Hesab
Lalə Gül
20 Avqust 2011 Şənbə 01:18
Nələr hesablanmır, nələr.
Bu dünya hesab içində.
Allaha gedən zikrlər
Allahsız hesab içində.
Niyyətlər yiyəsiz torpaq.
Əməllər əllərdə bayraq.
Çölə hesablanan əxlaq
Çöldəki hesab içində.
Saya – saya bitirmirik.
Heç saymağı da bilmirik.
Vicdana sual vermirik.
Qoymuruq hesab içində.
Kök altılar basdı bizi.
Kəsr xətti kəsdi bizi.
Biz dəyişdik cəmimizi.
Toplanan hesab içində.
Ağıl saydı, yorulmadı.
Ömür hesabsız qalmadı.
Bir ölüm hesablanmadı.
Bu qədər hesab içində
Əcəl də hesablar səni.
Bir əl bağlar gözlərini.
Qurd - quş yeyər bədənini.
Ruhunsa hesab içində.
 
Lalə GÜL