Bugün
Lalə Gül
23 May 2011 Bazar Ertəsi 14:38
Bugün dünənimin sabahı idi.
Bugün sabahıma dünən olacaq.
Dünən bugünümdən bixəbər idim.
Sabahsa bugünüm keçən olacaq.

Dünəni qələmlə tökdüm sözlərə.
Əlimdə bugündən başqa var nəyim
Məni sürüməyin bilinməzlərə.
Sabaha getməyə yoxdur istəyim.
 
Zaman keçmişimi alıb əlimdən.
Gələcəyi bəlkə verəcəyi yox.
İndi necə qopum mən bugünümdən.
Axı onun bir də gələcəyi yox.
 
Dünən dünənə də bugün deyirdim.
Onu da sevirdim bugünkü kimi.
Sabah sabaha da bugün deyəcəm.
Onu da sevəcəm dünənki kimi.
 
Axı mən insanam, axı mən insan.
Axı sevmədiyim bircə ölümdür.
Mənim umacağım var bu zamandan.
Hansı günü sevsəm o bugünümdür.
 
Budur on ikini göstərir saat.
Sabaha gedirəm bugünüm kimi.
Bax elə bu dəqiqə, elə bu saat.
Bugünümü satdım dünənim kimi.
 
Lalə GÜL