“Əgər bu teatr respublikanın bir nömrəli səhnəsidirsə, deməli, respublikanın ən yaxşı yaradıcı qüvvələri bura toplaşmalıdır”
. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovun
APA-ya müsahibəsi
- Son bir ayda Akademik Milli Dram Teatrının bir neçə aktyorunun səhhətinin pisləşməsi Sizi bir teatr rəhbəri kimi narahat etmir ki? Sizcə bu halın Akademik Milli Dram Teatrında aparılan islahatlar, ən əsası teatr heyətinin yenidən müsabiqə yolu ilə işə qəbul olunması ilə əlaqəsi varmı?
- Mən bunu belə düşünmürəm. Haqqında söhbət gedən aktyorlar Azərbaycan teatrının çox qüdrətli sənətkarlarıdır. Axı, onlar nədən ehtiyat edə bilərlər? Onların heç biri təsadüfi insanlar deyil. Uzun illər teatr sahəsində çalışmış, səhnədə böyük xidmətləri olan insanlardır. Məsələnin necə baş verdiyini heç kim bilə bilməz və bunun nə ilə bağlı olduğunu da bilmək mümkün deyil. Sadəcə onların hər biri səhhətində problemlər yaranıb. Elə bilirsiniz mənim üçün asandır? Bütün bu hallar məni çox narahat edir. Siyavuş Aslanın, Yaşar Nurinin, İlham Əsgərovun səhhəti ilə hər gün maraqlanıram. Siyavuş Aslanın səhhətində problem yarananda beş saat başının üzərində dayanmışam, Yaşar Nurinin yanına Türkiyəyə getmişəm, İlham Əsgərova baş çəkmişəm. Mən çox qayğıkeş insanam.
- Akademik Milli Dram Teatrının aktyorlarından bir neçəsi keçirilməsi nəzərdə tutulan müsabiqədə iştirak etməyəcəyini bildirib. Siz həmin aktyorları müsabiqədə iştiraka vadar edəcəksinizmi?
- Bu, hər kəsin öz haqqıdır. Müsabiqə kiminsə arzusu və istəyi ilə deyil, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə keçiriləcək. Bu göstəriş isə dövlət başçısının təsdiq etdiyi “Azərbaycan teatrının 2009-2019-cu illərdə İnkişaf Proqramı”na əsasən verilib. Bu müsabiqə kiminsə arzusu, hikkəsi və yaxud da istəyi ilə keçirilmir. Bu, Azərbaycan teatrında aparılan islahatlardır və bütün teatrlar islahatlara məruz qalacaq. Bu, Azərbaycan teatrının sağlamlaşdırılması istiqamətində görülən bir işdir.
- Bilirik ki, məhz bu yeniliklərlə əlaqədar teatrın kollektivi ilə görüşünüz Görüş zamanı ümumi heyətdən son proseslərlə bağlı Sizə irad bildirənlər olubmu?
- Heç kimin iradı olmayıb və irada da yer yoxdur. Bilirsiniz, dərsi bilməyən uşaq imtahandan qorxur. Ancaq bir qədər çalışqan, istedadlı tələbə imtahana normal yanaşır. Bu, biliyin, istedadın, xidmətlərin sınağıdır. Burada söhbət kollektivin yeni məqsədlər üçün səfərbər olunmasından, yeni vəzifələri həyata keçirə biləcək, çox çalışqan, istedadlı insanlardan ibarət bir kollektiv formalaşdırmaqdan gedir. Texniki heyətdə çalışan heç kəsi tanımırlar. Halbuki onlar olmasa bir tamaşa da hazırlana bilməz. Bu sahədə də bizə istedadlı, görülən işlər səviyyəsində çalışan mütəxəssislər lazımdır. Bəs biz nə etməliyik? Mövcud vəziyyətə dözək və hər şey necə varsa qalsın deyib, heç nəyə toxunmayaq, ancaq böyük əsərlər, rollar arzusunda olaq? Bu necə ola bilər? Cəmiyyətin teatra münasibəti dəyişib və