Lalə GÜL - Ölüm
Lalə Gül
25 Fevral 2012 Şənbə 01:11
Salam, ölüm, xoş gəlmisən.
Hara deyirsənsə keçək.
Yaman uzaq yol gəlmisən.
Otur biraz yeyək – içək.

Otur dərdləşək hər kimsən.
Qardaşsan, bacısan, nəsən?
Dərd deyirəm, ağlayırsan.
Özün ki ən böyük dərdsən.

Soruşursan hər ağrımı.
Hər ağrımı sənə verdim.
Mənə təsəlli verməyə,
Məndən can almağa gəldin.

Əlin əsir, dilin çaşır.
Sən özün də yorulmusan.
Bu qapıya gələnədək
Neçə - neçə can almısan.

Daşdan deyilmiş ürəyin.
Nəfəsin də gəlir, gedir....
Bir yol var ki, sənə gəlir.
Bir yol var ki səndən gedir.

Sən də danış o yollarda.
Kimlər sənə yoldaş olub?
Soruşdunmu özlərindən
Ata olub, ana olub,
                          bacı olub, qardaş olub?

Üstün başın qandır elə
Hansı sənin öz qanındır?
Nə bilirsən öldürdüyün
Bəlkə elə öz atandır,öz anandır?

Bəlkə də heç kimin yoxdur.
Bəlkə bir yetim oğlansan.
Hər kim olursan ol, sənin
Bir adın var, can alansan.

Gözlərini dikmə yerə.
Sən başını düz tut gülüm.
Hər ömrün ki bir sonu var.
Hər ömrün ki sonu ölüm.
Hər sonun başlanğıcı var
Ölüm.. ölüm..
                 ölüm.. ölüm...
 
Lalə GÜL