Göy Üzü Saxlayır Daşımı Hələ
Lalə Gül
22 Oktyabr 2011 Şənbə 20:34

GÖY ÜZÜ SAXLAYIR DAŞIMI HƏLƏ
                ( Ramiz Rövşənin “ göy üzü daş saxlamaz,
                              atam balası” şeirinə kiçik bir cavab)

Göy üzünə balaca bir daş atdım.
O daş bir də qayıtmadı özümə.
Qıydım gözlərimi, başımı tutdum.
Ha gözlədim, dəymədi üz gözümə.
Saxladı daşımı göy üzü, atam.

Əzizlədi, öpdü, basdı bağrına.
Atmadı daşımı başıma mənim.
Mən onu yiyəsiz görüb atmışdım.
Göylər yiyə durdu daşıma mənim.
Atmadı daşımı göy üzü, atam.

Gözləmə, göy üzü dur yığış deyir.
Daşları toplamaq işimdi mənim.
Bəlkə göydən yağan heç yağış deyil.
Bəlkə də ağlayan daşımdı mənim
Qaytarmır daşımı göy üzü, atam.

Deyirsən göy üzü saxlamaz daşı.
Düşəcəkdir bir gün sən ölsən belə.
Ölsəm olacaqsa mənə baş daşı.
Göy üzü daşımı saxlasın hələ.
Saxlayır daşımı göy üzü, atam.

Çox şey atılacaq göyün üzünə.
Hələ göy üzündən çox şey yağacaq.
Özünə baş daşı eləmək üçün
Bir mənim daşımı qaytarmayacaq.
Qaytarmaz daşımı göy üzü, atam.
 
Lalə GÜL