Prezidentdən məmurlara sərt xəbərdarlıq
12 Fevral 2013 Çərşənbə Axşamı 21:23
İlham Əliyev: Məmurlar qudurğanlıq edirlər.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış zamanı məmurlara sərt xəbərdarlıq edib.
Sahibkarlara qarşı təzyiqlərin yolverilməz olduğunu deyən dövlət başçısı məmurlardan daha sadə olmağı tələb edib. Prezident İlham Əliyev bəzi məmurların harınlıq edən övladlarının həbs ediləcəyini, onların atalarının isə işdən qovula biləcəyini deyib.
İcra başçıları və dövlət rəsmiləri qarşısında çıxış edən prezident İlham Əliyev son vaxtlar cəmiyyətdə geniş əks-səda doğuran bir sıra məsələlərə, o cümlədən yerli icra strukturlarının başçıları və məmurlarla vətəndaşlar arasında münasibətlərə geniş yer ayırıb. Prezident xüsusilə rayonlarda icra başçılarının vətəndaşlarla münasibətinə toxunub, icra başçılarının bəzilərinin öz məsuliyyətini dərk etmədiyini bildirib.
O deyib ki, o hər bir icra başçısını təyin edəndə, onu qəbul edəndə deyir ki, onların işi vətəndaşlara xidmət etməkdir. Dövlət başçısı bəzi məmurların vətəndaşları saymadığını, onlara yuxarıdan aşağı baxdığını deməklə bunu yolverilməz adlandırıb: “Bəzən təvazokarlıqdan söhbət gedə bilməz. Məmurlar qudurğanlıq edirlər”.
Dövlət başçısı vəzifəli şəxslərin ailə üzvlərinin öz valideynlərinin mövqeyindən istifadə edərək xoşagəlməz hərəkətlərə yol verdiyini, qanunları pozduğunu da deyib və bu kimi halların qarşısının qətiyyətlə alınmasına, əks təqdirdə cəza tədbirlərinin sərtləşdiriləcəyinə dair son xəbərdarlığını edib: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Onların güvəndiyi şəxsləri mən təyin eləmişəm, mən də çıxararam”.
Prezident İlham Əliyev sahibkarlıq fəaliyyətinə mane olanlara da xəbərdarlıq edib. Dövlət başçısının xüsusi diqqət çəkdiyi məsələlərdən biri də, bəzi icra strukturlarının rəhbərlərinin yerlərdə təmir-tikinti işləri üçün sahibkarlardan vəsait toplaması olub. Belə faktlar barədə məlumatların dərhal ona çatdığını deyən prezident İlham Əliyev icra başçılarına tapşırıq verib.
Prezident İlham Əliyev korrupsiya hallarına qarşı mübarizənin daha da gücləndirilməsinin zəruriliyinə diqqət çəkərək əmin olduğunu bildirib ki, ölkənin gələcək inkişafı bundan sonra da uğurla davam etdiriləcək.
DOSTLARINLA PAYLAŞ: