Xəzərin yeni “Çırağ”ı ...
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi çərçivəsində inşa edilən “Qərbi Çıraq” platforması dənizdə quraşdırılmaq üçün 2013-cü ilin əvvəllərində yola salınacaq. Yataqların operatoru “BP” bu yaxınlarda platformanın dayaq blokunun tikintisi başa çatdırıb. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, yeni platformanın dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur. Həm də, platforma dəyəri 6 milyard dollar olan Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsidir.
O, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsinin yanalma limanında STB-1 daşıma barjasına yüklənib. Dayaq bloku ilin sonunadək barjanın üzərində qalacaq ki, “Dədə Qorqud” qazma qurğusuna 2010-cu ildən başladığı öncə qazma işlərini başa çatdırmağa imkan versin.
Şirkət təmsiçiləri belə iri və əsas bir işin başa çatdırılmasından qürur duyduqlarını vurğulayırlar. “BP Azərbaycan”ın iri layihələr üzrə menerceri İlqar Məmmədov deyir: “Bununla biz ÇNL-dən gələn ilin 4-cü rübünə planlaşdırdığımız ilk neftin əldə olunmasına daha bir addım yaxınlaşmış olduq. Barjaya yüklənmə əməliyyatı çox uğurlu və ən əsası isə tam təhlükəsiz qaydada yerinə yetirilmişdir. Bu məndə əminlik yaradır ki, ÇNL-in 2013-cü ildə bitməsi planlaşdırılan qalan işləri, o cümlədən də “Qərbi Çıraq” platforması bütövlükdə, eyni uğurla başa çatdırılacaq. Mən həmçinin qürur duyuram ki, AÇG-nin işlənməsinin tarixində ilk dəfə olaraq ÇNL yerli ehtiyatlardan mümkün qədər geniş istifadə etməklə bütün quraşdırma işlərini Azərbaycanda aparmışdır. Bu nailiyyətin əldə olunması açıqca göstərir ki, biz Azərbaycanda layihə istehsal xəttini yaradıb saxlamaq öhdəliyimizə sadiqik. İnanırıq ki, ÇNL AÇG tərəfdaşlarının yeni iri bir sərmayəsi kimi bizə “Dərinsulu Günəşli” ilə mövcud “Çıraq” platforması arasındakı sahədən neftverməni maksimuma çatdırmağa imkan verəcək. ÇNL-dən əvvəl biz AÇG-də altı dünya-səviyyəli platforma tikmiş və indiyədək onları Azərbaycan xalqının və bizim tərəfdaşlarımızın mənfəəti üçün təhlükəsiz və səmərəli şəkildə istismar etmişik. Mən bu imkandan istifadə edərək bir daha vurğulamaq istəyirəm ki, biz Xəzərdə dünya səviyyəli bir biznes həyata keçirmək öhdəliyimizə sadiqik.”
Qeyd edək ki, “Qərbi Çıraq” platformasının dayaq blokunun tikintisi 2010-cu ildə başlanıb və qrafikə uyğun olaraq 2012-ci ilin dördüncü rübündə başa çatıb.
“Qərbi Çırağ”ın dayaq blokunun ümumi çəkisi 18 min 200 tondur və 1500 tonluq üzmə pantonları da bura daxildir. Onun hündürlüyü təxminən 185 metrdir və ümumi çəkisi 6700 ton olan 13 payası (12 üstəgəl biri ehtiyat məqsədilə), yeddi dikborusu, səkkiz j-şəkilli borusu və on kessonu var. Dayaq bloku suyun dərinliyi təxminən 170 metr olan yerdə quraşdırılacaq.