Başına Dönüm
Lalə Gül
20 May 2011 Cümə 01:29
Yalan ətrafında fırlanır düzlər
 
Hamı bir birinin başına dönür
                
Başı olanlardan çevrilən üzlər

Başı olmayanın başına dönür.

Dönür, özlərinə dönük çıxanlar.

Dönür, dönüklərin başına dönür.

Başına daş düşsə döndürənlərin.

Dönənlər onların daşına dönür.

Kiminin dönəndə yanır işığı.

Kiminin işığı döngədə sönür.

Yerdən yüksələnlər əyilib qat –qat

Yerə girənlərin başına dönür.

Axı kim dönmür ki, bu zəmanədə

Əyri əyridən, düz düzündən dönür.

Özgənin əlində işi keçənlər

Özgədən inciyib özündən dönür.

Köksüz adamların kəsilmir kökü.

Kökündən dönənlər köksüzə dönür.

Hamı üçə qaçır, beşə fırlanır.

Təklənib tək onda öksüzə dönür.

Nə vaxtdan başlayır dönüş tarixi

Bəlkə də dönənlər qədimdən dönüb.

Hər şeyin başına fırlanan insan

Ya rəbbim, bəlkə də ilk səndən dönüb.

Ey adəm övladı, axtarma düzlük.

Başın sağa – sola boşuna dönür.

Çox da bel bağlama yer kürəsinə.

O özü günəşin başına dönür.
 
Lalə GÜL