüb özüm öz fikrimdən döndüm».
- Artıq səhnədə uğurlarınız var idimi?
- Bəli! İkinci kursda oxuyanda dördüncü kursun rejissorları ilə «Romeo və Culyetta» tamaşasında Culyetta rolunda oynamışdım. Kursa Azərbaycan Akademik Dövlət Dram Teatrına (hazırda Milli Dram Teatrı - red.) baş rejissor təyin olunan Tofiq Kazımov rəhbərlik edirdi. Elə həmin vaxt teatr İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesini qəbul edib tamaşaya hazırlayırdı. Burada haşiyə çıxıb bəxt anlayışı haqqında danışmaq istəyirəm. Bu həm də tale idi. Rahib müəllimin qarşıma çıxması, Adil İsgəndərovun kursunda oxumağım, Tofiq müəllimin mənimlə kurs tamaşası hazırlaması və üstəgəl, teatrda «Sən həmişə mənimləsən» kimi yeni üslublu bir əsərin qəbul olunması… Görün, nə qədər uğurlu təsadüflər üst-üstə düşür. Bu, şans idi. Tofiq müəllim pyesi mənə verib oxumağı və öz qeydlərimi etməyi tapşırdı. Oxudum, qeydlərimi də etdim. Kazımov məni bu rola, ölkənin əsas teatrında qoyulan hər mənada yeni sayılan tamaşaya baş rola dəvət etdi. Mən bu şansı əldən verə bilməzdim. Doğrudur, əvvəl Adil müəllimdən xeyir-dua istədim. Amma o mənə bu tamaşada çıxış etməyi məsləhət görmədi:

- Çalış, sənətdə pillə-pillə qalxasan. Bu rol ağırdır. Sənin hələ kövrək olan qanadlarını sındıra bilər.
Tofiq Kazımovla məlum səbəblər üzündən arası soyuq olan Adil İsgəndərov, əslində, düz deyirdi. Kazımov teatrda prima sayılan, amma yaşı gəlib qırxa, əlliyə çatan Hökumə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Barat Şəkinskaya kimi aktrisalara 18 yaşı olan bu qızın rolunu verə bilməzdi. Bununla belə, ağır rol idi. Həm də teatrda Tofiq müəllimin seçiminə yaxşı yanaşmırdılar. Necə yəni, belə məsul bir rolu ikinci kurs tələbəsinə etibar edirdi. Hətta İlyas müəllim də təkid edirdi ki, rolu tanınmış aktrisa oynasın. Aktyorlar narazılıq bildirirdilər. Teatrda intriqaların nə demək olduğunu bilirsiniz. Bəli, mən risqə gedirdim. Amma şansı əldən verə bilməzdim.
Əgər mən teatra «Sən həmişə mənimləsən» tamaşasındakı Nargilə ilə gəlməsəydim, bəlkə də mənim tamam başqa taleyim olardı. Mənim bu rolda çıxışım haqqında İlyas Əfəndiyev sonradan yazırdı ki, «Məşqdən-məşqə rolu az qala bu cavan qıza qısqanırdım. Necə ola bilir ki, hələ təcrübəsi olmayan bu gənc aktrisa yaratdığım surətin duyğularını belə tamlığı ilə qavrayıb çatdıra bilir?!». Qısqanclıq və fərəh.
- «Sən həmişə mənimləsən» sonradan dəfələrlə bizim teatrlarda tamaşaya qoyuldu, müxtəlif aktrisalar tərəfindən oynanıldı. Siz Nargiləni özünüzdən sonra gələnlərə qısqanırdınızmı?
- Mən buna qısqanclıq demərəm. Və söhbət təkcə Nargilədən getmir. Nargilə, «Büllur saray»da Aynur, «Unuda bilmirəm»də Nərmin, Xurşidbanu Natəvan… Mənim bu rollara heyfim gəlir. Əgər başqa aktrisalar bu rollarda yeni çalarlar tapıb üzə çıxarsaydılar, tamam başqa tərəfdən onların uğurlu həllini tapsaydılar, həqiqətən də aktyor nailiyyəti müşahidə etsəydim, onda mən hamıdan çox sevinərdim. Amma mənim bu əsərlərə heyfim gəlirdi. Təsəvvür edin, bu əsərlər əsasında hazırladığımız tamaşaların hərəsi min dəfə anşlaq vermişdi. «Sən həmişə mənimləsən» pyesi ilə bizim səhnəyə İlyas Əfəndiyev tərəfindən yeni janr, lirik-psixoloji dram janrı gətirildi. Onu Tofiq Kazımov tamaşaya qoydu, Əli Zeynalov və Amaliya Pənahova oynadılar. Əgər bu uğuru üstələyə biləcək bir tamaşa ilə qarşılaşsam, özüm birinci ayağa qalxar, hamıdan uca səslə «bravo» deyib alqışlayaram. Amma təəssüf ki, bu yoxdur. Hər hansı bir tamaşa ətrafında əfsanə yaranırsa, onu pozmaq düzgün deyil. «Vaqif», «Otella» Ələsgər Ələkbərovla əfsanə idi. 1964-cü ilin «Sən həmişə mənimləsən»i, sonradan «Unuda bilmirəm», «Təhminə və Zaur» tamaşaları da əfsanə idi və bu gün də bu əfsanə davam edir. Baxmayaraq ki sonrakı nəsillər o tamaşanı görməyiblər. Amma əfsanə də elə ona görə əfsanədir ki, dildən-dilə, nəsildən-nəslə ötürülür. Onları qorumaq lazımdır. Təhminə rolu mənim üçün olduqca əzizdir. O tamaşada Anarın «Ağ liman» və «Beşmərtəbəli evin altıncı mərtəbəsi» əsərlərinin ən incə məqamlarını götürmüşdük. Bu tamaşada Təhminənin faciəsi daha dərindir. O nə siqaret çəkir, nə içki içir. Bunların hamısı zahiri, üzdə dayanan məsələlərdir. Faciə daha dərindədir. Təhminə özünü cəmiyyətdə artıq bir insan kimi hiss edir. Əgər bilirsinizsə, tənha qadının arxasınca çəkilən kometa şleyfi gəlir. Axı bu qadının günahı nə idi? O özündən bir neçə yaş kiçik olan gənc Zauru sevir. Məgər bu əsas verirmi ki, onun haqqında bu qədər dedi-qodu, bu qədər söz-söhbət danışılsın? Cəmiyyət belədir. Qadın isə təkdir, o öz gücsüzlüyünü anlayır. Lakin barışmır, sevir və sevgisinə özünü qurban verir. Bax, belə bir faciəni, belə bir tragik dərketməni oynamaq mənə müyəssər oldu…

- «Sən həmişə mənimləsən» tamaşasından sonra instituta qayıtdınız. Digər tələbələrdən seçilirdiniz, sizdə müştəbehlik, bir qədər özündən arxayınlıq yaranmadı ki?
- Qətiyyən! Hətta bu gün də o dediyiniz hisslər mənə yaddır. Mən necə utancaq qız idim, elə də qaldım. Bütün uğurlarım, sonradan mükafatlar, adlar sanki məndən kənar idi, sanki mənə yox, kiməsə verilirdi və mən bunlara kənardan müşahidəçi kimi baxırdım. Bunun səbəbi odur ki, mən özüm haqqında düşünəndə daha çox mənfi keyfiyyətləri, çatışmazlıqları axtarıram, nəinki müsbət tərəfləri, uğurları.
- Onlar hansılardır, mənfi keyfiyyətlər dediyiniz?
- Deyə bilməyəcəyəm, çünki özümdə mənfilikləri təkcə axtarmıram, tapan kimi islah edirəm. Əgər desəm, jurnalınızda çap eləyənə qədər artıq bu mənfi keyfiyyət məndə olmayacaq. Axı nəyə görə öz mənfiliklərimi nümayiş etdirməliyəm? İnsan daim öz üzərində işləməlidir. Odur ki, müştəbehlik sözü mənə aid deyil.
- Fəxri ad da sizə yəqin ki, tez verildi?
- Nə danışırsınız? Səhnəyə çıxandan yalnız iyirmi bir il sonra mənə xalq artisti adı verildi. Baxmayaraq ki buna qədər çox məşhur idim. Teatrda məndən məşhur aktrisa yox idi. İnstitutda oxuya-oxuya teatrın ən populyar tamaşasında baş rolu oynayırdım. Amma buna görə mənə teatrdan bir qəpik pul vermirdilər. Bir dəfə Tofiq Kazımov təsadüfən nə qədər maaş aldığımı soruşdu. Heç nə qədər. Qəribə görünsə də, belə idi, teatrdan əmək haqqı almırdım. Yalnız baş rejissorun müdaxiləsindən sonra mənə cüzi məbləğ yazıldı. İnstitutu bitirəndə teatrda işlədim. Neçə illər gənc qız rollarını, əsasən, mən oynayırdım. O zaman respublika komsomolunun birinci katibi işləyən mərhum Elmira Qafarova oynadığım tamaşaların hamısını görmüşdü. Komsomol mükafatına teatrdan verilən siyahıya baxanda Elmira xanım təəccüblənmişdi:
- Bəs Amaliyanın adı siyahıda niyə yoxdur?
Elmira xanımın təkidi ilə mənim də adım siyahıya əlavə olundu və sənədlərim ona təqdim edildi. O xanım olmasaydı, məni, teatrda əksər gənc qız surətlərini yaradan gənc aktrisanı komsomol mükafatından kənarda qoyacaqdılar. 1971-ci ildə «Mahnı dağlarda qaldı» tamaşasına respublikanın birinci katibi Heydər Əliyev baxmışdı. Baxışdan sonra aktyorlarla görüşdə bildirdi ki, tamaşaya dövlət mükafatı verilməlidir. Amma bir müddət sonra dövlət mükafatına Rus Dram Teatrının «Komandorun addımları» tamaşası təqdim olundu. Heydər Əliyev bizim tamaşanın niyə təqdim olunmadığını soruşanda, komissiya üzvləri bildirmişdilər ki, tamaşanı onlara göstərməyiblər. Doğrudan da belə olmuşdu. Komissiya üçün tamaşanı oynamaq vaxtı çatanda İsmayıl Dağıstanlı, əsas rollardan birinin ifaçısı özünü xəstəxanaya salır ki, gənclərə mükafat düşməsin.

- Yəni belə işlər də olurdu?
- Əşşi, o qədər olurdu ki… Amma Heydər Əliyev təkidlə komissiya üzvlərinə demişdi:
- Mən tamaşaya baxanda, sizdən kim orada yox idi?
Komissiya üzvlərinin hamısı susur.
- Deməli, hamınız ordaydınız. Deyin görüm, bu tamaşanın dövlət mükafatına təqdim olunmasına etirazınız varmı? Yox. Çox yaxşı. Deməli, bir daha tamaşaya baxmağa ehtiyac qalmır.
«Mahnı dağlarda qaldı» tamaşasının yaradıcı heyətindən yeddi nəfər - müəllif, bəstəkar, rəssam və dörd əsas rolun ifaçısı dövlət mükafatı aldı. Onların içində mən də var idim. Tamaşada baş qəhrəmanı, Şahnaz rolunu oynamışdım. 1973-cü ildə teatrın 100 illiyi münasibətilə Moskvada keçirilən qastrolda beş tamaşa göstərilmişdi. Onlardan üçündə mən baş rolda oynayırdım. Qastroldan qayıdanda, 1974-cü ildə əməkdar artist adını aldım. Bundan sonra on bir il sərasər teatrda ən müxtəlif janrlı tamaşalarda, ən müxtəlif amplualı rollarda oynadım. Yenə də mənim adımı çıxarmaq üçün siyahı dəyişdirilmişdi. Sonradan məsələnin üstü açıldı. Amma o zaman adlar verildi. «Unuda bilmirəm»in axşam tamaşasına gəlmişdim. Teatrda qarşıma Məmmədrza Şeyxzamanov və Muxtar Avşarov çıxdılar. Onlar, elə bil, mənə başsağlığı verirdilər:
- Bilirsən, Amaliya, sən fəxri ad alanların siyahısında yoxsan.
İnandırım ki, bu xəbər məni qətiyyən sarsıtmadı. Həmin gecə Nərmin rolunu elə həvəslə oynadım ki, sanki ömrümdə birinci dəfə idi səhnəyə çıxırdım. Həmin gecə fəxri adın sənət üçün nə qədər şərti və bəlkə də əhəmiyyətsiz olduğunu anladım.
- Sizə qarşı sənət qısqanclığı göstərənlər, yəqin ki, qadın həmkarlarınız idi?
