Səssizliyin Dilində
Lalə Gül
10 Aprel 2012 Çərşənbə Axşamı 00:18
Bugün qonaq olacıq duyğuların səsinə
Ürəyinlə dilinin bağlarını qopar,gəl.
Bir qucaq sükut gətir qızılgül əvəzinə.
Dilini evdə unut, bugün görüşə lal gəl.
 
Unudaq bildiyimiz bütün sevgi sözlərin.
Biraz da əllərinin istisini danışdır.
Hərdən alnın tərləsin, hərdən də ovucların.
Hərdən özünü unut, hisslərini qarışdır..
 
Susaq..susaq.. susduqca biz susayaq sevgiyə.
Ərisin ağzımızda,dilimizi  itirək.
Gah dalğalar,ağaclar,quşlar gəlsin köməyə.
Gah gəlib keçənlərin səsindən borc götürək.
 
Kipriklər qələm olsun, baxışlar da mürəkkəb.
Məktub yaz gözlərimə..nə söz olsun, nə cümlə.
Biraz ətrin danışsın, biraz isti nəfəsin.
Biraz ruhun danışsın, biraz ruhumu dinlə.
 
Xəyallar, düşüncələr nələr söyləyir,nələr.
Axı niyə yorurdun bu vaxtacan dilini?
Sevirəm demə,sevgi azad olmağı sevər.
Bir dilə sığdırmağa nə gərək var sevgini?
 
Bax.. musiqi çalınır küləklərin səsində.
Saçların saçlarımı rəqsə dəvət eləsin.
Gəl biraz da danışaq səssizliyin səsində.
Qoy biraz da səssizlik SƏNİ SEVİRƏM DESİN...
 
Lalə GÜL