İysi Gəlir
Lalə Gül
22 Oktyabr 2011 Şənbə 20:36

 

Adam badam iysi gəlir

 

Yağlı adam iysi gəlir.

 

Cırtdanların ağzından div

 

Divdən cırtdan iysi gəlir.

 

Yağ çörəkdən minnət iysi

 

Minnətdən qan iysi gəlir.

 

 

 

Iylənir ürəkdə sözlər

 

Deyilmir

 

Qalır iylənir

 

Vaxtsız deyilən sözə də

 

Vaxtdan dayan iysi gəlir

 

 

Sarımsağı qınayırlar

 

Onnan ki öz iysi gəlir

 

Bu ölkənin insanından

 

Özgələrin iysi gəlir

 

 

Anaların sinəsindən

 

Çəkilibdir ana südü

 

Indi hər köçən gəlindən

 

Sabahın dul iysi gəlir.

 

Iy özü tutub burnunu

 

Kişidən

 

Qadın qoxusu

 

Uşaqdan

 

Pul iysi gəlir

 

 

Yaxınlar uzaqda durur

 

Yaxınların yox qoxusu

 

Uzaqlar qılığa girir

 

Uzaqların iysi gəlir.

 

 

Ətir dəymədi cismimə

 

Ətirlər şüşə məhbusu

 

Istəmərəm bir də olsun

 

Mənim zövqümün məhbusu

 

Çox da ki o məhbuslardan

 

Ətirli gül iysi gəlir

 

Mən tər qoxusun sevirəm

 

Tərim azad – azad axır

 

Tərimdən hürr iysi gəlir
 
Lalə GÜL