Ağaxan Abdullayev: "Kişi gərək kökündən kişi ola"
08 İyul 2010 Cümə Axşamı 17:20
Ağaxan Abdullayev: "Mən bugünkü səviyyəmə çox böyük çətinliklərdən keçib-gəlmişəm".
- Dünyada ağaxanlar çoxdur. Amma xanəndə Ağaxan bir nəfərdir. Öz adıyla tanınır. O da mənəm. Buna görə yalnız sənətimə minnətdar olmalıyam. Qürrələnmirəm, qətiyyən yox! Allah təkəbbürlü olanları sevməz! Sənətimə olan intəhasız məhəbbətimdən belə deyirəm. İlk növbədə, sənətə gəlişimi nəzərdə tuturam. Sənətdə heç kim qapıları üzümə taybatay açıb deməyib ki, buyur gəl, yuxarı başda yerin var. Mən bugünkü səviyyəmə çox böyük çətinliklərdən keçib-gəlmişəm. Əvvəla, mənim atam ağırxasiyyətli adam idi. Sənət yolu seçməyimə heç bir vəjhlə razı deyildi. Uşaq vaxtımdan çalıb-oxumağı xoşlayırdım. Bir dəfə, 8 yaşında, ovaxtkı Orcenikidze rayonunun (hazırda Suraxanı rayonu - red.) Mədəniyyət Sarayının səhnəsinə çıxıb giley-güzarlı, ah-naləli bir məhəbbət mahnısı oxumuşdum. Buna görə münsiflər heyəti tərəfindən bəyənildiyimdən, mükafat olaraq mənə qəşəng domino bağışlamışdılar. Bu, sənətdə ilk mükafatım idi. Olurdu ki həyətdə uzun taxta tapıb üstünə simlər çəkib mıxlayırdım, sonra da onu tar kimi çalırdım. Nəhayət, anam atamı xeyli dilə tutandan sonra mənə tar aldırdı. Candərdi musiqi məktəbində tar dərsi oxudum. Meylim yalnız xanəndəliyə idi. Bax, bunun icazəsini almaq böyük müşkülə çevrildi mənim üçün. Məsələ ondadır ki, bizim nəsildə hamının səsi olub. İstisnasız olaraq hamının! Yadınızda varsa, oğlum Xoşbəxt də bir müddət səhnədə oldu, sonra sənətini dəyişdi. Amma atamın səsini xüsusi qeyd etməliyəm. Onun güclü, şaqraq, bizdə deyildiyi kimi, "zığ" səsi vardı. Hər kəsə bu səs təsir edərdi, hələm-hələm unutmazdı onun səsini bircə dəfə eşidən. Hətta cavanlıqda bir gün dostları yığışıb onu Filarmoniyaya aparmışdılar. O zaman Mahnı və Rəqs ansamblına rəhbərlik edən Yaqub Salahov diqqətlə onu dinləyəndən sonra demişdi ki, heç düşünməyə belə ehtiyac yoxdur, bu kişi çox nadir xanəndələrdən biridir. Atam onun sözünə əhəmiyyət verməyib oranı tərk etmişdi. Sonra onun dalıyca düşmüşdülər, təkidlə onu Filarmoniyaya dəvət eləmişdilər. Amma bunların heç birinin xeyri olmamışdı. Hətta Yaqub Salahov babama demişdi ki, oğlunu döyə-döyə göndər Filarmoniyaya. Bütün bunlara atam tərəfindən məhəl qoyulmamışdı. Odur ki mənim xanəndəlik sevdama mənfi yanaşmışdı. Sonra necə ldusa, bir gün yumşalıb dedi: "Get, oğul, oxu. Amma elə oxu ki sənətdə öz adını çıxara biləsən". İndi 55 yaşım var, 1950-ci ildə anadan olmuşam. Bu ömrün otuz ilini sənətdəyəm. 23-25 yaşlarından bu yana nə qazanmışamsa, o kişinin xeyir-duasına minnətdar olaraq qazanmışam.
- Siz 23-25 yaşlarında sənətə gəlmisiniz, amma indi, az qala, bu yaşda xalq artisti adını alanlar olur. Bundan xəbəriniz var?