cəmiyyət teatr qarşısında daha böyük tələblər qoyur. Artıq tamaşaçı daha yüksək səviyyəli, daha biçimli, daha estetik əsərlər və tamaşalar istəyir. Bunu həyata keçirəcək insanlar təbii ki, özlərinə dönüb baxmalı, öz yaradıcılıq yolunu nəzərdən keçirməlidir. Əvvəlki ifadə vasitələri indi qəbul edilmir, işə yaramır, yetərli deyil. Hər şey dəyişir, təkmilləşir, insanlar əvvəl geydiklərini indi geyinmirlər və yenisini geyinmək istəyirlər. Və ya üç il bundan əvvəl aldıqları mobil telefonu dəyişmək istəyirlər. Çünki cəmiyyət hər şeyin mükəmməlini, yenisini istəyir. Bir dünya var - Azərbaycan artıq öz içərisində Xaçmazla Lənkəran arasında yaşamır axı... Dünyaya çıxır, MDB ölkələrinə, Avropaya gedir. Biz hər şeyi ən yüksək formada dünyaya tanıtmalıyıq. Onlar bacarlıqlı, istedadlı, bioqrafiyalarında böyük rollar oynamış, böyük adamlardır, onlar nədən ehtiyat etməlidirlər?! Mən əslində bu problemi başa düşmürəm. Əgər hər hansı bir sahənin mütəxəssisiyəmsə, doğrudan da bu sahədən baş çıxara bilirəmsə, nə fərqi var ki, mən Peterburq alimləri içərisində olum, yoxsa İtaliya, Fransa alimləri içərisində. Yox əgər mən indiyə qədər birtəhər başımı girləmişəmsə, əlbəttə ki, o səviyyəyə çıxanda bundan ehtiyat edəcəyəm. Axı, hər bir insan nəyə qadir olduğunu bilir və hər biri nəyə layiq olduğunu gözəl başa düşür. Artıq küncdə-bucaqda dolanmaq vaxtı keçib. İndi yeni üfüqlərə doğru getmək lazımdır. Yeni vəzifələr, yeni məqsədlər var və o səviyyəyə malik insan heç bir şeydən ehtiyat edə bilməz. Əgər ehtiyat edirsə, deməli ki, onun yaradıcılığında problemi var. Öz problemini qoy özü də həll etsin.
- İsrafil müəllim, nəzərdə tutulan müsabiqə hansı şərtlər əsasında həyata keçiriləcək?
- Şərtlərdə qeyri-adi bir şey yoxdur. Yəni aktyorun yaradıcılıq yolu, ifadə etdiyi əsərlər, tamaşalar, rollar nəzərdən keçiriləcək. Komissiyanın hər bir üzvü sözsüz ki, hər bir aktyorun uğur və uğursuzluğunu obyektiv baxışla dəyərləndirəcəklər. Yəni burada bir nəfərin istəyi, obyektiv, ya subyektiv fikri, münasibəti əsas götürülməyəcək. Burada əsas məsələ bütövlükdə komissiyanın rəyidir. Bu proses səsvermə ilə həyata keçiriləcək. Tutaq ki, mən aktyoramsa, özümə, yaradıcılığıma güvənirəmsə, nədən çəkinməli və ehtiyat etməliyəm? Peşəkar hər yerdə peşəkardır...
- Müsabiqəyə sənədlərin verilməsi nə zaman yekunlaşacaq və bu günə kimi Akademik Milli Dram Teatrının heyəti sənəd qəbulunda fəal iştirak edirmi?
- Demək olar ki, teatrımızın kollektivinin əksəriyyəti sənədləri təqdim ediblər. Kadrlar şöbəsinin əməkdaşları ilə söhbət etmişəm. Çox aktyorlar artıq sənədlərini verib. Elələri var ki, xasiyyətnaməni hələ də təqdim etməyib, digər lazım olan başqa bir sənədi verməyib. Müsabiqəyə sənəd qəbulu dekabrın 25-də yekunlaşacaq.
- Akademik Milli Dram Teatrında keçiriləcək müsabiqədə respublikanın digər dövlət teatrlarının aktyorlarının iştirakına da imkan yaradılıb. Digər teatrlardan sənəd verən aktyorlar varmı?
- Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir dövlət teatrının aktyoru bu müsabiqədə iştirak edə bilər. Ümumiyyətlə, məqsəd Azərbaycan teatrının gələcəyini sağlamlaşdırmaq, həm də teatr sahəsini tamamilə yeni vəzifələrə səfərbər etməkdir. Digər teatrların aktyorlarından da müsabiqəyə sənəd verənlər olub. Ümumilikdə 12-yə yaxın digər teatrın aktyoru müsabiqəyə sənəd verib. Amma hələlik 10 gün vaxt var. Bu proses hələ davam edir. Bura Akademik Milli Dram Teatrdır. Akademik adı sadəcə ad deyil, bu həm də səviyyə, peşəkarlıq, uğur deməkdir. Akademik adına layiq olan adamlar bu kollektivdə, bu səviyyədə çalışa bilmək iqtidarında olan sənətkarlar, səhnə ustaları bu səhnədə çalışmalıdırlar. Söhbət bundan gedir. Ola bilər ki, digər teatrlardan yüz nəfər sənəd versin. Bu o demək deyil ki, onların hamısı Akademik Milli Dram Teatrda işlə təmin olunacaq. Bəzilərinə Akademik Milli Dram Teatrının səviyyəsini xatırlatmaq lazımdır. Çünki bu teatrın kollektivində ola bilər elə bir insan var ki, o, bəlkə neçə illərdir işləyir, amma bu səviyyəyə cavab vermir. Bunu tamaşaçılar deyir, qəzetlər yazır, istənilən toplantıda mütəxəssislər tərəfindən vurğulanır. Bəli, problemlərdən biri odur ki, Akademik Milli Dram Teatrında akademik səviyyə itirilib. Bu səbəbdən də zəif tamaşalar, zəif ifadə, aktyor məharətinin cılızlaşması, ifaçılığın sönük olması tamaşaçıları bu teatrdan küsdürüb, uzaqlaşdırıb. Bütün bu işlər tamaşaçını bu teatra qaytarmağa görədir. Cəmiyyətdə teatrın nüfuzunu, fəaliyyətini artırmaq üçündür. Axı, bu sənətdir. Təəssüf ki, biz bəzən əlifba həqiqətlərini xatırlatmalı oluruq. Əgər bura respublikanın bir nömrəli səhnəsidirsə, deməli, respublikanın ən yaxşı yaradıcı qüvvələri bu teatra toplaşmalıdır. Mən heç kəsin xətrinə dəymək istəmirəm. Amma açıq danışaq. Bura Füzuli, Ağdam, Mingəçevir teatrı deyil. Bu, milli statusu olan teatrdır. Əgər bu teatrın səviyyəsi digər teatrlarla eyni səviyyəyə düşübsə, bu, zamanın, on illərin məsələsidir. Ya teatr elə bu səviyyədə qalmalıdır, ya da çox operativ, kardinal tədbirlər görülməlidir. Bizim xalqımız böyük teatrlara, uğurlu tamaşalara layiqdir. Bunun üçün çox böyük səylər, istedad və məharət tələb olunur. Təəssüf ki, bəzən bunun əksini görürük. Bəslənən ümidlərə adekvat cavab verilmir, nəticə etibarı ilə cəmiyyət müəyyən mənada teatrdan incik qalır. Yəni söhbət 3-5 nəfərdən yox, kollektiv sənətdən gedir. Teatr elə bir vəziyyətə çatıb ki, bundan sonra bu şəkildə yaşaya, cəmiyyətə təqdim oluna bilməz. Azərbaycan dövləti teatra çox böyük diqqət yetirir. Heç bir ölkədə teatr xadiminə, aktyora təqaüdlər, fəxri adlar, mənzillər verilmir. Mən bu barədə danışanda onlar təəccüb qalırlar. Gürcüstan teatrı bütün beynəlxalq teatr festivallarında iştirak edib. Ancaq görün, orada aktyorlara belə münasibət varmı? Bəs, bütün bunların əvəzində bizim teatr dövlətə və cəmiyyətə nə verir? Hansı səviyyədə tamaşalar təqdim edir? Bu gün hər bir kəs onu arzulayır ki, teatrımızı fərəhləndirici səviyyəyə çatdıraq. Bunun üçün imkanlarımız tükənməyib. İşi elə qurmağa çalışırıq ki, teatr daim tamaşaçı ilə dolu olsun...