Qeyri-rəsmi statistikaya görə ölkədə 500-ə yaxın səfil həyatı sürənlər var
70 yaşlı ahıl qadın Mariya Puzanova düz 1 aydır ki, Nizami rayonu Qara Qarayev prospekti 85 saylı binanın qarşısındakı günlükdə gecələyir. Kimsəsizdir, yardıma ehtiyacı var. Öyrəndik ki, yaşlı qadın əri tərəfindən tərk edilib. Yeganə qızının qəfil ölümü, üstəlik, ona baxacağını vəd edən Abdulla adlı şəxsin ona məxsus sənədləri, evi öz adına keçirməsi tənha qadını küçələrə salıb. Bazarda zənbil daşımaqla, metal yığıb satmaqla dolanan qadına hələ də yardım edən olmayıb.
Bir neçə gün bundan əvvəl isə aramsız yağışların yağdığı bir vaxtda səhhətində yaranan problemlərdən gileylənən, Balaxanıdakı uçuq-sökük dayanacağı özünə sığınacaq edən ahıl yaşlı Kamil qocaya müvafiq dövlət qurumu tərəfindən yardım ediləcəyi söz verilsə də, əslən Kanada vətəndaşı Allen Hosstini yaşlı adamın acınacaqlı həyatına biganə qalmayıb, onu müvvəqəti sığınacaq, yemək, geyimlə təmin edib. İxtisasca ingilis dili müəllimi olan kanadalı vətəndaş tez-tez qocaya baş çəkir, hətta onu qocalar evinə yerləşdirməyə də çalışır. Uşaqlardan tutmuş ahıl yaşlısınadək ətrafımızda bu cür həyat tərzi sürən insanlar kifayət qədərdir.
Qeyri-hökümət təşkilatlarının apardığı reydlərə əsasən, bu gün ölkədə 500-ə yaxın səfil həyat sürən insan var. Bu insanlara münasibət isə birmənalı deyil, kimiləri üçün onlar lağlağı obyektidir, kimiləri üçün əl tutacaqları insan. Bu tərz həyatın qurbanlarına münasibətdə biganəlik, laqeydliyin olması isə sonda onların ölümü ilə nəticələnir. Halbuki, Ukrayna, Fransa kimi Avropa ölkələrində səfillər, tüfeyli həyat sürənlər üçün sosial sığınacaqlar, gecəqondular, soyuqlar düşdükdə isə yüzlərlə isinmə məntəqələri yaradılır.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Sosial Xidmətin Təşkili Sektorunun müdiri Vüqar Behbudov nazirliyin artıq bu istiqamətdə bir sıra işlərə başladığını bildirdi. Hazırda nazirliyin nəzdində 2 qocalar evinin olduğunu deyən qurum rəsmisi bura övladları tərəfindən küçəyə atılmış ahıl insanların yerləşdirildiyini, onlara tələb olunan diqqət və qayğının göstərildiyni bildirdi.
Qeyd etdi ki, qocalar evində yeni 5 mərtəbəli kompleks tikilir. Bu kompleksdə 170 nəfər ahıl yerləşdiriləcək. 8 reablitasiya mərkəzi və sosial sığınacağın tikilməsi isə nəzərdə tutulub. Bunlardan birinin artıq Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində tikintisinə başlanıb.
Nazirlik rəsmisi onu da bildirdi ki, səfil həyatı yaşayan insanlar müraciət etdikdə və onların kimlikləri tam araşdırıldıqdan sonra sosial sığınacaqlarla təmin olunurlar.