Mənim Yaşım Yoxdur
Lalə Gül
21 May 2011 Şənbə 13:38
Vaxt olub böyümək vaxtı yetişib.
 
Onda mən vaxtıma yetişməmişəm.
 
Böyük - böyük işlər izinə düşüb
 
Vaxt olub vaxtından tez böyümüşəm
 
Zaman arxasına bağlayıb məni.
 
Sürüyübdü ayda, sürübdü ildə.
 
Bəzən kiçilmişəm kiçik əməllə.
 
Bəzən böyümüşəm sözdə, cümlədə.
 
Mənim yaşım yoxdur, sual yiyəsi.
 
Yaşımın önünə keçmişəm hərdən.
 
Bəzən də önümə qatmışam onu
 
Gah dünəndə qoyub, gah bugünümdə
 
Gah da sabahıma satmışam onu.
 
Yaşdan qorxmamışam, yaş məndən qorxub.
 
Qorxub cilddən cildə düşən üzümdən.
 
Ya körpə olmuşam, ya da ağbirçək.
 
Yaşım məndən bezib, mən də özümdən.
 
Mənim yaşım yoxdur, sual yiyəsi.
 
Səksənə, doxsana bağladım ümid.
 
Bəzən əlli yaşa dedim bəsimdi.
 
Yaşımı soruşub, cavab gözləmə.
 
Bəlkə öz yaşımda deyiləm indi?
 
Lalə GÜL