Küçələrin Uşağı
Lalə Gül
13 Fevral 2012 Bazar Ertəsi 14:31
İlk sən yoruldun məndən.
Ilk bezən də sən oldun.
Dözə bilmədin mənə.
Ilk səndən qovuldum mən.
Sənin bətnindən düşdüm
Insanların bətninə.
Binaların, evlərin, küçələrin  
                                   bətninə..

Bətinlər boğur məni.
Sığmaq olmur bətinlərə, ay ana. 
Bətinlər sıxır məni.
Sığmaq olmur özün boyda dərd ilə. 
                 yaman dardı bətinlər.
Dərdlərim sıxır məni.
Sıxılmırsan sən, ana.
Gəlmədimi ağlına?
Gəlmədimi bu günlər?
 
Doğur məni insanlar
Bətnindən qovur məni.
Doğur evlər, küçələr.
Yorulan doğur məni.
Doğuluram təp təzə, 
               doğuluram körpəcə.
Ağlayıram,
Doğanlar almaq bilmir qoynuna
Üşüyürəm, qovanlar bələmir məni, ana.
 
Mən bir yazıq körpəyəm.
Qoymadılar böyüyəm.
Qoymadılar kirlənim.
Kirlənib təmizlənim.
Hər səhfimdə doğdular.
Hər səhfimdə qovdular.

Yoxmu məni ömründə 
Ömürlük gəzdirən şəxs?
Yoxmu məndən bezməyən?
Yorulmayan, doymayan?
Oyan, anacan, oyan
Nə olsun sən qovmusan
Məni hamıdan əvvəl.
Sənə gəlmişəm sənə
Günahlarla bərabər...
Yığılacam bətninə.
 
Lalə GÜL