- Təxminən, var. Bununla belə, mən Cabbar əminin (Cabbar Qaryağdıoğlu - red.) qızıl sözlərini də unutmuram. O kişi deyirdi ki, "Xanəndə 30 yaşına qədər öyrənməlidir". Bu o demək deyil ki, 30 yaşına qədər xanəndənin işi elə təhsil olmalıdır və o, oxuyub öz bacarığını nümayiş etdirməməlidir. Yox, Cabbar əmiyə görə, 30 yaşına qədər xanəndə neyləyirsə, hələ onun üçün mənimsəməyə, sənətin sirlərinə yiyələnməyə xidmət eləməlidir. Ondan sonra hünər göstərmək vaxtı gəlib çatır. Onda bəs 25 yaşına qədər hansı hünərdən danışmaq olar? Bəli, fitri istedad ola bilər. 20, 15, 10, lap elə 5 yaşında da sənətdə fitri istedad mümkündür. Bununla belə, unutmaq lazım deyil ki, sənət yalnız istedaddan ibarət deyil. Bir də axı oğlanlarda 14 - 18 yaşlarında səs dəyişir, hardasa 21 yaşında səs oturur yerinə. Hələ təzə-təzə. Yalnız bundan sonra inkişaf başlayır. Sənət sirlər xəzinəsidir, qırx bağlı qapıdır, düzülüb bir-birinin ardınca, hələ heç bilmək olmur, qırxıncı qapıya gedib çatacaqsan, ya yox. Bir də gəlin, əyri oturub düz danışaq; o çağa vaxtında bilirsiniz də hansı yollarla ad alırlar. Qoy, işlərində olsunlar. Bu da onların yoludur. Sənətə dəxli olmayan yol.
- Deməli, siz 1950-ci ildə Bakının Türkan kəndində bu işıqlı dünyaya göz açdınız...
- Vallah, yadıma gəlmir, gözümü açanda işıqlı idi, ya qaranlıq, amma Türkanda yox, Sovetski küçəsində (indiki N. Nərimanov prospekti - red.) dünyaya gəlmişəm. 17 saylı məktəbin həyətindəydi evimiz, Qədirlidə. Sonra ordan köçdük Əmircan kəndinə. Həm şəhərə yaxın kənddir, həm də qohumlarımızın yaşadığı, əslimiz-kökümüzün məskəni olan Türkanla yanaşıdır, deyə. Bir də böyük ailəydik - 12 uşaq, onlardan səkkizi oğlan idi. Oğlanlar da, bilirsiniz də, boy atdı, kiçikotaqlı ev, dar həyət-baja onlara bəs eləməyəcək. Çıxacaqlar küçəyə, həmin o küçədə də şuluq yola düşməkdən heç bir uşaq sığortalanmırdı. Şəhərin ən şuluq məhəllələrindən biri idi o Sovetski.
- Bəs Əmircanda belə təhlükə ola bilməzdi?
- Əmircanda böyük həyətimiz var; o böyüklükdə həyətdə uşaq səhərdən-axşamacan o tərəf-bu tərəfə qaçsa, bəsidir, şeytan enerjisini xərcləyəcək.
- Böyük külfət olmusunuz. Yəqin ki, çətinlikləriniz də olub.
- Çətinliyi görməsəydik, bugünün qədrini bilməzdik. Bəli, çətin olub. Fəhlə ailəsiydik, həyətyanı təsərrüfatla da məşğul olurduq; mən özüm bazarda göyərti də satmışam. Sonra da, gördüyünüz kimi, Allahın köməyi ilə bu sənətdə bir yer tapa bilmişəm özümçün. Ona görə də həmişə şükürlüyəm.
- Şükürlü olmaqla bərabər, sənəti sizə öyrətdiyinə görə kimə tez-tez rəhmət deyirsiniz?
- Rəhmət dediklərim çoxdur. Asəf Zeynallı adına Musiqi Texnikumunda (hazırda Musiqi Kolleci - red.) sənət müəllimim Nəriman Əliyev olub. Bununla belə, orada Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Həqiqət Rzayeva dərs deyirdilər. Mən onların dərslərinə gedir, hər birindən nəsə öyrənirdim. Baxmayaraq ki onların əksəriyyətini, üstəlik, Xan əmi, Mütəllim Mütəllimovu, Yaqub Məmmədovu toylarda, muğam məclislərində dinləyib çox şey öyrənmişəm. Bir müəllimlə qane olmamışam.
- Bu hərəkətiniz Nəriman müəllimin qısqanclığına səbəb olmayıb?
- Xeyr, əsla! O özü deyirdi ki, xanəndə yolunu tapmaqdan ötrü bir yox, çox sənətkarlardan öyrənməlidir. Doğrudur, mən Nəriman müəllimin sinfini bitirmişəm, amma əsas müəllimim Hacıbaba olub. İndi mən də təxminən, 4-5 yerdə dərs deyirəm. Uşaqları özüm göndərirəm ki, gedin Əlibaba müəllimi, Arif müəllimi dinləyin. Bəzi müəllimlər var ki, əksinə, eqoistlik eləyib uşağı başqa müəllimlərlə ünsiyyətdə olmağa qoymurlar. Çox nahaq yerə. Bu, məhdudlaşdıra bilər. Axı hər gülün öz ətri var. Hər sənətə qədəm qoyan uşağın da öz fərdiyyəti. Bir dəfə mərhum Elman Bədəlova qəzetdə sual vermişdilər ki, "Ağaxan Abdullayevin sənətinə necə baxırsınız?". O da cavab vermişdi: "Mən Ağaxanın sənətini gül dəstəsinə bənzədirəm. Bu gül dəstəsindən həm Zülfünün, həm Seyidin, həm Xanın, həm Hacıbabanın qoxusunu çəkmək olar". Bu sözlər sənətimə ən böyük qiymətdir.
- Bəs müəllim necə, öz tələbəsinin sonrakı taleyi ilə maraqlanır?
- Hər il Musiqi Kollecində, təxminən 10, Milli Konservatoriyada 6, Bülbül adına Musiqi Məktəbində yenə 10, Mədəniyyət və İncəsənət Universitetində 4, ümumilikdə isə 25-30 şagird və tələbə yalnız mənim dərs dediyim sinif və kursları bitirir. Məgər onların hamısı sənətkar oxuyan olacaq? Yox. 10 ildə bir sanballı xanəndə üzə çıxara biliriksə, buna çox böyük uğur kimi baxmaq lazımdır. Müəllimlik təcrübəmdə bu, az müddət deyil, hələ Alim Qasımov səviyyəsinə heç kim gəlib çatmayıb. İnanmıram, hələ 15 - 20 il bundan sonra da kimsə gəlib çata.
- Yeri gəlmişkən, Alim Qasımovun hərdən dəstgahı cazla qarışdırmasından siz qeyzlənmirsiniz ki?
- Yoox! Axı Alim dəstgahı cazla qarışdırmır. Alim onlarla birgə muğamın bir guşəsini oxuyur və onlara sübut edir ki, bax, siz hamınız burdan bəhrələnmisiniz, sizin də kökünüz burdandır. Düzdür?
- Bilmirəm. Bunu biz belə düşünürük. Onlar isə bütün mədəniyyətləri öz təsiri altına alıb, kökündən məhrum edirlər
- Bizim mədəniyyətimiz muğamdır və onu kökündən heç kim məhrum eləyə bilməz.
- Sizdə belə arxayınlıq bizim təəssübkeşliyimizdən, muğamı qorumağımızdan irəli gəlir, yoxsa muğamın özü-özünü qorumasından?
- Muğamın özü bizim vasitəmizlə özünü qoruyur. Yadınıza gəlirsə, bir müddət muğama maraq azalmış, soyuqluq əmələ gəlmişdi. Bu uzun müddət çəkmədi. İndi yenə muğama qaynayıb-qarışma hiss etmək olar. Muğamat tarix kimi öyrənilir. Burda həm dövlətin, həm sənətkarların, həm də ən əsası, xalqın xidməti oldu. Xalqın damarlarında axan qandır bizim mədəniyyətimiz. Damara nə qədər istəyirsən, özgə, yad qan vur, yenə dövran eləyib öz genlərinə qayıdacaq.
- Birinci imtahandan nə vaxt çıxdınız və sizə kim şifahi diplomu verdi?
- Birinci dəfə Türkanda Yetim Tağı deyilən hörmətli şəxsin övladı üçün elədiyi toyda çıxış elədim. Ondan sonra, 1972-ci il idi, Şüvəlanda Hacı Gülağanın toyunu oxudum. Hacı indi Əzizbəyov rayonunun icra başçısıdır. Bax, o toylarda ağsaqqallar məni əməlli-başlı imtahana çəkdilər, səsimi hər tərəfinə yoxladılar, yalnız bundan sonra məmnun olub başlarını tərpətdilər. Bu mənim üçün siz deyəntək şifahi diplom oldu. Uşaqlıqdan bilirəm, bizim toylarda güzəşt deyilən şey yoxdur. Ya oxuyursan, ya da dəfi yerə qoyub meydanı tərk edirsən. Məni də cavan görüb ən çətin ifa olunan muğamdan başladılar: "Bir "Heyratı" oxu görək!". Bəyənildi. Ardınca "Çahargah", "Rast" və ilaxır. Beləcə, xanəndəliyə doğru gedirdim. Filarmoniyada Əlağa Quliyevin, Əhsən Dadaşovun ansambllarında çıxışlar edirdim. Televiziyaya ilk dəfə Baba Salahovun ansamblıyla birgə çıxdım. Bütün bunlarla bərabər, bir fikrimdə həmişə qalmaqdayam. Muğamın ifası üçün xanəndə, qaval, tar və kamança olmalıdır. Bundan əlavə nə varsa, hamısı elə əlavədən başqa bir şey deyil. Bunu yenə də lazımınca toyda qiymətləndirirlər. Bakının elə bir kəndi yoxdur ki, orda toyda olasan və bir, iki, üç və yaxud daha çox muğam bilicisiylə qarşılaşmayasan. Özü də adama elə muğamlar sifariş eləyirlər ki, deyirsən, İlahi, bunu hardan bilirlər görəsən? Amma bu kəndlərin içində Nardaranın xüsusi yeri var. Məsələ ondadır ki, bu kənddə həm muğamı yaxşı bilirlər, həm də şeiri, qəzəliyyatı. Onların daha bir gözəl xüsusiyyəti var ki, başqa heç yerdə buna rast gələ bilməzsən. Əgər xanəndə bir dəstgahı çox yüksək səviyyədə ifa etdisə, bununla "Əhsən, bu kişi bizim istədiyimizi oxudu" deyib, onu azad buraxırlar. Daha sifariş vermirlər. Başqa yerlərdə isə adama 5 - 6 dəstgah oxutdurarlar, amma yenə "Bəsdir" deməzlər, yenə sifarişlərini verərlər. Neyləmək olar, bizim də meydanımız, gəlir yerimiz toydur. Bir də əlbəttə, konsertlər.
- Sizin toyxana coğrafiyanız yalnız Bakı kəndləri ilə məhdudlaşır?
- Nə danışırsınız? Azərbaycanın elə bir guşəsi yoxdur ki, orda mən oxumamış olum. Azərbaycan öz yerində. Siz Rusiyanı deyin, Qərb, Şərq ölkələrini deyin. Azərbaycanlılar yaşayan neçə-neçə şəhərlərdə mən məclislər yola vermişəm, konsertlərdə çıxışlar etmişəm. Muğamatı sevən hər yerdə mənim yerim olur və var. Hər yerdə mən çox yaxşı qarşılanmıram.
- Baxmayaraq ki bəzi yerlərdə oxu tərzi fərqlidir...
- Oxu tərzi yerə, bölgəyə görə fərqli deyil, üslublara görədir. Zülfi Adıgözəlovu Bakı kəndlərində çox seviblər, hətta Hacıbaba Hüseynovu onun davamçısı adlandırırlar. Bununla belə, Zülfi Qarabağ xanəndəsidir. Qarabağdan, Şirvandan, Abşerondan gələn səslər var, amma məktəblər, üslub və yollar kimlərinsə adıyla bağlıdır. Bunları gərək qarışdırmayaq.
- Hərdən sənətdən aralanıb, vaxtınızı dostlarla çayxana söhbətinə, ordan-burdan xəbər-ətərə sərf etmək həvəsinə düşməyiniz olur?
- Dostlarla vaxt keçirməyə həvəsim həddən artıq çoxdur. Amma alınmır, iş rejimi heç cür imkan vermir. Həyət-bacada işləyirəm, toyuq-cücə, qoyun-quzu saxlayıram, meynələrə qulluq edirəm, yaxşı gül həvəskarıyam, nadir gül növləri yetişdirməklə məşğul oluram.
- Ailəcanlısınız, görünür, gec evlənmisiniz?
- Xeyr, tez evlənmişəm - 23 yaşında. 24 yaşında artıq oğul atasıydım. İndi dörd oğlum var.
- Yəqin, elə ozamankı seçiminiz qohumlarınızdan olub.
