Sevmək
Lalə Gül
10 Aprel 2012 Çərşənbə Axşamı 00:00
Sevmək...bir bətində yaranmaqdır..
Bir bətində dəyişməkdir... böyüməkdir...
O bətindən doğulmaqdır.
Bir qucağa sığınmaq...bir ürəyə yığılmaq..
Sevmək..biraz iməkləməkdir, biraz sürünməkdir
Biraz da yıxılmaq...
Sevmək..ayağınla gəzərkən ürəyinlə uçmaqdır..
Biraz mələyə dönmək, biraz şeytana uymaq,
Hisslərinə bürünüb ağlını soyunmaqdır..
Ağılsız üşüməkdir, hisslərinlə yanmaqdır.
 
Sevmək..ağlamaqdır...
                  biraz səssiz,biraz möhkəm ağlamaq.
Göz yaşınla islada bilməkdir buludları.
Və boşalmaqdır
Sevgiyə susayan küçələrin, insanların üstünə.
Içirdib  doyurmaqdır insanları sevgiyə.
Və niyə ?
Niyə deyə soruşmamaqdır ayrılarkən..
Biraz da ayrıla bilməkdir sevmək.
Biraz borc götürüb səbrin əlindən
Həsrətin borcunu ödəyə bilmək..
Biraz həsrət çəkə bilməkdir sevmək.
 
Bir xəyalın dizlərinə baş qoymaq,
Yuxuların yalanıyla ovunmaq,
Bəzən ağıllanmaq,
Bəzən dəli kimi gülməkdir sevmək.
Sevmək..sürgün olmaq kiminsə gözlərində
Edam olmaq..kipriklərdən asılmaq...
Biraz susmaq..biraz susmaq...
Və bağırmaq, və ulamaq..
Itlərin kölgəsində,canavar təkliyində
Və içində gizlətdiyin heyvanın səsində ulamaq...
Sevmək..bilmədən öyrənməkdir həyatın hər üzünə.
Sevginin tərifini öyrənmədən bilməkdir.
Biraz cəsur olmaqdır,biraz da gizlənməkdir.
Sevmək..bilmədiyin üzün güzgüsü olmaq.
Bildiyin yolların özgəsi olmaq.
Biraz ayağından asmaq yolları
Biraz parçalanıb yola dağılmaq.
Sevmək..azad olmaq küləklər kimi.
Biraz da azadlıqda boğulmaq...
Hərdən yorulmaq,hərdən dincəlməkdir.
Sevmək...biraz da ölməkdir.
Gülə- gülə, bilə - bilə ölmək.
Özündə ölüb, başqasında doğulmaq.
Canını ruhuna yükləmək,
Sevdiyinə sürüməkdir....
Ölümə sevə - sevə yürüməkdir..
Bir ürəyə dəfn olunmaq,bir ürəkdə çürüməkdir.
 
Sevmək... biraz doğulmaq... biraz yaşamaq... biraz da ölməkdir...
 
Lalə GÜL