Dünya şöhrətli muğam ifaçısı, Azərbayacnın xalq artisti Alim Qasımov mayın 12-də qastrol səfərinə yola düşəcək. Bir neçə ölkədə planlaşdırılan 7 konsertdən ibarət bu səfərdə Alim Qasımovun qızı Fərqanə xanım da iştirak edəcək.
Konsertlə bağlı A. Qasımov ANS PRESS-ə ətraflı məlumat verib: «İlk konsertlərimiz Almaniyada, mayın 13-də Hannover, 14-də Darmstat şəhərlərində olacaq. 3-cü konsert Fransanın paytaxtı Parisdə nəzərdə tutulub. Bu konsertdə İran xanəndəsi Şəhram Nazirinin də çıxışı planlaşdırılıb. Mayın 17-də Avstriyanın paytaxtı Vyana, 21-də Fransanın Nansi, 22-də Mərakeşin paytaxtı Rabat və 26-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərlərində konsertlərimiz olacaq. Konsert zamanı bizi həmişəki kimi - tarda Rauf İslamov, kamançada isə Ələsgər Məmmədov müşayiət edəcəklər. Təxminən saat yarımlıq bu konsertlərdə muğam və təsniflərimizi ifa edəcəyik. Məndə olan məlumata görə, artıq biletlər satılıb».
Qastrollar Fransada yerləşən «Ram» prodüser mərkəzinin rəhbəri Yorik Benoist tərəfindən təşkil edilib. Xalq artistinin qızı Fərqanə Qasımova isə səhhətindəki problemlərə səfərdə iştirak etməyə bilər.
Alim Qasımov mayın 27-də Vətənə dönəcək.
Elşad Məmmədov /ANS PRESS/