- Qəribə də orasıdır ki, təkcə qadın yox, kişilər də xəbisliyindən qalmırdılar. Hətta mənə iyirmi bir ildən sonra xalq artisti adı verilən gün, bir çox kişi aktyorlar etiraz səslərini qaldırır, bu adın niyə onlara verilməməsinə qeyzlənirdilər. «Təbrik» sözünü isə dillərinə belə gətirmirdilər.
- Siz Yusif müəllimlə institutu bitirəndən sonra ailə həyatı qurdunuz?
- Biz dörd il instituta, teatra bir yerdə gedirdik. Aramızda heç bir macəra yox idi. Hətta o, xoşuna gələn qızları mənə göstərirdi.
- Bəs siz necə?
- Məndə elə şey yox idi. Bu mənada gec ayılmışam. Fikrim, zikrim sənətə yönəlmişdi. Bəlkə də həmin yaşa aid olan hissləri elə oynadığım rollarda ifadə edirdim… vəssalam.
- Yəni «Sən həmişə mənimləsən» tamaşasında sizdən iyirmi beş yaş böyük olan Həsənzadəyə - Əli Zeynalova məhəbbət bəsləyirdiniz…

- Rolda hə. Mən onu əvvəllər səhnədə görsəydim, yəqin ki, başqa hiss keçirərdim. Əli Zeynalovu səhnədən tanıyan, onunla tərəf-müqabil olan aktrisa, inanmıram ki, onu sevə bilərdi…
- Axı sizin Nargilə onu sevirdi?..
- Bəli, ona görə ki, o duyğular mənə tanış idi.
- Həyatdan?
- Yox, o zaman kinoteatrlarda «Yeniyetmələr» adında bir ərəb filmi gedirdi, orada da gənc qız yaşlı bir kişiyə vurulur. Mən o filmə teatra gələnə qədər baxmış, ondan çox təsirlənmişdim. Əli müəllim gözəl sənətkar idi. Amma bizim qarşılıqlı hisslərimiz gözəl səhnə ifasından başqa bir şey deyildi. Ümumiyyətlə, mən həmişə tərəf-müqabilə xüsusi əhəmiyyət vermişəm. Tərəf-müqabilin pis olsa, nə qədər çalışsan da, sənin ifan yaxşı alınmayacaq.
- «Xurşidbanu Natəvan» tamaşasının hazırlanması böyük qalmaqalla müşayiət olundu. Baş rolda isə siz oynayırdınız. Nə baş vermişdi?
- Əslində, mən qalmaqaldan sonra gəldim. O zaman bir neçə filmdə çəkilmək üçün teatrdan yaradıcılıq məzuniyyəti götürmüşdüm. Onu da deyim, teatrda həddən artıq məşğul olduğum üçün bir xeyli kino rollarını itirmişəm. Moskvaya Əjdər İbrahimov filmə çəkməyə çağırıb, gedə bilməmişəm; Orta Asiya ölkələrinin kinostudiyalarından gələn bir çox dəvətləri cavabsız qoymağa məcbur olmuşam. Bəzən teatra gələn dəvət-teleqramları gizlədib mənə vermirdilər. Buna baxmayaraq, mən hələ də kino arzularımla yaşayırdım. Rejissor Şamil Mahmudbəyov məni «Həyat bizi sınayır» filminə çəkilməyə çağıranda, məcbur oldum teatrdan ikiillik məzuniyyət götürdüm. O iki il ərzində «Həyat bizi sınayır»dan başqa daha iki filmə, «Mezazoy əhvalatı» və «Qərib cinlər diyarında» filmlərinə çəkildim. Həmin dövrdə İlyas Əfəndiyev teatra «Xurşidbanu Natəvan» pyesini verdi. «Sən həmişə mənimləsən»dəki uğurdan sonra İlyas müəllim əsərlərindəki qadın rollarını mənim üçün yazırdı. Bir gün o mənə telefonla zəng vurub dedi:
- Amaliya, mən sənin üçün «Natəvan»ı yazıram.
- İlyas müəllim, mən indi teatrda deyiləm, hazırda bir neçə filmə çəkilirəm.
- Mənə dəxli yoxdur, işlərini elə qur, gəlib tamaşada oynaya biləsən.
Mən qayıda bilməzdim. Çünki yaxınlarda «Babək»in çəkilişləri başlayacaqdı. Amma İlyas müəllim sözündə israrlı adam idi. Hadisələrdən xəbərim olmayıb. Sən demə, İlyas müəllim ozamankı mədəniyyət naziri Zakir Bağırov və Dövlət Kino Komitəsinin sədri Azad Şərifova zəng vurub bildirib ki, nə edirsiniz-edin, Amaliya gəlib tamaşada oynamalıdır. Bir gün kinostudiyanın direktoru Cəmil Əlibəyli məni kabinetinə çağırdı:

-Amaliya, mən sənin razılığını almaq üçün çağırmamışam. Sən teatra qayıtmalısan. İlyas müəllim zəng eləyib, iki nazir də öz aralarında razılığa gəliblər. Sən tamaşada oynamalısan. Biz elə şərait yaradacağıq ki, filmlərə də çəkiləsən.
Mən ərizə yazmadan teatra qayıtdım. İndiyə qədər mənim orada qayıtmaq haqda ərizəm yoxdur. Bu zaman artıq Tofiq Kazımov faciəli həlak olmuşdu. İlyas müəllim Moskvada müalicə alırdı. Pyesin üzərində gənc rejissor Mərahim Fərzəlibəyov işləyirdi. Elə ki rol bölgüsü aparıldı, birdən xəbər tutdum ki, mənə «Xurşidbanu Natəvan» tamaşasında rol verməyiblər. Əvəzində «Cehizsiz qız» tamaşasında rol veriblər. Yenə də teatrda müəyyən qüvvələr vəziyyətdən, İlyas müəllimin burada olmamasından, tamaşanı hazırlayan rejissorun gəncliyindən istifadə edib, məni tamaşadan çıxarmışdılar. Məşq doqquz ay davam etdi. Baxış tamaşasına yazıçı, İlyas Əfəndiyevin oğlu Elçin gəlib baxandan sonra, tamaşanın dayandırılmasını tələb etdi:
- Tamaşanı bu şəkildə qəbul etmək olmaz. İlyas müəllim Moskvadan gələndən sonra özü baxar, nə qərara gəlsə, onu da edərik. Mən isə tamaşanı bəyənmədim.
İlyas müəllim gələndən sonra yenə mənə müraciət etdi. Yenidən məşqlər başladı və baş rolda mən oynadım. O, Natəvanın istənilən qəzəlini, şeirini istədiyim yerdə işlətməyimə icazə verdi. Tamaşa uğurlu alındı…
- Siz səsiniz üzərində işləmisinizmi?
- Aktyor öz danışığı, diksiyası üzərində işləyir. Amma səs üzərində iş daha çox vokalçılara aiddir. Əlbəttə, səsimdəki anadangəlmə lirik çalarlar mənim aktyor taleyimə böyük təsir göstərib.
- Bununla belə, bəzən, xüsusilə Milli Məclisin üzvü olarkən çağırış, hətta tənqid xarakterli çıxışlar edirdiniz. Bir çoxları sizin çıxışlarınıza mənfi reaksiya vermişdi…
- Millət vəkili olana qədər mən 1988-ci ildə Azadlıq meydanında çıxışlar etmişəm. 20 Yanvar faciəsində mənim çağırış, etiraz xarakterli çıxışlarım olub. Xocalı soyqırımı zamanı Sankt-Peterburqda MDB parlamentlərarası mədəniyyət-informasiya-turizm-idman daimi komissiyasının işində iştirak edirdim. Sonradan bu komissiyanın sədri də oldum. Bax, həmin vaxt Sankt-Peterburqda olduğumdan mənə dedilər ki, Milli Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı təmsil edən şəxs kimi iştirak edim. İclasda hərbçilər, o cümlədən, erməni generalları iştirak edirdilər. O günü qara örtükdə, qara geyimdə iclasa gəlmişdim. Bu mənim içimdən gələn tələb idi. Azərbaycandan həmin iclasda nə müxbir var idi, nə çəkiliş qrupu. Bunları mən göstərmək üçün etmirdim. Sədrə bildirdim ki, bu gün mənim ölkəmdə matəm günüdür. Bütün zalı ayağa qaldırdım. Birdəqiqəlik sükut hökm sürdü. Yaxud İtaliyada baş verən hadisəni xatırlaya bilərəm. Orda dünyanın parlamentar qadınları iştirak edirdilər. Senatın möhtəşəm zalında «Münaqişə gedən ölkələrdə gənclərin vəziyyəti» mövzusunda iclasda mənə söz verilir, lakin mikrofonum yanmır, əvəzində, erməni qadında mikrofon yanır, o da ayağa durub Qarabağ haqqında ermənicə danışmağa başlayır. Mən isə çıxılmaz vəziyyətdə qalmışam. Adım çəkilib, mikrofonum yanmır və heç kim də məni eşitmir. Ayağa durdum. Bax, həmin məqamda səsim mənim karıma yetdi. Ucadan bütün zala qışqırdım:

- Protesto! Azərbaycan!
Məsələnin nə yerdə olduğunu biləndən sonra, erməninin çıxışını yarımçıq kəsdilər və üzr istəyib sözü mənə verdilər. Mən də artıq hazırlaşdığım çıxışı daha qətiyyətlə söylədim. Məndən əvvəl və mənim yerimə çıxış eləyənə etirazımı da bildirdim.
Elə səhnədə də belə qəti çıxışlarımı hələ sovet illərində dinləmək olardı. «Natəvan» tamaşanın sonunda deyir: «Mən Azərbaycanın gələcəyini xoşbəxt və azad görürəm!». Mənim rəhbərliyimlə açılan Bələdiyyə Teatrının ilk illərində hazırladığım tamaşada Tomris ananın son monoloqu çağırış deyilmi? Məgər «Babək» filmində mənim qəhrəmanım çağırış xarakterli nitq söyləmirmi?
O ki qaldı çıxışlarıma qarşı etirazlara, bir dəfə belə hadisə baş vermişdi. Sadəcə, jurnalist qız mənim müsahibəmi düzgün dərc elətdirmədiyinə görə belə reaksiya doğurmuşdu. Xoşbəxtlikdən, o zaman mən müsahibələrimi öz diktofonuma da yazırdım. Müsahibənin mənim diktofonumda olan variantının mətni çap olunandan sonra, hər şey aydın oldu və söhbətlər aradan qaldırıldı.
- Milli Dram Teatrından niyə getdiniz?
- Orada müdiriyyət dəyişildi. Bir az sözümüz, mövqeyimiz düz gəlmədi.
- Həsənağa Turabovu deyirsiniz. Siz kin saxlayansınız?
- Bəli, özü də çox…
- Turabovun dəfnində iştirak etmişdiniz?
- Əlbəttə, biz bir yerdə neçə illər çalışmışıq, gözəl tərəf-müqabil olmuşuq. Nəinki onun dəfnində, oğlu Daşqın həlak olanda da getmişdim. Amma başsağlığını Həsənağaya yox, onun ailəsinə verdim. Mən ondan teatrda son dövrdə baş verənləri gözləmirdim. O, sənətkar idi. Gərək bunlara getməyəydi. O, sadəlövh və tezinanan olduğundan belə etdi. Əslində, Turabovun özü yox, ətrafına toplaşanlar tərəfindən (teatrda həmişə mövcud olan o qara qüvvə yenə öz işini görürdü) 90-cı illərin əvvəllərində, torpaqlarımız işğala məruz qaldığı bir vaxtda, bu hadisələrə qarşı sənətkar mövqeyimizi bildirəcək tamaşalar hazırlamaq əvəzinə, lazımsız gərginlik yaradılırdı. Elə o vaxt birdən-birə teatr təmirə dayandırıldı…

- Rəhbərlik etdiyiniz Bakı Bələdiyyə Teatrında qızğın işlər gedir. Bununla belə, ilk addımlarınızı atdığınız o teatrın səhnəsi üçün hərdən darıxırsınız?
- Darıxmağa vaxtım yoxdur. Bizim teatrda iş çoxdur. O teatrdan isə birdəfəlik getdim. Yadımdadır, bir gün İlyas müəllim mənə telefon açıb təzə pyes yazdığını bildirdi. O, istəyirdi oxuyub fikrimi deyim. Mən də cığallığa yol verdim, ona dedim:
- İlyas müəllim, siz əsəri əvvəl Bakı Bələdiyyə Teatrına verin. Bir də gəlin sizinlə müqavilə bağlayaq ki, bu pyes başqa teatra verilməyəcək, ondan sonra sizə fikrimi bildirərəm.
- Pay atonnan! - İlyas müəllim mənim şıltaqlığıma gülə-gülə söyləndi. Sonra bir az düşünüb dedi:
- Yaxşı gözlə, verəcəyəm.
On gündən sonra onun vəfatı haqqında ağır xəbəri eşitdim. İlyas Əfəndiyev mənim səhnə taleyimdə əvəzsiz rol oynayıb.
- O əsər hansı idi?
- İlyas müəllim mənə son əsərinin adını demədi. Ona görə də mən oynadığım və oynayacağım rollardan birinin taleyindən xəbərsizəm…
- Ata-ananıza baş çəkirsiniz?
- Əlbəttə, hər gün…
- Bəs uşaqlarınız?
- Oğlum xaricdə işləyir. Qızım burda. Üç nəvəm var - biri oğlumun, ikisi qızımın uşaqları. Onlardan ən böyüyü, iyirmi yaşında qız nəvəmdir, onun toyunu arzulayır, səbirsizliklə gözləyirəm.
- Sizi ən yaxşı kim tanıyır?
- Heç özüm özümü yaxşı tanımıram.
- Ən böyük qadın həqiqəti nədir?
- Sevdiyi insan tərəfindən anlanılmaq. Bir də sevilmək.
- Doğrudanmı sənət qurban tələb edir?

- Təsəvvür edin, «Hamlet» tamaşasının ikinci premyerası zamanı tamaşa qurtaran kimi məni xəstəxanaya apardılar və birinci uşağım, qızım dünyaya gəldi…
- Elə bir vəziyyətdə premyeranı oynamışdınız?
- Bəli, rejissor məni Ofelya rolunda heç kimlə əvəz etmirdi. «Nişanlı qız»ın ilk tamaşasına, təxminən, üç saat qalmış evdə bir qazan isti şorbanı dağıdıb ayağımı yandırmışdım. İkinci dərəcəli yanıq idi. «Təcili yardım» gəlib iynə vurdu və həkim mənə bildirdi ki, xəstəxanaya aparılmalı, bir aya yaxın orda yatıb müalicə almalıyam. «Təcili yardım»la xəstəxanaya yox, teatra getdim, iynələr vurdurub səhnəyə çıxdım və premyeranı oynadım. Bəli, sənət qurban tələb edir. Bu günlərdə Elçin İlyas Əfəndiyevin yeni çapdan çıxmış külliyyatını mənə hədiyyə etdi. O kitabları, o pyesləri sanki ilk dəfə, acgözlüklə oxumağa başladım. Elə bil, bu rolları oynayan mən olmamışam. Mən yenidən o illəri, o duyğuları yaşadım. Bu mənim taleyimdir.
- Uğurlu taledir. Buna görə kimə «əhsən» deyirsiniz, özünüzə, ya bəxtinizə?
- Əgər Rahib Hüseynov mənim üçün vaxtından tez institutun qapılarını açmasaydı, əgər Tofiq Kazımov məni görüb baş rola dəvət etməsəydi, qismətimə İlyas Əfəndiyev kimi dramaturq çıxmasaydı, əgər mən kədərə-qüssəyə qapılsaydım, yaxud o teatrda qalıb özümə qarşı hörmətsizliklərə dözsəydim, Bakı Bələdiyyə Teatrını yaratmasaydım, bu teatrla cəbhə bölgələrində olmasaydım, bombardmana düşməsəydim, on altı xarici ölkədə qastrolda olmasaydım, teatr mükafatları almasaydım, o qədər fərqli rollarla səhnəyə çıxmasaydım, kinoya çəkilməsəydim, sənətşünaslıq doktoru elmi dərəcəsi almasaydım və məni mən edən hadisələr olmasaydı, buna uğurlu sənət taleyi demək olardımı? Yox! Odur ki, mən həm ömrümboyu göstərdiyim əzmkarlığıma, həm də şanslı olmağıma «əhsən» deyirəm!

2009-cu il yanvar. El jurnalı-Nadir Bədəlov


















DOSTLARINLA PAYLAŞ:

oyunlar