Məndən Qoru
Lalə Gül
21 İyun 2011 Çərşənbə Axşamı 02:00
Mənə demə ki, darıxma
Darıxanda yanımda ol.
Mənə demə ki, ağlama.
Ağlayanda gözümü sil.
Dərdlənəndə dərd soruşma.
Soruşmadan dərdimi bil.
Mən gedərəm, getmə demə.
Yolum ol ki, düzə gedim.
Mən itərəm, itmə demə.
Axtar məni el – el, ev – ev.
Axtar məni otaq – otaq.
İldə, ayda, gündə axtar.
Lap saatda axtar məni.
Ömrün vəfa eləməsə,
Torpaq altda axtar məni.
Axtar məni yoğurmaqçün
Əzəl başdan yapmaq üçün.
Gündə yüz yol itir məni.
Gündə yüz yol tapmaq üçün.
Bərkdən gülmə demə mənə.
Özün məndən də bərkdən gül.
Qısqanırsansa özgəyə
Gur səsimi, nəfəsimi
Elə bərkdən gülginən ki
Öz səsinlə ört səsimi.
“üzümə bax” deyib durma
Gözümə sevdir özünü.
Mənə eşq ilə yan demə.
Yandırmaqçün ürəyimi,
Eşq ilə yandır özünü.
Yanımda gəlmə hər yerə.
Ürəyimdə, canımda gəl.
Yoxumda ol, varımda ol.
Gözün gözümdə olmasın.
Namusumda, arımda ol.
Gör nə qədər hisslərimə
Sərhəd çəkib, sədd tikmişəm.
Ya dünyaya tez gəlmişəm.
Ya getməyə gecikmişəm.
Gecikdikcə öyrənirəm.
Yana – yana yandırmağı.
Öyrənirəm gecikdikcə
Bir ürəyi təmir edib
Bir ürəyi sındırmağı.
Mən sənin də ürəyini
Parçalara ayırmışam.
Mənlə mən ol deyə – deyə
Səni səndən qoparmışam.
Bilirəm ki, çox qorxursan
Həm dilimdən, həm qəlbimdən
Bilirəm ki, çox qorxursan
Həm özündən, həm də məndən.
Tanımaqçün məni yaxşi
Səndən çıxıb mən olursan.
Qorumaqçün məni yaxşı
Dönüb məndə sən olursan.
Qoru – qoru, məni qoru.
Ancaq ondan – bundan deyil
Məni elə məndən qoru.
Lalə GÜL