- Qohum elə qohumdu, onunla təzədən qohum olmağın mənası nədir? Gərək yaddan evlənəsən ki, ətrafın qol-budaq artsın, qohumların sayı çoxalsın. Mən də rəhmətlik anamın məsləhətiylə Əmircan kəndində bir qızla evləndim. Qohumlaşdım başqa nəsillə. Amma fələyin işini kim bilər? Bir gün ölüm iki oğlumun anasını əlimdən aldı. Xeyli sonra yenə evləndim. Yenə iki oğlum dünyaya gəldi. Allah hamının övladını saxlasın. Övlad həm şirindir, həm də onların məsuliyyəti var sənin üzərində.
- Bizim Azərbaycan muğamları bu dünyadan bəhs edir, ya o dünyadan?
- Muğam məqamdır, nə o dünyadan, nə bu dünyadan; həm o dünyadan, həm də bu dünyadan bəhs edir. Artıq bu barədə bir kəlmə də deyə bilmərəm. Heç kim də deyə bilməz. Bizə o ixtiyar verilməyib.
- Azərbaycan xanəndəliyində bir titul da var, "əmi". Hələ sizi "əmi" çağırmırlar?
- Hər hansı bir ad yiyəsi olmağa gərək gəlib-yetişəsən, özün-özünə ad qoymaqla deyil. Bundan başqa, əmidən yaxın dayı olur. Ataların bir sözü var, deyir əminlə girmə bağa, dayınla çıx dağa. Dayı əmidən yaxındır. Əgər adamın atasının başına bir iş gələrsə, yəni rəhmətə gedərsə, dayı gündə üç dəfə, dörd dəfə həmin evə girib-çıxa bilər. Kənardan baxıb deyərlər ki, "Baxın, görün, nə yaxşı qardaşdır, bacısını gəlib başa çıxır, kömək eləyir". Yazıq əmi bir dəfə atasız evə girəndə, o saat ona söz qoşarlar. Buna görə də dayı əmidən üstündür və çox sevinirəm ki, sənətdə məni "əmi" yox, "dayı" çağırırlar. Arif olsanız, bu dediyimdən çox məna çıxara bilərsiniz. Hələ mənə sənət aləmində heç bir söz qoşulmayıb, heç qoşulmayacaq da bundan sonra.
- Hacıbaba Hüseynovla yaxşı münasibətləriniz, məzəli söhbətləriniz olurdu.
- Hacıbaba həm gözəl sənətkar idi, həm də gözəl insan.
- Hərdən acı kəlmələr deməyi də var idi...
- Bilirsiniz, sözün düzünü deyəndə, adama acı gələr. Hacıbaba sözün düzünü deyərdi. Bir kişi ki sözü sənin özünə-üzünə deyir, deməli, yaxşı adamdır. Allah uzaq eləsin dalca danışan adamdan. Hacıbaba sözü üzə deyərdi. Təkcə mənə yox, hamıya söz deməsi vardı. Bəli, olub ki məclisdə mənim də xətrimə dəyib; məni o qədər millətin arasında pərt eləyib. O qədər adamın arasında mənim oxumağımı saxlayıb deyib ki, qəzəlin sözlərini düz demədin. İndi xatırlayıb deyirəm ki, Allah ona rəhmət eləsin. Əgər mənə düzəlişləri vaxtında və ya o şəkildə deməsəydi, mən onu indi xatırlayıb deyəcəkdim: nə pis adam imiş, bildiyini məndən gizlədib. Düz deyilən söz heç vaxt ürəyə yatmır, acı olur. Əgər kimsə sözün əsl mənasında böyüklük eləyirsə, deməli, onun sözü acı yox, düz sözdür, sənin xeyrinədir. Hacıbaba böyüklük eləyirdi. Mən onun oğlu yerindəydim. Amma Hacıbaba aramızda elə səmimi şərait yaradırdı ki, elə dilxoşluq eləyərdi ki, mən də onunla zarafat eləməkdən çəkinməzdim. Hacıbaba çox ürəyitəmiz insan idi. Ümumiyyətlə, nədənsə yaşıma baxmayaraq bizim köhnə musiqiçilərimiz mənimlə açıq münasibətdə olublar. Əhsən Dadaşov, Həbib Bayramov, Əlağa Quliyev, Baba Salahov. Onların adları bizim musiqi tariximizə yazılıb. Bu barədə özümü çox xoşbəxt hesab edirəm. Dostunda nöqsan axtaran dostsuz qalar. Mən hamıda yaxşını görməyə çalışmışam. Bu xüsusiyyət adama çoxlu dost qazandırarar.
- Kişi xasiyyətinə görə daha çox kimə hörmət eləmisiniz?
- Mənim atamın bir sözü vardı: "Bu dünyada özünlə atandan başqa kişi tanıma". Mənim üçün kişi nümunəsi rəhmətlik atam olub. Ömrüboyu cəhd eləmişəm onun kimi kişi olum, amma yox, o, tamam başqa kişi olub. Kasıbçılıq dövründə tək bir adam 12 uşaq, 9 il iflic qalan nənəm, anam və üstəgəl özünü
- 15 adamı sürücülüklə dolandırırdı. Evimizlə üzbəüz beşaddımlıqda bir ərzaq dükanı olub. Buna baxmayaraq, atam nə qədər sağ idi, o qadın heç bilmirdi həmin dükanın qapısı içəri açılır, ya bayıra. Minaxan kişi o böyüklükdə külfəti elə dolandırıb ki, heç kimin tikəsində, payında gözümüz qalmayıb. Kənardan camaat elə bilib ki, bizdən varlı adam yoxdur. O kişi mənim idealım olaraq qalır. Xasiyyətini də təkrar edə bilmərəm. Bir dəfə uşaqların birini qucağına almaq, üzündən öpməyi özünə icazə verməzdi. Mənim balacalarım boynumu da qucaqlayır, lap elə başıma da çıxıb otururlar. Bu şirinliyi özümə qadağan edə bilmərəm. Biz indi daha o kişilərdən ola bilmərik.
- Deməli, mənimlə razılaşırsınız ki, vaxt keçdikcə, həyatımız dəyişir, adətlərimiz bir-bir sıradan çıxır…
- Əlbəttə, hər şey həyatımıza təsir göstərir. Hətta havanın da adama təsir göstərdiyi kimi. Amma bütün bunlara baxmayaraq, birdən əgər bizim təmiz adət-ənələrimiz əldən getsə, onda dünya dağılar, dünyanın sonu gəlib çıxar. Bu da olacaq.
- Bəlkə artıq olur?
- Bəlkə də artıq baş verməkdədir. Müqəddəs Kitabımızda da bu barədə yazılıb. Amma hələ ki şükür Allaha, bir çox yerlərdə bizim saf, təmiz adətlərimiz, abır-həyamız qorunmaqdadır. Hələ yaşamağa, sabaha ümid eləməyinə dəyər. Bu torpağın öz ruhunu qorumaq qüdrətini heç kim əlindən ala bilməyib. Mənim üçün Azərbaycanın hər yeri doğmadır. Xarici ölkəyə gedib yaxşı-yaxşı gəzəndən, görməli yerləri görəndən sonra qayıdıb təyyarədən düşəndə...
- Adam dilxor olur...
- “Dilxor olur” deyəndə, bir rəvayət yadıma düşür. Şahın adamları bir bülbülü tutub qızıl qəfəsə salırlar. Şah özü quş üçün burda hər cür şərait yaradır. Quşun xatiri hətta saray əyanlarından da üstün tutulur. İntəhası, bülbül elə hey fəryad eləyib çığırır, oxuyur, nalə çəkir: "Vay vətən, can vətən!". Axır şah dözməyib deyir: "Buraxın onu, özünüz də ardınca gedin, görün, onun vətən dediyi necə yerdir ki, belə cah-cəlaldan üstün tutur?". Əyanlar şahın dediyi kimi edirlər. Ardınca düşüb görürlər ki, köhnə, atılmış bir yerdə kolluqdur, bülbül özünü xoşbəxtcəsinə vurur o kola-bu kola. Soruşurlar ki, "Ay quşcuğaz, budur sənin o cür gözəl saraydan üstün tutduğun vətən?". Buna cavab olaraq bülbül bunlar üçün bir oxumaq oxuyur ki, əyanların gözü açılır, ətrafı bülbülün gözüylə görüb valeh olurlar. Mən qurban olaram Vətənimin o daş-kəsəkli, toz-torpaqlı kənd yollarına. Hələ səfalı, gülşad yerlərini demirəm.
- Şuşada, Ağdamda məclislər başqa bölgələrdən fərqlənirdi?
- Bakı kəndlərinin arasında məsafə çox azdır, olar 3-4 km. Amma bu kəndlə o kəndin qaydaları o qədər bir-birindən fərqlənir ki, deyərsən, tamam bir-birinə uzaq, bir-birindən xəbərsiz yerlərdir. Rayonlarımızda isə bunu müşahidə etmək olmur. Onların kəndləri arasında fərq çox olmur. Amma bir rayon başqa rayondan fərqlidir. Məsələn, Gəncə şəhərində toy 12-də başlayır, axşam saat 6-7-də qurtarır. Ağdamda, Şuşada xanəndəni günorta vaxtı, bir növ, imtahan eləyərdilər. Sonra onun üçün otaq ayırıb şərait yaradardılar ki, axşama kimi dincəlsin. Toyun qızışan vaxtı xanəndə gələrdi meydana. Hövsanda da belə bir adət var, onu indiyə qədər saxlayırlar. Baxmayaraq ki xanəndəni çox yaxşı tanıyırlar. Günorta imtahanı mütləq olmalıdır. Şuşa, Ağdam, bütün Qarabağ cənnətdir. Bura musiqinin beşiyidir. Heç bir şübhəniz olmasın. Biz gedib orda yenə oxuyacağıq! 90-cı illərdə mən həmişə cəbhə bölgələrində olmuşam, orda konsertlər vermişəm. Erməni məgər özbaşına bizdən torpaq alıb ki qaytarmasın? Onun arxası çəkiləntək bizim oğullar gedib onları ordan elə itirəcəklər ki, heç izləri-tozları qalmayacaq. O cənnət yerlərdə hələ bizim çox xanəndələrin səsi oranın səfasına qarışacaq, qarlı zirvə dağlarına ucalacaq.
- Birdən əgər səsiniz olmasaydı, hansı peşəni seçərdiniz?
- Əgər səs verilibsə, səni xalqın qəbul edibsə, bu, alınyazısıdır. Belə də olmalıydı. Dünyaya gələndə artıq insan üçün hansı peşə sahibi, kim olacağı alnında yazılıb. Doğrudur, bir dəfə rəhmətlik Əli Fəhmi mənə bir rəvayət söyləmişdi: "Bir mahalda camaat axır ki məşhur oğrunu yaxalaya bilir. Mühakimə eləyib, cəza tətbiq edəndə, oğru etiraz edib deyir: "Ay camaat, bu da mənim alınyazımdır. Yazıya pozu yoxdur, buraxın gedim, öz işimi davam etdirim. Yoxsa günaha batarsınız". Bu, bir məzəli söhbətdir, amma mən alınyazısına inanıram. Birdən əgər səsim olmasaydı, yaxud nə səbəbdənsə xanəndəlik məndə alınmasaydı, elə indi elədiyim işlə məş- ğul olacaqdım. Türkanda sahəm var, yüzə yaxın qoyun saxlayıram. Atım var, adı da Qaşqay. Gözəl atdır, çox qayğısına qalıram. Amma hələ cavanlıqdan heyvanlardan daha çox xoşladığım itdir. İki qoyun itim var.
- Hərdən kənddə onları başqa itlərlə boğuşdurursunuz?
- Əvvəllər it boğuşdurardım. Həvəskarı idim. Həccə gedib-gələndən sonra tərgitdim. Məncə, günahdır. Doğrudur, indi də düşünürəm, bu elə-belə oyun deyil. Bu, faciədir. İt döyüşdürdüyüm məqamlarda həyat bütün sərtliyi, faciəvi quruluşu ilə göz qabağında canlanırdı. Bu adət də bizlərdə qədimdən boş-boşuna yaranmayıb. Bu dəhşətli tamaşada iştirak eləyənlərin biri də sakit dayana bilməz. Nəbzin, az qala, iki dəfə artıq sürətlə vurmağa başlayır. Təkcə heyvanların gücünü yoxlamırsan, insanları tanıyırsan bu qanlı tamaşada. Amma yox. Günahdır. Allahın həmişə rəhmi var üstümüzdə, biz də gərək heyvanlara qarşı rəhmli olaq.
- Həccə gedib-gələndən sonra çox şeyləri tərgitmisiniz?
- Mən istəmirəm xırdalayım. Təkcə onu deyə bilərəm bəli, çox şeylərdən tövbə eləmişəm, çox…
- Məclisdə, mağarda gözələ baxıb, gözəlləmə söyləməyi də?
- Peyğəmbərimiz deyir, əgər bütün kişilərdə kişilik olsaydı, qadınlara çadra örtdürməzdim. Sənətdə gözəlləmə demək başqa şeydir, həyatda zina eləmək tamam başqa. Əgər bunlar bir olsaydı, onda Füzuli dünyada ən böyük zinakeş olardı. Füzuli, bildiyimiz kimi, mömin adam olub. Bir də insanın xislətində əgər xəbislik, başqasının övrətinə pis gözlə baxmaq varsa, onun üçün Həccə gedib-getməməyin təvafütü yoxdur. Kişi gərək kökündən kişi olsun. Həccə getmək isə onun boynuna düşməlidir; o müqəddəs yolun gərək çağırışı olsun ki yola çıxasan. O ki qaldı saflaşmağa, təmiz insan olmağa, Allah-Təala elə burda da hər bir insana bunun üçün saysız imkanlar yaradıb. Elə burda da əməli-saleh insan ola bilərsən.
- Bu gün adamı yoldan azdıran çoxlu vasitə icad olunub, yad mədəniyyətlər gətirilib yaşayışımıza. Əgər bunlardan uzaq olsan, yaxud özünü görməzliyə vursan, həyatdan, zamandan geri qalacaqsan.
- Qoy, bizi zamanın axarından uzaq düşmək narahat eləməsin. Lap belə orta əsrlərdə qalmışam, amma öz mədəniyyətimlə yaşayıram. Öz adətlərimi qoruyub-saxlayıram və deməli, başqasının kopiyası yox, özüməm. Olduğum kimi. Özgə özgədir. Nə qədər istəyirsən dostluqdan danış, dünyəvi dəyərlərdən dəm vur, dəxli yoxdur, yad elə yaddır. Gördünüz də, üzdəniraq qonşularımızla münasibətlərimizin birdən-birə çevrilmiş başqa şəklə düşməsini. Odur ki kənardan hər deyilənə qulaq vermək düzgün deyil. Mənim 25 yaşım olanda atam rəhmətə getdi. O vaxtadək bizim evdə televizor olmayıb. Artıq mən də xanəndə idim, televiziyada çıxışlarım olurdu. Öldürürdüm özümü, kişiyə dillər tökürdüm ki, sən Mir Mövsum ağanın cəddi, icazə ver, gedim o qutudan birini alım-qoyum evə. Deyirdi, nə qədər mənim canım sağdı, bu ocaqda televizor adlı şey olmayacaq. Yalnız bir dəfə o, evə televizor almışdı - 57, yaxud 58-ci ildə. Hansısa filmdə nəsə göstəriləndə (indi bu bizə adi görünə bilər) televizoru söndürürdük. Bir gün də tanınmış qadın müğənnimiz bir az çiyindən açıq paltarla çıxıb oxuyurdu. Evdə anam onun paltarının yaraşıqlı olduğunu söyləyib. Bunu eşidən atam, dinməz-söyləməz televizoru söndürüb, aparıb həyətdə çəkiclə sındırıb, sonra da gəlib evdəkilərə deyib ki, işinizlə məşğul olun. İndi deyərsiniz, bu, cəhalətdir. Xeyr. İllər keçdikcə, get-gedə hər şeyin ağı çıxdıqca, görürəm, o kişini qınamağın heç yeri yoxdur. Heç özümüzü də hadisələrin belə axarı qarşısında aciz qaldığımıza görə qınaya bilmərik. Əvvəla, onlar köhnəfikirli insanlar idilər, öz əqidələri var idi. Bu əqidəni biz nə vaxtsa, xəbərimiz olmadan itirmişik. İkincisi, qüvvələr nisbəti böyükdür. Bu axının qarşısında neyləyə bilərsən? İndi gərək hərə öz papağını başında möhkəm tutub saxlasın. Elə bu da az iş deyil. Mənəviyyatımızı, qeyrətimizi, həyamızı, abrımızı qorumuş olarıq. Ən nəhayətdə, özümüzü, azərbaycanlılığımızı qorumuş olarıq.
- Həm də muğamlarımızı qorumuş olarıq.
- Muğam daha böyükdür. Mən muğam oxuyanda məqsədim dinləyicinin nə diqqətini cəlb etmək, nə də onu əyləndirməkdir. Məni oturub-dinləyən, yaxud dinləyəcək adam muğamın içindədir. Amma bundan xəbəri yoxdur. Bax, elə bizim ifamızın da son məqsədi həmin qarşılarındakıları bundan agah etməkdir. Ruhumuzu heç kim əlimizdən ala bilməz. Özümüz yolumuzdan sapmasaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: