Saatlı Mərkəzi Rayon Xəstəxanası yenidən qurulub
27 Oktyabr 2012 Şənbə 19:42
Prezident İlham Əliyev əsaslı şəkildə təmir olunmuş Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub.
Bu gün prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Saatlı Mərkəzi Rayon Xəstəxanası ilə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri prezident İlham Əliyevin 2010-cu ildə verdiyi Sərəncamla ayrılmış vəsait hesabına aparılıb. Xəstəxana üç korpusdan ibarətdir. Onlardan biri ikimərtəbəli, ikisi isə üçmərtəbəlidir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulub, istilik, su və kommunikasiya sistemləri müasir tələblər səviyyəsinə çatdırılıb. Binanı daimi elektrik enerjisi ilə təmin etmək üçün xəstəxananın ərazisində 330 kilovoltluq generator qoyulub.
Xəstəxananın həyətində də geniş abadlıq işləri görülüb, 9,3 min kvadratmetr sahəyə asfalt salınıb, 5 min kvadratmetr sahədə yaşıllıq zolaqları yaradılıb. Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, 126 çarpayılıq səhiyyə ocağında 12 min kvadratmetrə yaxın sahədə əsaslı təmir işləri aparılıb. Xəstəxana yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilib. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım şöbələri, laboratoriyalar, uşaq və böyüklər üçün infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində durur.
Bildirilib ki, burada yaradılan şərait nəinki Saatlı sakinləri, eləcə də digər rayonların əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Xəstəxananın bütün şöbələri tibb sahəsində məşhur şirkətlərin istehsalı olan ən son elmi-texniki tərəqqiyə əsaslanan və dünyanın aparıcı ölkələrində istifadə edilən avadanlıqla təchiz olunub. Hər bir şöbənin ayrıca intensiv palatası var. Digər palatalar da yüksək səviyyədə yaradılıb.
Qeyd olunub ki, xəstəxananın poliklinika şöbəsi də müasir tələblər səviyyəsindədir. Burada klinik və bakterioloji laboratoriyalar, dermatoloq, nevropatoloq, elektrokardioqrafiya, ftiziatr, ultrasəslə müayinə, kardioloq, oftalmoloq, stomatoloq, fizioterapiya və digər həkim otaqları var.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra prezident İlham Əliyev burada xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Xəstəxananın həkimi Adelina Ələkbərova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkdirilib.
DOSTLARINLA PAYLAŞ: