Ağakişi Kazımov: Sevimli teatrımdan ayrılmışam, şok içindəyəm...
07 Sentyabr 2011 Çərşənbə 14:30
Ağakişi Kazımov: Beş dəfə teatrda tamaşa hazırlamağına şərait yaratdığım Cənnət Səlimova mən Ağakişi Kazımovun tamaşa qoymaq istəyinə “məndə yeddi rejissor var, yer var?” cavabını verdi.
Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissoru kafedrasının müdiri, 120-dən artıq tamaşaya quruluş vermiş və ömrünün 61 ilini Akademik Milli Dram Teatrında keçirən rejissor Ağakişi Kazımovun APA-ya müsahibəsi
- Artıq bir müddətdir ki, Akademik Milli Dram Teatrında rejissorlarla müqavilə əsasında işbirliyinə başlanılıb. Amma Sizin adınızı nəzərdə tutulan tamaşalarda görmürük.
- Sözsüz ki, gənclər cəlb olunmalıdır, teatr gəncləşməlidir, gələn gənclər özləri ilə bərabər teatra dünyanın yeni baxışını, tələbələrini gətirməlidir. Amma burada çox incə bir məsələ var – bir tərəfdən teatrın inkişafından söhbət gedir, digər tərəfdən isə teatrı inkişaf etdirə biləcək, ona ideya istiqaməti verə biləcək rejissorları müqavilə sisteminə keçirirlər. Bizimlə hələ də müqavilə bağlanmayıb. Müqavilə adı ilə işdən çıxarıblar və hörmətli nazir müavinimiz Ədalət Vəliyev dedi ki, “teatra kənardan rejissor dəvət olunsa, birinci əlbəttə bu teatrda olan rejissorlar çağırılacaq”. Biz bir ildir gözləyirik, amma hələ də dəvət almamışıq. Kənar yerlərdən gəlib tamaşa hazırlayıb, gedirlər, biz isə hələ də gözləyirik...
- Qeyd etdiyiniz kimi kənardan rejissorların dəvəti prosesinə başlanılıb. Sizcə bu nəyə işarədir – rejissorlarımızın işi qaneedici deyil, yoxsa bu addımı atmaqla təcrübə qazanılır?
- Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissoru kafedrasının müdiri olduğuma görə və rejissor sənətinin yetişməsində, formalaşmasında rolum olduğu üçün dəvət olunan rejissorlar haqqında öz fikrim var. Teatrda iki cür kollektiv yetişdirmə yolu var - amplua və yaradıcılıq sistemi. Amplua sistemi necə həyata keçirilir? Məsələn, bilirəm ki, filan aktyorlar komediya, filan aktyorlar faciəvi, digərləri xarakterik rolları daha yaxşı oynayırlar. Bunu mən bilirəm, amma tutaq ki, Rusiya, Gürcüstan, Türkiyə, Almaniyadan bir rejissor dəvət edirik və bizim rejissorlara verilən puldan daha çox pul veririk. Bu da gəlib deyir ki, “bilirsiniz mən kollektivi tanımıram, mənə faciəvi, komik, qəhrəman qız rolunu ver”. Yəni rol bölgüsü amplua sistemi ilə həyata keçirilir. Tez hazırlayıb, tez də çıxıb gedirlər və beləliklə teatrda hazırlanan həmin tamaşa başsız qalır. O tamaşaya yeni bir aktyor qoşanda tamaşa məhv olub gedir. Hazırda istifadə olunan amplua sistemi dövlət başçısının teatrın inkişafı ilə bağlı dövlət proqramına cavab vermir. Bir də var yaradıcılıq siyasəti ki, burada cavanlı-qocalı bütün rejissorlar iştirak edir. Bu rejissorlar oturub fikirləşib və düşünürlər, başqa teatrlardan, Teatr İnstitutundan aktyorlar dəvət edirlər, aktyorlar üzərində çalışıb onların ampluasını dəyişirlər. Bax, əsil teatr belə inkişaf edir. Teatrın belə inkişaf etməsi üçün artıq o imkan yoxdur. Hörmətli prezidentimizin bu qədər səylə təmir etdirdiyi, avadanlıqlarla təchiz etdirdiyi teatrın zahiri o qədər gözəldir ki. Könül istəyər ki, teatrın daxili də o qədər gözəl olsun, amma onlar, teatr açılana yaxın bütün rejissorları işdən çıxardılar. Başa düşə bilmirəm, bu nə cür siyasətdir? Dünyanın heç bir yerində bu yoxdur. Özü də bizdə birinci ana teatrın başını kəsməyə başlayıblar. Gürcüstandan gələn rejissora 20 min, Belarusdan gələn rejissora 15 min, Moskvadan gələn rejissora 40 min verəcəksənsə, elə onun 20 minini mənə ver və gəl şərt kəsək. Əgər quruluş verdiyim tamaşa 100 anşlaq olmasa, o pulun üstünə 100 min verib sənə qaytarıram. Çağırsınlar, əgər hazırlaya bilməsəm, rejissorluqla vidalaşaram. Allahın axmaq rejissorlarını çağırırlar, heç it dəftərində belə adları yoxdur, 20-30 min pul verirlər, mənim ayda 200 manat maaşımı kəsirlər, nə var ki, müqavilə sisteminə keçəcəklər. Yaponiya, Sinqapur mənim mentalitetimi, milli ənənələrimi, dünyamı haradan biləcək? Çox gəlib tamaşa hazırlayanlar olub ki, həmin tamaşalar heç üç dəfə getməyib. Həm də adaptasiya məsələsi var. İngilis əsərləri Azərbaycan səhnəsinə köklü şəkildə adaptasiya olub. Amma harada görmüşsünüz ki, Yaponiya, Çin, Sinqapur, Afrika əsərləri bizdə getsin?
- Amma teatr rəhbərliyi apardığı mövcud siyasətin dünya teatrlarının təcrübəsinə əsaslandığını bildirir...
- Londonda, Parisdə olmuşam və teatrlara baxmışam, beş il Sankt-Peterburqda oxumuşam, oranı əzbər bilirəm, Moskvanı, Almatını yaxşı tanıyıram. İstər Stokholmda, Tehranda, istərsə də Almaniyada oluram. Hər il üç-dörd dəfə Almaniyaya gedirəm və orada tamaşalara baxıram. Bəli, oralarda üç-dörd cür teatr növü var. Bir var dövlət teatrları. Bu teatrların bütün işini dövlət maliyyələşdirir. Bir var antrepriza teatrı-yəni bir ölkənin ən yaxşı aktyorları bir tamaşaya yığılır. Bu tamaşanı bir ay müddətində hər biri də anşlaqla Londonun mərkəzində oynayırlar və sonra dağılıb ayrı kollektiv yığırlar. Amma daha artıq özünü göstərən rejissorları oradan qovmurlar. O ki, rejissor gücdən düşür, oynamağı öyrədə bilmir, aktyorun dostu olmur, o əlbəttə işdən çıxmalıdır. Amma o rejissor ki, işləyə bilər, onu uzaqlaşdırmırlar. Oralarda rejissora çox böyük inam var. Teatr aləmində həşərat kifayət qədərdir və bu həşəratların da qarşısını almaq üçün lazımi, ağıllı rejissor lazımdır. Axı teatr bir adamın teatrı deyil. Hazırda Azərbaycan teatrı xeyli tamaşaçı kütləsini itirmə mövqeyindədir. Gərək işi elə quraq ki, indiki aktyorları sevən tamaşaçılar tərbiyə olunsun. Bunun üçün də gərək üç cavanın yanında bir nəfər qoca əkinçi olsun ki, ona hansı torpaqda nə əkə biləcəyini məsləhət görsün.
- Əsaslı təmirdən sonra Akademik Milli Dram Teatrına getmisinizmi? Hazırlanan tamaşaları necə dəyərləndirirsiniz?
- Getmişəm və bir tamaşasından başqa, yeni qoyulan bütün tamaşalara baxmışam. Yeganə Gənc Tamaşaçılar Teatrının aktyoru Nicat Kazımovun qoyduğu, sonuncu dəfə nümayiş etdirilən “Kabus” tamaşasına baxmamışam. Tamaşaların heç biri barədə bir kəlmə də söz söyləyə bilmərəm. Cavanlıqda tənqid etdiyim tamaşalar çox olub. Cənnət Səlimovanın Rus Dram Teatrında hazırladığı “Məzəli əhvalat” tamaşasını, bir də “Şeyx Sənan”ı kəskin tənqid etmişəm. Tofiq Kazımovun Dram Teatrında hazırladığı “Övlad” və “Pəri Cadu”nu tənqid eləmişəm.
- Son göstərilən tamaşalara çox yaxşı olduqları üçün münasibət bildirmirsiniz, yoxsa o qədər aşağı səviyyədədirlər ki, bir söz tapa bilmirsiniz?
- Bu sözləri mənim boynuma qoymayın, mən indi nə kimisə bəyənirəm, nə də bəyənmirəm. Hazırda bu məsələdə neytral mövqedəyəm. Hörmətli prezidentimizə, mədəniyyət və turizm nazirimizə inanıram və əminəm ki, onlar teatrların inkişafına nail olacaqlar. Əgər pessimist, qəribə, xoşagəlməyən sözlər desəm, olmaz. Rejissorların hər birinin axtarışını alqışlayıram, amma bir il, ya iki il... Tamaşaların hamısına baxıram və yazıram. Məsələn, “İslahatın ikinci ili” adlı bir məqaləm çıxacaq, amma zamanı var. Bəlkə doğrudan da yarım ildən sonra elə gözəl dönüşlər olacaq ki, indi fikirləşdiyim pisliklərdən özümə eyib gələcək.
- Ömrünün 61 ilini bu teatrda qoyan Ağakişi Kazımov bir ildir o ocaqdan ayrı düşüb. Akademik Milli Dram Teatrı üçün darıxmırsınız?
- Qızım, darıxmırsan nədir, ürəyim partlayır. Bu yay müddətində Almaniyaya getmişdim. Həkim mənə dedi ki, “sənə nə olub, özünü psixoterapevtə göstər, tir-tir titrəyirsən”. Dedim ki, “şoka düşmüşəm, çünki sevimli teatrımdan ayrılmışam, şok içindəyəm”. Dedi “get, ayrı teatrda işlə”, dedim “yox, axı 52-ci ildən mən gözümü açıb bu teatrda işləmişəm”. Stressdə olduğum üçün müalicə alıram və gün ərzində səkkiz dərman içirəm. Özü də hiss edirəm ki, məndə güc var. Bu saat beş əsər hazırlamışam, adlarını çəkməyəcəyəm. Bu əsərlər arasında korrupsiyaya, narkomaniyaya qarşı, əyləndirmək və güldürmək, eləcə də düşündürmək məqsədli əsərlər var. Bizim tamaşaçılar tamaşaya gələndə qulaq asmaq üçün gəlmirlər, baxmaq üçün gəlirlər. Kino bunları korlayıb. Teatrın direktoru mənə “Vaqif” əsərini göndərmişdi, dedi, buna bir az əl gəzdirmək lazımdır. Mən Vaqif müəllimə zəng vurub dedim ki, bunu bir az qısaltmaq lazımdır, dedi, qətiyyən olmaz. Dedim, biz Şekspiri də qısaldırıq, dedi “lap yuxarıya qədər çıxmağa hazıram, amma atamın bir vergülünü dəyişə bilməzsiniz”. Mən də əsəri qaytardım. Hərçənd ki, Vaqif müəllim özünə “Vaqif”ə qayıtmaq istəyimizi açıqladım və etiraz etmədi. İndi də direktoruma deyir ki, ümumiyyətlə mənimlə danışmayıb. Yalvarmıram, sözümü rejissurada demişəm və yenə də demək qüdrətinə malikəm. 61 ildir bu işdə olan birinin fikrimi bilmək istəsəniz, deyim ki, teatrın yeniləşməsi, cavanlaşması, yeni ifadə vasitələrinin axtarılması mütləq lazımdır. Məsələn, “Mosfilm”də cavanlara kino tapşıranda onların yanına Gerasimov kimi təcrübəli rejissoru məsləhətçi kimi qoyurdular. versin. Hər şey bir tərəfə, pul batar axı.
- Gəlin razılaşaq ki, Azərbaycan teatr və kino sahəsində gənclərə qarşı yaşlı nəsil tərəfindən bir qısqanclıq var və bunu hiss etməmək mümkünsüzdür. Bəlkə bu səbəbdən qeyd etdiyiniz variantdan istifadə etmək istəmirlər?
- Yox Vallah, özüm də cavan olmuşam, Ədil İskəndərovun gənclərə necə böyük qayğı göstərdiyini görmüşəm. Gənc Tamaşaçılar Teatrında işləyəndə Cənnət Səlimovanı ora beş-altı dəfə tamaşaya çağırmışıq. O günü deyirəm “Cənnət, mən də gəlim bir-iki tamaşa verim”, deyir “məndə yeddi rejissor var, yer var?”. Bax bu da var və adamı yandırır. Bəs mənim vaxtımda sənin özünü elə beş dəfə çağırmışdım ki, ay Cənnət... Gənc Tamaşaçılar Teatrının baş rejissoru olduğum 20 il ərzində kimlər istəyirdi gəlib orada tamaşa qoyurdu, çünki mən onlardan qorxmurdum. Bilirdim ki, nə qədər gəlib tamaşa qoysalar da, gəlib mənim səviyyəmə çatmayacaq.
- Belə çıxır ki, Cənnət Səlimova Sizi qısqanır?
- Cənnət Səlimovanı mən öz çiynimdə dördüncü kursdan beşinci kursa keçirmişəm. Hələ tələbə ikən o, rəqs qurmalı idi və gəldi ki, “Ağakişi, mən rəqs qurmalıyam rəqsim boş qalıb”. Dedim “dəli olmusan, sən Telli, mən Vəli, bu saat onu qururuq”. Qurduq, oynadıq, indiyə qədər o institutda müəllimlər o nömrəni xatırlayır. İndi də biz onunla bir kafedrada işləyirik, mehribanıq, amma görürəm ki, Cənnətdə qısqanclıq var. O sözdən sonra yalvarsa da, ora getmərəm. Almaniyada “Ölülər”i alman dilində qoymaq fikrim var idi, amma Almaniya teatrında əsər mövzusuna görə qəbul olunmadı, teatr rəhbəri bildirdi ki, ölkə tamaşaçılarının Qafqazın ən öndə gedən ölkəsi olan Azərbaycanın bu cür tanınmasını istəmir. Sonra mən də fikrimdən vaz keçdim. Bildirdilər ki, başqa bir komediya əsəri gətir və qoy. Almaniya teatrında “Arşın mal alan”, “İkinci səs”i hazırladım və çox böyük səs-küylə qarşılandı. Azərbaycandan həm ilk, həm də tək Avropaya çıxan rejissor mənəm. Bunu özüm bacarmadım, oğlum bacardı. Oğlum Almaniyada bir dəfə gedib “Arşın mal alan”a baxıb, görüb ki, tamamilə səhv qoyulub, musiqini qarışdırıblar. Gedib rejissorun yanına ki, “niyə axı Üzeyir bəyin dünyaya səs salan əsərini bu günə qoymusunuz”. Onlar da bildiriblər ki, Azərbaycandan rejissor tanımırlar və beləcə məni çağırdılar. Getdim “Arşın mal alan”ı hazırladım və hamı çox bəyəndi. Sovet dövründə mən Aşqabadda da tamaşa qoymuşam.
- Belə deyilir ki, Siz Akademik Milli Dram Teatrında işləyən dövrlərdə aktyorların bir qismi Sizinlə yaxşı davranmayıb...
