Səfər Əbiyev Qətərdə Dağlıq Qarabağdan danışıb
20 Noyabr 2012 Çərşənbə Axşamı 11:58
Müdafiə naziri Səfər Əbiyev Qətərin vəliəhdi və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb.
Qətər dövlətinin Silahlı Qüvvələrinin Baş Qəragah rəisi general Həməd Bin Əli Əl-Atiyyənin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Qətər dövlətinin vəliəhdi Şeyx Tamim Bin Həməd Əl Tani və Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, vəliəhdlə görüş zamanı ölkələrimiz arasında mövcud olan əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın gedişatı və perspektivləri, regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət müzakirə edilib.
Baş Qərargah rəisi ilə görüş zamanı da hərbi sahədə əməkdaşlığın əsas istiqamətləri və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Bundan əlavə, "Yırtıcı Şahin-3" çoxmillətli birgə hərbi təlim proqramı çərçivəsində təşkil olunmuş, Ali Hərbi Rəhbərlərin seminarında iştirak edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev həmin tədbirə qatılan Pakistan İslam Respublikasının müdafiə naziri və Birləşmiş Qərargahlar Komitəsinin sədri, Mərakeşin müdafiə naziri, Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə də görüşlər keçirərək təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıb.
DOSTLARINLA PAYLAŞ: