Yoldaşını Sevməyəndə
Lalə Gül
22 Oktyabr 2011 Şənbə 20:39

Hər gün..hər gün sən açırsan səhəri.
Özgələşmiş bir doğmanın üzünə.
Yatağında ən yaxınında olan
Ürəyində ən uzağın üzünə.

Soyudarsan öz səsinlə səsin də.
Üşüyərsən buz bağlayan səsiylə.
Aranızda yırtıq, sökük yerləri
Yamayarsan bir körpə nəfəsiylə.

O yatanda tək qalarsan özünlə.
Nə düşünsən ondan keçər, gülərsən.
Gözümdə yox könlümdə yox, İlahi
Bəs ağlıma hardan girir deyərsən?

Bir ömürdə yol yoldaşı olarsız.
Yoldaşlıqdan xəbər verməz addımlar.
Ikiniz də bir yol üstə durarsız.
Sən aşağı, o yuxarı addımlar.

Addım addım uzaq düşər könüllər.
Körpəniz də qaçar vəzifəsindən.
Gözləriniz səssiz – səssiz danışar.
Ayrılıq tökülər hər cümləsindən.

Bir gün əllərindən tutar ayrılıq.
Çıxarar üzüyü, qaçırar səni.
Olmaz xatirəsi heç bir əşyanın.
Ayrılıq əli boş aparar səni.

Yenə də rahatlıq tapmaz ürəyin
Şəklini əlivə alıb baxarsan
Hər cizgisi bir şey salar yadına
Üzüyünü barmağına taxarsan

Saçlarını öpərsən,oxşayarsan
Gözlərinlə gözlərində gəzərsən
Anlayarsan bu gülməli gərçəyi
Ayrıldığın gündən onu sevirsən.
 
Lalə GÜL