- O həmişə elə olmalıdır. Ədil İskəndərov kimi bir adamı tulladılar bayıra. Əgər aktyorlar hamısı bir rejissordan çox razıdırsa, bu, dəhşətdir. Çünki rolu tamaşaçıların marağını nəzərə alaraq bölürsən. Amma aktyor var ki, özünü dahi sayır və olur sənin düşmənin. Əlbəttə ki, mənimlə dalaşan da olub, kabinetimi dağıdan da olub, Avropadan məni tənqid edənlər də olub. Amma mən onların hamısını uşaq sayıram. Həmişə deyirəm ki, aktyorlar uşaqdır və onların şıltaqlığına çox fikir vermək lazım deyil. Birinci ordan başladı ki, rəhmətlik Əli İsmayılov məni çağırıb dedi ki, burada 10 nəfərə yaxın aktyor var, onları çağır yanına və de ki, onlardan aktyor olmaz. Mən də çağırdım bunları dedim ki, “əzizlərim, sizin hərənizin 25-27 yaşı var, sizdən yaxşı aktyor olmayacaq, gedin özünüzə sənət tapın”. Onlar hamısı mənim ən birinci qanımı içən oldular. İndinin özündə də onların heç biri üzə çıxıb Həsən Turabov olmadı, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, heç Məleykə Əsədova da olmadı. İndi elə oturub orada eşələnirlər, başqa işləri-gücləri yoxdur.
- Heç olubmu ki, rol bölgüsü zamanı öz şəxsi ambisiyanızı əsas götürmüsünüz?
- Qətiyyən, o mənim ən müqəddəs yerimdir. Əgər mən rolu bölürəmsə və bu rol məhz bu aktyor üçündürsə, o qanlı düşmənim olsa da, o rolu ona verəcəyəm. Bunu mən Ədil İskəndərovdan öyrənmişəm. Bir rol ki həmin aktyorundur və həmin rolu o aktyora verməyən rejissor, rejissor deyil.
- Maqbet Bünyatovla İsrafil İsrafilov arasında müqayisə aparanda hansının direktor vəzifəsini icra etməsi Sizi daha çox qane edir?
- İsrafil İsrafilovu 77-ci ildən tanıyıram. Onun bütün fəaliyyətini izləyirəm. Özünə də, elmi dərəcəsinə də, vəzifəsinə də çox böyük hörmətim var. Maqbetin mənə heç bir pisliyi olmayıb, bircə o teatra direktor gələn kimi məni işdən çıxarmasından başqa. Məni, bir də Azərpaşa Nemətovu işdən çıxartdı və bu hadisənin üstündən bir ay keçəndən sonra nazirlikdən bizi çağırıb işə bərpa etdilər, Maqbetə də töhmət verdilər. Buna görə Maqbetdən inciyə bilmərəm, çünki o, işgüzar adamdır. Hər ikisinə böyük hörmətim var. Maqbet çox sadə, səmimi idi, bəziləri onun bu səmimiyyətindən sui-istifadə etdilər. İsrafil müəllim çox ciddidir və onun arxasınca ciddi ittihamlar səsləndirirlər. İndi nə etmək olar? Gözləməliyik, səbir etməliyik. 1992-ci ildən, 20 ilə yaxındır gözləyirik, yenə də gözləməliyik. Mənim 120-yə yaxın tamaşam var, ancaq onlardan 10-u seçirəm, qalanları xalturadır. İşləmişəm, amma iş o iş deyil. Həmin o 10 tamaşanın hər biri tarixdir.
- Akademik Milli Dram Teatrına müqavilə sistemi ilə işə dəvət etsələr, razılaşacaqsınız?
- Həsrətlə gözləyirəm. Amma onların dediyini yox, mənim dediyimi hazırlamaq şərti ilə razılaşaram. Hansı tamaşanı hazırlamaqla bağlı isə açıqlama verə bilmərəm, çünki o dəqiqə ideyamı çırpışdıracaqlar...
DOSTLARINLA PAYLAŞ: