5 dəqiqəlik film ssenariləri müsabiqəsinin müddəti uzadıldı
06 Avqust 2010 Cümə 10:40
Dünən keçirilməli olan 5 dəqiqəlik film ssenariləri müsabiqəsi sentyabrın 5-dək təxirə salınıb.
“Ritm Production” kino şirkətinin elan etdiyi "5 dəqiqəlik film ssenariləri" müsabiqəsinin müddəti bir ay uzadılıb. Şirkətin direktoru Xaqani Həşimovun ANS PRESS-ə verdiyi məlumata görə, müsabiqə “Ritm Production” kino şirkətinin fəaliyyətinin 5 illiyi münasibətilə bu ilin iyun ayında tələbə və gənclər arasında elan olunub. Şərtlərə əsasən, ssenarilər 5 iyul 2010-cu il tarixinədək qəbul olunurdu və qaliblər 5 avqustda elan olunmalı idi.

X.Həşimov müsabiqəyə təqdim olunan ssenarilərin sayının yetərli qədər olmadığını bildirib: "Bəlkə də isti yay ayları olduğundan gənclər aktivlik göstərmirlər. Cəmi 14 ssenari təqdim olunub. Bunların içərisindən 5 yaxşı ssenari seçmək çətinlik yaradır. Ona görə də, komissiya ssenari qəbulunun vaxtını 5 sentyabra qədər uzatmaq qərarına gəlib."

Kino şirkətinin rəhbəri müsabiqənin keçirilməsində məqsədin istedadlı gənclərə imkanlar vermək, onlara çəkiliş meydançasında , studiyalarda işləmək şəraiti yaratmaq olduğunu deyir: "Kinomuzun sürətli inkişafı üçün yeni nəsillər yetişməlidir. Bununçün də istər dövlət, istərsə də özəl kino şirkətləri, eyni zamanda yaradıcı və texniki peşəkarlar hər zaman gənc nəslə dəstək olmalıdırlar."

Qeyd edək ki, müsabiqədə seçilən ən yaxşı 5 ssenari “Ritm Production” kino şirkətinin daxili imkanları hesabına ekranlaşdırılacaq. Qalib ssenarinin müəllifi rejissordursa, filmi də özü çəkəcək. Çəkilmiş filmlər Azərbaycan təqdimatından sonra dünya kino festivallarına çıxarılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar