Ramil Usubov: 5790 kamera quraşdırılıb
03 Fevral 2013 Bazar 15:12
Azərbaycanda polis əməkdaşlarına planşetlər veriləcək.
“Təhlükəsiz Şəhər” sisteminin fəaliyyətə başladığı 2008-ci ildən bu günədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən paytaxtda 1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə Bakı metropolitenində 73 yerdə 1974 kamera quraşdırılıb. ANS PRESS-in məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında deyib. Onun sözlərinə görə, bu ilin birinci rübündə paytaxtda daha 150 yer üzrə 210 videomüşahidə vasitəsi istismara veriləcək.

Nazir deyib ki, ötən il keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və digər xüsusi vasitələr alınmış, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunub. Birinci Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti avtomobillərində də bort kompyuterlərin quraşdırılması, piyada naryadlar üçün planşet kompyuterlərin, radiostansiyaların və metal axtaran detektorların alınması nəzərdə tutulub.

Nazir qeyd edib ki, Avropa Oyunları zamanı yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi planlaşdırılır: "Digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə mümkün təxribatların qarşısının alınması, həmçinin ölkəyə qanunsuz gələn və yaşayan əcnəbilərin müəyyən edilməsi, paytaxtda yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət olunması istiqamətində tədbirlər də nəzarətdə saxlanılacaq".


DOSTLARINLA PAYLAŞ:

oyunlar