Qəlbdən Dəvət
Lalə Gül
25 Aprel 2011 Bazar Ertəsi 03:38
            Bir rəsm sərgisində gəzən məşhur tənqitçilərdən birinin diqqətini bir əsər çəkir. Əsərdə bir qapı və onun açılmasını ümidlə gözləyən bir adam təsvir olunmuşdu. Sadə, ancaq diqqət çəkən və maraqlı tablo idi. O, tablonun sahibinə yaxınlaşdı və əsəri çox bəyəndiyini dedi. Amma şəkildə bir əksiklik olduğunu qeyd etdi. “Qapının cəftəsi yoxdur. O zaman qapı necə açılır?” Əsərin sahibi gülümsəyərək: “Bu qəlbin qapısıdır və yalnız içəridən açılır.” dedi.
            
            Bu yazını çox sevdiyim jurnallardan birində oxumuşdum və elə o an dərk etmişdim qəlb evimin bir qapısı olduğunu. O an dərk etmişdim dilimdə keçirdiyim ayları, illəri.  O an dərk etmişdim qəlb evimi nə qədər az ziyarət etdiyimi. O gün ziyarət etdim qəlb evimi. Işıqlarını yandırdım. Qapısını açdım. Məgər nə qədər insan varmış içəri girməyi gözləyən. Bu yazını qəlb evimdən yazıram. Bütün qəlb evlərinə göndərmək üçün.
            
            Hər kəsin bir qəlb evi var. Kiminin zaman – zaman ziyarət etdiyi, kiminin tamamən unutduğu, kimininsə heç tərk etmədiyi bir qəlb evi. Hər qəlb evinin də bir qapısı. Kimisi bu qapını həmişə bağlı tutar, heç kəsi dəvət etməz içəriyə. Kimisi daim açar, hər kəs girə bilsin deyə.
    
             Dillərlə danışmaq zamanı keçdi. Dillər anlata bilmədi qəlblərin istəyini. Dillər gizlətdi gerçək insan hisslərini. Dilin arxasında gizləndi insanlıq. Dilin arxasında gizləndi qurdlar süfrəsində qurulan, insanlığa yönəlmiş cani planlar. Dilə yükləndik illərcə, əsrlərcə. Neçə - neçə məsuliyyəti yüklədik dilimizə. Dillə sevdik, dillə ağladiq, qonaqları dillə dəvət etdik evimizə. Indi dil deyəni qulaq eşitmək istəmir. Indi dil deyəni gözlər görməyə tələsmir.
 
            Axtarışdadır insan oğlu. Son zamanlar təbəssümünü itirmiş üzlərin, artan sıxıntıların, dəyişmiş simaların səbəbini axtarır. Xoşbəxtliyi, səadəti axtarır. Uzaqlarda axtarır. Dillərdə axtarır. Bəzənmiş təsəllilərdə axtarır. Halbuki ən yaxınındadır. Köksündədir axtardığı. Hər otağında üstünü toz basmış xoşbəxtlik yatan Qəlb evi.
             
              Susaq, dildə danışmayaq ! Qəlb evinə getsin hamı. Məni ordakılar eşidər ancaq.
            
              Ey qəlb evinin var olduğunun fərqinə varmış insanlar. Sizi dilimlə deyil, qəlbimlə vətənimə dəvət edirəm. Illərlə səsləndiyimiz kimi deyil, tam fərqli səslənirəm.
 
               Xoşbəxtlik, səadət istəyənlər, qəlb evinə getməyin yolunu bilməyənlər AZƏRBAYCANA gəlin!
 
               Dilində deyil, qəlbində yaşayan, evinin qapısını deyil, qəlbinin qapısını açan insanları axtaranlar, AZƏRBAYCANA gəlin!
 
                Hər dindən, hər dildən insanın dost, qardaş yaşadığı, bir diyar axtaranlar,  AZƏRBAYCANA gəlin!
 
                Torpağı hər neməti yetirən, insanı paylaşmağı bilən, kiçiyi böyüyünə hörmət edən bir ölkə axtaranlar,  AZƏRBAYCANA gəlin!
 
                Qəlb evinizin qapısı döyülür, açın, bu mənəm, qəlbdən dəvət göndərmişəm.
                Lalə GÜL